Məhkəmə qərarları › İş №3(079)-37/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-37/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-37/2024 17.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi-məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Çeşməbasar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, (Fin kod–xxxxxxx) Babək rayonu, Çeşməbasar kəndində qeydiyyatda olan, lakin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, atıcılıq, massivində yaşayan, fəhləliklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 17 may 2024-cü il tarixli, 249428/6xx-xx/2021 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Babək Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(079)-394/2021 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış borcunu ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 məhkəmədə verdiyi izahatında Babək Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 5058 manat 49 qəpik miqdarında borcun tutulub Azərbaycan Beynəlxalq Bankın hesabına ödənilməli olduğunu, icra sənədinin 18 oktyabr 2021-ci ildə şöbənin icraatına daxil olduğunu, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərildiyini, həmin sənədlərin 29 oktyabr 2021-ci ildə borcluya təqdim olunmasını xəbərnamə ilə təsdiq edildiyini, 21 dekabr 2021-ci ildə borclunun adına tələbin yönələ biləcək əmlak və ya gəlirlərinin olmasının müəyyən edilməsi üçün sorğular göndərildiyini, lakin onun adına tələbin yönələ biləcəyi əmlak və gəlirlərinin müəyyən olunmadığını, Çeşməbasar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda Şəxs həmin kənddə yaşamaması qeyd edildiyindən onun barəsində 18 iyul 2022-ci ildə axtarış verildiyini, borclunun 2024-cü ilin may ayının 10-da polis əməkdaşları tərəfindən şöbəyə təhvil verildiyini, həmin gün ona borcların ödənilməsi üçün vaxt verildiyini, 15 və 17 may 2024-cü il tarixlərində isə borcluya xəbərdarlıqlar edildiyini, Babək Rayon Məhkəməsinin icra sənədi üzrə onun sonuncu ödənişi 2023-cü ilin noyabr ayı etdiyini, Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən verilmiş icra sənədi ilə bağlı icraata başlamaq haqqında qərarın tələbin könüllü icrası barədə bildiriş ilə birlikdə borcluya göndərildiyini, həmin sənədlərin geri qaytarıldığını, Şəxs Çeşməbasar kəndində yaşamasa da sözü gedən sənədlərin Çeşməbasar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmədiyini, lakin borclunun bütün icra işlərindən məlumatı olduğunu, onun icra qeydi ilə bağlı açılmış icra işi üzrə ümumiyyətlə ödəniş etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında Babək rayonu, Çeşməbasar kəndində qeydiyyatda olsa da Bakı şəhərində yaşadığını, barəsində ümumilikdə 4 icra işi olduğunu, Unibanka 432 manat borcu olduğunu, hazırda həmin borcdan 83 manatının qaldığını, digər borcunun Bakı şəhərində aparatlardan 50 manat pul çəkməsi ilə bağlı yarandığını, hazırda Bakı şəhərində həmin aparatlar ləğv edildiyindən AZPULA olan borcunu ödəmədiyini, lakin bununla bağlı icra qeydinin verilməsini bura gələndə öyrəndiyini, bir icra işinin isə dövlət cəriməsi olduğunu, bundan da xəbərinin olmadığını, sonuncu icra işinin isə Azərbaycan Beynəlxalq Bankına olan borcu ilə bağlı olduğunu, belə ki, uşağı olmadığından müalicə olunmaq üçün bankdan 4500 manat kredit götürdüyünü, faizi ilə birlikdə həmin banka 5000 manata yaxın borcunun yarandığını, icra ödənişi daxil olmaqla həmin icra işi ilə bağlı 1500 manat pul ödədiyini, bununla bağlı sonuncu ödənişləri özünün yox, keçmiş arvadının qohumunun 2023-cü ilin noyabr ayında ödədiyini, arvadının qohumunun borcları onun əvəzindən ödəməsi özünün isə bunun qarşılığında özünə məxsus yarım tikilini ona verməsi barədə razılaşdığını, lakin arvadı ilə boşandığından onun qohumu ilə də aralarında olan razılığın pozulduğunu, yəni həmin şəxsin ödənişləri dayandırdığını, son 6 ay ərzində ödəniş etmədiyini, ara-sıra fəhləliklə məşğul olsa da yaranmış borclarını ödəməyə maddi imkanının olmadığını qeyd etmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.1-ci maddəsindən isə görünür ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Babək şəhəri, 54 saylı notariat ofisi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 8İ-24054 nömrəli icra qeydindən Şəxs ümumilikdə 135 (bir yüz otuz beş) manat məbləğində pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Babək Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(079)- 394/2021 nömrəli icra sənədindən isə 5058.49 (beş min əlli səkkiz manat, qırx doqquz qəpik) manat məbləğində pulun, 30 (otuz) miqdarında dövlət rüsumunun və 0.40 (qırx) manat məbləğində çəkilmiş xərcin alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olması müəyyən olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Lakin məhkəmə qeyd edir ki, şəxsin təqsirləndirildiyi inzibati xəta əməlinin dispozitiv şərtlərinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olur. İcra məmuru tərəfindən borcluya verilmiş müddət isə icraata başlamaq haqqında qərarla müəyyən edilir ki, Babək şəhəri, 54 saylı notariat ofisi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 8İ-24054 nömrəli icra qeydinə münasibətdə icra məmuru tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərarın borcluya təqdim edilməsi öz təsdiqini tapmır. Belə ki, icra məmuru ona verilmiş sübut sualına cavab olaraq bildirmişdi ki, Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən verilmiş icra sənədi ilə bağlı icraata başlamaq haqqında qərarın tələbin könüllü icrası barədə bildiriş ilə birlikdə borcluya göndərilmiş, həmin sənədlərin geri qaytarılmış, Şəxs Çeşməbasar kəndində yaşamasa da sözü gedən icra sənədləri Çeşməbasar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilməmişdi. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2- N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndlərinin mahiyyətindən görünür ki, icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. İcra məmurunun qeyd edilən tələbə əməl etməməsi isə özlüyündə borclunun icra sənədinin icra edilməsi üçün icra məmuru tərəfindən müəyyən edilmiş müddətdən məlumatsız olması ilə nəticələnmişdi. Bu səbəbdən məhkəmə hesab edir ki, Babək şəhəri, 54 saylı notariat ofisi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 8İ-24054 nömrəli icra qeydi üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi mövcud deyil. Digər icra sənədinə gəldikdə isə işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan isə təsdiq edilir ki, Babək Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(079)-394/2021 nömrəli icra sənədini Şəxs 2023-cü ilin noyabr ayından icra etmir və həmin icra sənədi üzrə borcun mühüm hissəsini ödəməyib. İnzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərarlar, xəbərdarlığın surətlərindən, həmçinin işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan o da aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icra edilməsi üçün borclu rəsmi qaydada xəbərdarlıq edilib. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi Babək Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(079)-394/2021 nömrəli icra sənədinə münasibətdə məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, o hazırda işsizdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdi. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Şəxs törətdiyi inzibati xəta idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, əməlində məsuliyyəti yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, borcun məbləğini, onun törətdiyi inzibati xəta əməlində nəzərdə tutulan cərimə miqdarını, inzibati tənbehin məqsədini, həmçinin onun hazırda daimi iş yerinin olmamasını nəzərə alan məhkəmə hesab edir ki, ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 may 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 17 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 17 may 2024-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar