Məhkəmə qərarları › İş №3(079)-31/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-31/2022

20.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-31/2022 20.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, 24 avqust 1988-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, 3 azyaşlı uşaq atası, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 20 avqust 2022-ci il tarixli 6/1846 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilmələrinə dair 20 avqust 2022-ci il tarixli, 010449 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 20 avqust 2022-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs 20 avqust 2022ci il tarixdə Babək rayonunun Nehrəm qəsəbəsində əczaxananın qarşısında saat təxminən 1100 radələrində uca səslə nalayiq ünvansız ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. 20 avqust 2022-ci il tarixli, 0496 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, 24 avqust 1988-ci il təvəllüdlü Babək rayon Nehrəm kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 20 avqust 2022-ci il tarixdə, saat 10:45də inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Şəxs 20 avqust 2022-ci il tarixdə, saat 14:45-də azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayon Nehrəm kəndində yaşadığını, uzun müddətdir işsizlikdən əziyyət çəkdiyini, iş olduğu vaxtlarda fəhlə kimi işlədiyini, ailəsini çətinliklə saxladığını, həmçinin qardaşının sağlamlıq problemləri ilə əlaqədar olaraq 2019-cu ildən borca düşdüyünü, bunlarla əlaqədar olaraq kommunal xərclərini vaxtında ödəyə bilmədiyini və qaz və işığa borcu yarandığını, 20 avqust 2022-ci il tarixdə səhər saatlarında evdə qazın verilməsinin dayandırıldığını gördüyünü, əsəblərinin ehtiyaclar ucbatından yerində olmadığını, kəndin mərkəzinə doğru getmək üçün evdən çıxdığını, Nehrəm qəsəbəsində əczaxananın yaxınlığında ucadan soyüşlər söyərək maddi vəziyyətinə görə gileyləndiyini, bu zaman kənd camaatının səhər-səhər əczaxananın və ət dükanının ətrafında olduğunu, polis əməkdaşlarının ona yaxınlaşaraq ictimai yerdə asayişi pozduğuna görə xəbərdarlıq edərək Babək rayon Polis İdarəsinə dəvət etdiklərini, həmin vaxt heç kimin əmlakına və ya sağlamlığına heç bir ziyan vurmadığını, heç kimə hədə-qorxu gəlmədiyini, xx.xx.2022-ci il tarixdə barəsində tutma tətbiq edilərək protokol tərtib olunduğunu, özünün evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan 3 övladının olduğunu, əlilliyinin olmadığını, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında 20 avqust 2022-ci il yaşadığı Babək rayonu Nehrəm qəsəbəsində yerləşən əczaxanadan dərman almaq üçün saat 1030 radələrində evdən çıxdığını, dərmanları alıb çıxdıqdan sonra həmkəndlisi Şəxs nalayiq ifadələr işlədərək ucadan səs-küy salaraq artıq hərəkətlər etdiyini, ətrafda ondan başqa kənd sakinlərinin və polis əməkdaşlarının olduğunu, polis əməkdaşlarının Adəmə yaxınlaşaraq onu nizam-intizama, daha sonra isə Polis İdarəsinə dəvət etdiklərinin şahidi olduğunu, Şəxs heç kimin sağlamlığına və ya əmlakına ziyan vurduğunu, yaxud hədə-qorxu gəldiyini görmədiyini bildirmişdir. Şahid2 20 avqust 2022-ci il tarixdə yaşadığı Nehrəm qəsəbəsinin mərkəzində yerləşən ət mağazasının yanında olarkən həmkəndlisi kimi tanıdığı Şəxs saat 1100 radələrində əczaxananın yaxınlığında səs-küy saldığını gördüyünü, bu zaman onun nalayiq ifadələr işlətdiyini, lakin onun ağzından hər hansı şəxsin adını eşitmədiyini, onun maddi vəziyyəti ilə əlaqədar olaraq gileyləndiyini və söyüşlər söydüyünün şahidi olduğunu, polis əməkdaşlarının ona yaxınlaşaraq onu uzaqlaşdırdıqlarının şahidi olduğunu, Adəm Musayevin heç kimin sağlamlığına və ya əmlakına ziyan vurduğunu, yaxud hədə-qorxu gəldiyini görmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini-4 azyaşlı uşağının olmasını həmin məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 04 (dörd) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və sözügedən yüngülləşdirici halları nəzərə alan məhkəmə hesab edir ki, ona 5 (beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20 avqust 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün inzibati qaydada tutulmuşdur. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 5 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 20 avqust 2022-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar