Məhkəmə qərarları › İş №3(079)-3/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-3/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-3/2024 31.01.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, “X7 Xəstəxanası” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 27/2024 nömrəli məktubu ilə “X7 Xəstəxanası” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair 15 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olan sənədlərdən aydın olur ki, “X7 Xəstəxanası” X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. 15 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan “X7 Xəstəxanası” X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə inzibati xəta haqqında protokol tərtib edildiyi müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsindən məlum olur ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Protokola əlavə edilmiş 15 yanvar 2024-cü il tarixli, 66 nömrəli yanğın-texniki müayinə aktından məlum olur ki, həmin tarixdə “X7 Xəstəxanası” X4 aparılmış müayinə nəticəsində xəstəxanada elektrik lövhəsinin qoyulmadığı, xidməti heyətlə yanğına qarşı aparılan təlimatın və elektrik aparaturasının işində müşahidə edilən nöqsanların qeyd edilməsi üçün jurnalların olmadığı, xəstəxananın elektrik qurğularına xidmət etmək məqsədilə ixtisaslaşdırılmış istismar təşkilatı ilə müqavilə bağlanmadığı, yanğını söndürmək üçün metapompa və stasionar yanğın nasoslarının olmadığı və yanğın xəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 7.3. Hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. - 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. - 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. - 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. - 18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. - 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. - 18.6. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 12 yanvar 2023-cü il tarixli qərarında qeyd olunur ki, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. “Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması” Qaydalarının 1.4-cü bəndinə əsasən klinika, poliklinika, doğum evləri, dispanserlər, xəstəxanalar, körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evləri, əczaxanalar, əczaxana anbarları və səhiyyənin digər müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Göründüyü kimi müvafiq qaydalara görə səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət məhz bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Belə olan halda burada yalnız X6n təşkilati-sərəncamverici funksiyasını yerinə yetirən vəzifəli şəxsinin öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsindən, yəni vəzifəli şəxsin inzibati məsuliyyətindən söhbət gedə bilər. Hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin təqsirli bilindiyi inzibati xəta tərkibini yaradan yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsinin isə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması məqsədini güdməsi ağlabatan deyildir. Sözügedən halda hüquqi şəxsin rəhbəri olan vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı hüquqi şəxsin müvafiq səlahiyyətlərə malik olmayan digər vəzifəli şəxsləri tərəfindən alına bilməzdi və dolayısı ilə belə halda təqsirindən və maraqlarının güdülməsindən asılı olmayaraq hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması ədalətsizliyə gətirib çıxara bilər. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad edilən qərarda qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, “X7 Xəstəxanası” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: “X7 Xəstəxanası” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar