Məhkəmə qərarları › İş №3(079)-34/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-34/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-34/2025 02.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 iştirakları ilə, xx.xx.1992-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, 2 (iki) uşaq atası, ali təhsilli, fəhlə işləyən, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 02 aprel 2025-ci il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 02 aprel 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Babək Rayon Məhkəməsinin 2(079)-3/2021 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-3/2021 nömrəli, xx.xx.2021-ci tarixli qətnaməsinə əsasən “02” sentyabr 2021-ci il tarixdən hesablanmaqla, Şəxs hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq, 28 iyul 2014-cü il tarixdə anadan olan X3 və 17 yanvar 2016-cı il tarixdə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqların anası X2 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Babək Rayon Məhkəməsinin 2(079)-3/2021 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədlərinə əsasən yaranmış borcunu ödəməkdən yayındığı müəyyən olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 2009-cu ildə FHN-in göndərişi əsasında Belarusiyanın Minsk şəhərinə hərbi təhsil almaq üçün getdiyini, 2013-cü ildə həmin universiteti bitirdiyini və leytenant rütbəsi aldığını, həmin ildə orada Mariya adlı belarus vətəndaşı ilə ailə həyatı qurduğunu, həmin müddətdə Mariyanın universitet oxuduğunu, bu səbəbdən dəfələrlə Minsk şəhərinə gedib-qayıtdığını, daha sonra 2 övladının anadan olduğunu, 2016-cı ildə hərbidə işlədiyi üçün qarşı tərəfin ailəsi bununla bağlı narazılıq etdiyindən ərizə yazıb işdən çıxdığını, 3 aydan sonra X10 işə girdiyini, bu müddətdə Mariyanın anasının ona zəng edərək xərçəng xəstəsi olduğunu və Mariyanın oraya göndərilməsini tələb etdiyini, özünü də buna razılaşdığını və etibarnamə verərək 2017-ci ildə Mariyanı Minsk şəhərinə uşaqlarla birlikdə yola saldığını, ondan 15 gün sonra Mariyanın onunla əlaqə saxlayaraq bir daha geri qayıtmayacağını bildirdiyini, həmin il Minskə gedib dəfələrlə danışıqlar aparsa da, nəticə vermədiyini, qarşı tərəfin ailəsinin ona hətta orada iş tapıb yaşamalarını bildirdiklərini, lakin özünün Naxçıvanda yüksək vəzifədə işləməsi səbəbindən buna razı olmadığını və Naxçıvana qayıtdığını, 2018-ci ildə Aviasiya təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə təyin edildiyini, 11 il xidmət ərzində onların onu çağırmalarına baxmayaraq Belarusiyaya getmədiyini, çünki dövlətin 40000 dollar sərf edərək onu oxutduğunu, buna görə vətənə xidməti daha üstün tutduğunu, 2020-ci ildə Mariyanın ona qarşı Belarusiyada nikahın pozulması tələbi ilə iddia qaldırdığını, bundan sonra özünün psixoloji olaraq səhhətinin pisləşdiyini və aldığı travma nəticəsində sinir iflici keçirdiyini, işdən çıxdığını, 2021-ci ildə Avropaya getdiyini, orada olduğu il 3 il müddətində Mariyaya dəfələrlə istədiyi məbləğdən də artıq alimenti göndərdiyini, sadəcə həmin qəbzlərin bir qismini icra məmuruna təqdim etmədiyini, özünün orada kirayədə qaldığını və bəzi qəbzlərin itdiyini, alimenti RabitəBank, UniBank və XalqBank vasitəsilə göndərdiyini, dəfələrlə həmin banklardan çıxarışları əldə etmək üçün müraciət etsə də, nəticəsi olmadığını, buna görə aliment borcunun 2753 manat yox, daha aşağı olduğunu, hətta qəbzləri alarsa, bəlkə də heç aliment borcunun qalmamasının aydın olacağını, anasının 1-ci qrup əlil olduğunu, dialez xəstəsi olduğunu və ona qulluq etdiyini, suallara cavabında 2021-ci ildə qətnamə ilə nikahının pozulduğunu, həmin vaxt özünün işləmədiyini, 2020-ci ildən işdən azad olduğunu, qətnamə icraya yönəldiyi vaxtdan bundan xəbərinin olduğunu, həmin ödənişləri ödədiyini, həmin vaxt bir uşağa 123-125 manat aliment tələb olunduğunu, lakin özünü artıqlaması ilə ödədiyini, daha sonra səhhətində yaranan problemə görə 8 ay ödəniş edə bilmədiyini, çünki artıq ödədiyinə görə bunun nəzərə alınacağını düşündüyünü, icra məmuru tərəfindən ona aylıq 520 manat ödənilməli olduğunun deyildiyini, lakin işsiz olduğunu və imkanını olmadığını, 2024-cü ilin ikinci yarısından etibarən 8 ay ərzində alimenti ödəmədiyini, 2025-ci ildən yenidən ödənişləri davam etdirdiyini, 2025-ci ilin mart ayında 470 manat və 150 manat olmaqla ödənişlər etdiyini, pulu Rabitəbankla ödədiyini, Mariyanın ad, soyadının çıxdığı birbaşa hesabına köçürdüyünü, son ödənişlərlə bağlı qəbzləri icra məmuruna verdiyini, 2023-cü ildən 500 manat qaldığını, 2021-ci ildə də hər ay ödənişləri etdiyini, hazırda qəbzləri ala bilmədiyini, məhkəmədən öz sağlamlığının və öhdəliyində 1-ci qrup əlilliyi olan şəxsin olmasının nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəmə iclasında verdiyi izahatında icra sənədinin 03 sentyabr 2021-ci il tarixdə icraata daxil olduğunu, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin tərəflərə göndərildiyini, borclunun bildirişi aldığını, borclunun Bakı şəhərində və xarici ölkəyə çıxış etməsi səbəbindən alimenti ödəməsi barədə heç bir məlumat ala bilmədiklərini, şəxsin iş yerinin olmaması səbəbindən aliment miqdarının müəyyən edilməsində problem yarandığını, buna görə aliment məbləğinin yaşayış minimumuna görə təyin edildiyini, təqdim olunan qəbzlərdə olan ödənişlərin hesablanan məbləğdən çıxıldığını, bu günə qədər 9884 manat 80 qəpik şəxsin tələbkara aliment ödədiyini və hazırkı borcunun 2753 manat 68 qəpik təşkil etdiyini, şəxsin məsələn 2023-cü ilin yanvar-fevral-mart ayında ödəniş edib, sentyabra qədər ödənişi saxladığını, sentyabrda yenidən ödəniş etdiyini, ortada qalan ayların isə qəbzlərinin təqdim olunmadığını, suallara cavabında 2021-ci il üçün 2 uşağa birlikdə 182.50 manat, 2022-ci il üçün 201.76 manat, 2023-cü ildə 227. 37 manat, 2024-cü ildə 254.67 manat, 2025-ci ildə isə 320 manat olmaqla hesablandığını, bu zaman Statistika Komitəsinin rəsmi saytında olan məlumatlara və uşaqlar üçün yaşayış minimumunun məbləğinə əsasladıqlarını, şəxs Naxçıvanda yaşadığından icra şöbəsinin çağırışı əsasında şöbəyə gəldiyini, çıxışında isə müvafiq qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildiriş və xəbərdarlıqların barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsi üçün bütün lazımi tədbirlər icra qurumu tərəfindən görülmüşdür. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı birbaşa xəbərdar edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzlərdən aydın olur ki, borclu Şəxs xx.xx.2021-ci ildə 100$, xx.xx.2021-ci ildə 188$, xx.xx.2021-ci ildə 100$, xx.xx.2022-ci ildə 153.40$, xx.xx.2022-ci ildə 126.98$, xx.xx.2022-ci ildə 100 euro, xx.xx.2022-ci ildə 120 euro, xx.xx.2022-ci ildə 130 euro, xx.xx.2022-ci ildə 188 euro, xx.xx.2022-ci ildə 188 euro, xx.xx.2022-ci ildə 100 euro, xx.xx.2022-ci ildə 148 euro, xx.xx.2022-ci ildə 188 euro, xx.xx.2023-cü ildə 150 euro, xx.xx.2023-cü ildə 136.50 euro, xx.xx.2023-cü 100 euro, xx.xx.2023-cü ildə 162 euro, xx.xx.2023-cü ildə 122 euro, xx.xx.2024-cü ildə 188 euro, 15 avqust 2024-cü ildə 250 manat, xx.xx.2025-ci ildə 268 $ və xx.xx.2025-ci ildə 85$ olmaqla aliment ödəmişdir. Qəbzlərdən belə məlum olur ki, barəsində icraat aparılan şəxs tərəfindən xx.xx.2024-cü ildən 2025-ci ilin mart ayına qədər aliment üzrə ödəmələrin həyata keçirilməməsi ilə məhkəmə qətnaməsi icrasız qalmışdır. Məhkəmə barəsində icraat aparılan şəxsin əvvəllər etdiyi artıq ödənişlərin borcu kompensasiya etməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, şəxsin qətnamə ilə müəyyən edilən davam edən aliment öhdəliyi vaxtaşırı həyata keçirilməklə uşaqların davamlı saxlanmasının təminatı məqsədini güdür. Şəxs 6 ay ərzində ödəmələrin edilməsini dayandırmaqla icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə bağlı qanuni tələblərinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. xx.xx.2025-ci il tarixində şəxsə icra məmuru tərəfindən həmin tarixədək 2753.68 manat borcunun olmasına dair xəbərdarlıq edilmişdir. Beləliklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün, icra məmurunun məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsin əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Şəxsin alimenti ödəməkdən qərəzli boyun qaçırmadığı nəzərə alınaraq məhkəmə onun barəsində tənbeh tətbiq edərkən həbsin tətbiqi ilə bağlı müstəsna halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, İXM-in 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə sözügedən halları nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədləri baxımından kifayətdir. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunsun və cərimə məbləği Şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar