Məhkəmə qərarları › İş №3(079)-38/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-38/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-38/2024 21.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Babək rayonu Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 2 (iki) azyaşlı uşaq atası, fərdi sahibkar (VÖEN - **********) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin 21 may 2024-cü il tarixli 4/203 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 510-cu maddəsi ilə təqsirləndirilmələrinə dair 21 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 21 may 2024-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. Onun təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında 21 may 2024-cü il tarixdə Babək rayonu Nehrəm qəsəbəsində yerləşən evindən 67BE456 qeydiyyat nişanlı avtomobili ilə çıxıb əminəvəsi Amili də götürdükdən sonra işçisi Şahid2ı götürmək üçün Nehrəm qəsəbə xəstəxanasının qarşısında dayanıb gözlədiyini, həmin vaxt Günayın bir şəxslə birlikdə yavaş-yavaş gəldiyini, onun yavaşyavaş gəldiyini görəndə siqnal verdiyini, bunun onların arasında bir zarafat olduğunu, Günayın onun qızı yerində olduğunu, amma bazar adamı olduqlarına görə bunun onlar üçün adi bir zarafat olduğunu və Günayın bununla bağlı ondan heç vaxt incimədiyini, o maşına çatana qədər bir neçə dəfə siqnal verdiyini, Günay maşına minəndə bir nəfərin əlqol hərəkətləri ilə “ə nə siqnal verirsən?!” deyə soruşduğunu, ona “sənə nə var mən siqnalı öz işçimə verirəm sənə yox, sənə nə var” deyə cavab verdiyini, Talehin isə ona “qələt edirsən” dediyini, özünün isə ona “qələti xələt elə qoy cibinə, sən kimsən” deyə cavab verdiyini, Talehin paqonlarını işarə edib “sənə göstərərəm mən kiməm” əlində olan iş çantasını fırladıb paqonlarına işarə edərək “şalvarını çıxartdırıb başına geyindirərəm, onda görərsən mən kiməm” deyə cavab verdiyini, bundan sonra Talehin yolu göstərib polis idarəsinə keçirəm, siz də gəlin deyib getmək istəyəndə ona “gəl otur maşına polis idarəsinə birlikdə gedək” dedikdən sonra Talehin keçib arxada Günayın yanında maşında oturduğunu və Babək rayon Polis İdarəsinə maşını sürdüyünü, maşından enəndə Talehin ona razılığa gətirmək məqsədilə nələrsə deməyə çalışdığını, amma ona “bura qədər gəlmişiksə məsələ burda həll olunmalıdır” deyib içəri girdiklərini, növbətçi hissəyə yaxınlaşıb Talehdən şikayətinin olduğunu desə də telefonlara dayanmadan zəng gəldiyindən ona cavab verilmədiyini, polis mayorunun dayanmadan iş və şəxsi telefonuna gələn zənglərə cavab verdiyini, bu vaxt növbətçiyə yaxınlaşıb “mən bura şikayətə gəlmişəm, niyə heş kim mənim şikayətimə baxmır” deyib biraz əsəbiləşdiyini, normalda da əsəbi adam olduğunu, lakin orada heç kimə qarşı nalayiq ifadə işlədib zor tətbiq etmədiyini, əksinə Talehin onun üzərinə yeridiyini, orada olan kameraların da bütün bunları çəkdiyini, daha sonra ərizə yazıb Talehdən şikayətçi olduğunu bildirdiyini, şikayət edənin özü olmasına baxmayaraq onun Polis İdarəsində səs-küy salmasının yazıldığını, özünü bu əməldə təqsirli bilmədiyini, əksinə Taleh adlı polis əməkdaşından şikayətinin olduğunu, indiyə qədər cəmiyyətdə özünə yer tutduğunu, heç vaxt barəsində heç bir tədbir görülmədiyini, Şahid2 şöbədə yönəldici suallar verərək “Oktay Talehə sənin şalvarını çıxararam dedi hə?!” deyə soruşub yönləndirib izahatını aldıqlarını, Günayın oradan çıxdıqdan sonra mənim izahatımı istədikləri kimi yazdılar deyə narahat olduğunu, Günayın ifadəsinin olduğu kimi yazılmadığını bildirdiyini, Amilin isə fəhlə, sakit, dindar biri olduğunu, aralarında mübahisə olandan sonra maşından yerə enib Talehə “sən də, biz də işə gedirik, söhbəti bağlayın” deyə xahiş etdiyini, heç kimə qarşı pis ifadə işlətmədiyini, onun nəyi var ki “sən bilirsən biz kimik” kimi də sual verə biləcəyini, müdafiəçinin iştirakının təmini məqsədilə büroya gedəndə yolda Talehin maşını saxladıb maşının ön oturacağında oturmuş sahə rəisindən işin nə yerdə qaldığını soruşduğunu, ona arxadan “hələ sonda bəlli olacaq” deyə cavab verəndə Talehin gülərək özündən arxayın şəkildə “onların işini düzüb qoşmuşam gedirlər taxtalı köyə” dediyini, heç bir səhv etmədiyi üçün əməlindən də peşman olmadığını bildirmiş, Şahid3 barəsində tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında əmək müqaviləsi olmadan Cahan Ticarət Mərkəzində Şəxs yanında satıcı kimi işlədiyini, Şahid3la qonşu və qohum olduqlarını, xx.xx.2024-cü il tarixdə səhər saat 07:30 radələrində işə getmək üçün evdən çıxdığını, Talehin də həmin vaxt evdən çıxıb işə getdiyini, onunla birlikdə yolu yeridiklərini, Babək Şəhər Mərkəzi xəstəxanasına doğru gəldiklərini, hər gün işə onu müdiri Oktayın öz maşını ilə apardığını, Talehlə yolda yavaş-yavaş gələrkən Oktayın ona tez gəlməsi üçün bir neçə dəfə siqnal verdiyini, ona heç vaxt buna görə irad bildirmədiyini, çünki Oktayın siqnalı yavaş gəldiyi üçün verdiyini bildiyini, Talehin də Oktayın onun müdiri olmasını bildiyini, əvvəl də onu həmin maşına minəndə gördüyünü, ona Oktayın müdiri olduğunu və onu da işə apardığını dediyini, Talehin yolda yeriyərkən siqnalla bağlı ona heç nə deməsə də həmin vaxt Talehin əsəbiləşib Oktaya yaxınlaşaraq “nə olub, görürsən ki yolu gəlirik, dayanmamışıq, niyə siqnal verirsən?”, “Günay mənim qonşum, həm də qohumumdur, niyə siqnal verirsən” deyə soruşduğunu, ondan sonra Oktayın cavabında “sənin nə işinə qalıb, mən qıza siqnal verirəm, o mənim işçimdir, siqnal verirəm ki, gedək işə” dediyini, Talehin ondan sonra Oktaya “sənin şalvarın çıxartdıraram” dediyini, Oktayın da cavabında ona ”gedək şöbəyə görək kim kimin şalvarını çıxartdırır” deyə cavab verdiyini, həmin vaxt Talehin maşının yanında dayandığını, orada heç kimin əl-qol hərəkəti etmədiyini, öskürdüyü üçün səsindən polisə getməyi kimin təklif etdiyini bilmədiyini, sonra Talehin də Oktayın maşınına əyləşib hamısının birlikdə Babək Rayon Polis Şöbəsinə gəldiklərini, Talehin maşında öz yanında oturduğunu, yolda gələrkən sakit şəkildə gəldiklərini, şöbənin qarşısında maşından düşərkən özünün Talehə “boş ver, səhər-səhər qan-qaraçılığı olmasın” dediyini, Talehin də “yox, məsələni aydınlaşdırmalıyıq, burda elə bir şey yoxdur, sən maşında otur” dediyini, daha sonra Talehin orada Oktaya birdə “görək kim kimin şalvarını çıxartdırır” dediyini, bundan sonra özünü maşında qaldığını, Taleh və Oktayın şöbəyə girdiklərini, 5-6 dəqiqə sonra isə Oktayın əmisioğlu Amilin şöbəyə girdiyini, bundan sonra Oktayın Amilə “Günayı aparı qoy evə, bu gün bazarı açmayacağıq” dediyini eşitdiyini, həmin vaxt maşının pəncərəsinin açıq olduğunu, lakin Oktayın həmin sözü çöldə, yoxsa içəridə olarkən dediyini bilmədiyini, Amilin isə 08-30 radələrində onu maşınla evə apardığını, nə işəgötürəni Oktayın haq bildirmişdir. Şahid2 Şahid3la üzləşdirməsində polis şöbəsində ifadəsinin səhv alındığını, bu səbəbdən orada verdiyi izahatında Oktayın Talehə qarşı “sənin şalvarını çıxartdıraram” kimi bir ifadə işlətdiyini dediyini, halbuki Talehin Oktaya qarşı “sənin şalvarını çıxartdıraram” dediyini təxmini xatırldadığını, Talehin ona verdiyi izahatın məzmunu ilə bağlı heç bir təsir göstərmədiyini, sadəcə olaraq telefonu şöbədə alındığından Talehin ona bacısının zəng etdiyini xəbər etdiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi izahatında yaşadığı Babək rayonu Nehrəm qəsəbəsindəki evi Babək rayon Polis İdarəsinə yaxın olduğu üçün hər gün işə piyada getdiyini, xx.xx.2024-cü il tarixdə evdən çıxıb məhlədə 07:30 radələrində qonşusu Günayla qarşılaşdığını və yolu birlikdə yeridiklərini, irəlidə 50 metr qalmış yolun kənarında maşın dayandığını və dayanmadan siqnal verdiyini, özünün 10 metr qalmış maşına yaxınlaşaraq normal şəkildə niyə siqnal verdiyini soruşduğunu, Oktayın pəncərəni açaraq “sən kimsən, yaxşı edirəm” dediyini, özünün isə ona “sən görmürsən mən kiməm, sən qələt edirsən” deyə cavab verdiyini, sağda əyləşən Amil adlı şəxsin isə içəridən “sən bizi tanımırsan, sənin şalvarını əynindən çıxartdırarıq” dediyini, Oktayın daha sonra “İndi gedərik Daxili İşlər Nazirliyinə nazirin yanına, sənin paqonlarını çıxartdırarıq” dediyini, özünün isə onlara “gedək idarəyə, aydınlaşdıraq” dediyini, bundan sonra şöbəyə birlikdə Oktayın maşını ilə gəldiklərini və orada da Oktayın içəri daxil olub uca səslə danışdığını, Günay xanımın ifadəsini səhv verdiyini, onun şöbədə verdiyi ifadədə və aralarında keçən səs yazısında birinci olaraq Oktayın “sənin şalvarını çıxartdıraram” deməsinə baxmayaraq indi burada başqa cür danışdığını, özünün isə buna cavab olaraq sadəcə “gedərik idarəyə aydınlaşdırarıq” dediyini, heç vaxt Oktaya belə bir ifadə işlətmədiyini, şahid X2 yanında işlədiyi üçün onun xeyrinə ifadə verdiyini, Şahid2 izahatını şəxsən özü yazdığını, təkrar oxuduqdan sonra öz imzası ilə təsdiq etdiyini, Şahid2 zorla heç bir izahat yazdırılmadığını, polis idarəsinə girdikdən sonra Oktayın yenidən ucadan danışaraq “sənin paqonunu sökdürəcəyəm, şalvarını çıxardtıracağam” dediyini, polis əməkdaşlarının onu sakitləşdirməyə çalışdığını, polis mayoru Şahid4 həmin vaxt növbədə olduğunu, Talehi sakitləşməyə dəvət etsə də şəxsin əl-qol atdığını, onun üstünə yerdiyini, başqa heç bir zorakılığın olmadığını, Oktayın atasının ona “səni işdən çıxartdıracam” deyə hədələdiyini, Oktayın dediklərinin əksinə olaraq ona heç vaxt “ə” demədiyini bildirmişdir. Şahid1 Cahan Ticarət Mərkəzində satıcı işlədiyini, Oktayla atalarının əmioğlu olduqlarını, hər gün işə onun maşını ilə getdiyini, Oktayın satıcısı Günayın da onlarla birlikdə getdiyini, xx.xx.2024-cü il tarixdə səhər işə gedərkən Babək Rayon Xəstəxanasının qabağında dayanıb Günayı gözlədiklərini, Günayın Talehlə birlikdə gəldiklərini, yavaş gəldikləri üçün Oktayın tez gəlsin deyə siqnal verdiyini, bu halın Günay yubandığı hər zaman olduğunu və zarafat kimi qəbul etdiklərini, Talehin yaxınlaşıb Oktaydan niyə siqnal verdiyini soruşduğunu, Oktayın “sənə nə olub, siqnal veririk ki, tez gəlsin” dediyini, Talehin Oktaya “qələt edirsən” dediyini, Oktayın isə ona “qələti xələt elə geyin əyninə” deyə cavab verdiyini, həmin vaxt özünün yerə düşüb Talehə “sən də işə gedirsən, biz də işə gedirik, gəl bu yana səni yola salım get” dediyini, Talehin də “sizin şalvarınınızı əyninizdən çıxartdıraram” dediyini, Oktayın həmin vaxt “gəl otur maşına gedək görək kim kimin şalvarını çıxartdırır” dedikdən sonra Babək rayon Polis İdarəsinə gəldiklərini, yolda heç kimin danışmadığını, çatdıqdan sonra Oktayın növbətçi polis Şahid4 “sizin serjantdan şikayətçiyəm” dediyini, bu sözləri normal səs tonu ilə dediyini, həmin vaxt növbədə olan polislər işdən çıxdığı üçün, həmçinin telefona zənglər gəldiyindən növbətçi polisin onlara gözləmələrini dediyini, bu vaxt Talehin Oktayın üstünə yeridiyini, orada olan şəxslərin onları araladığını, ondan sonra orada olan qəbul dəftərinə Oktayın adının qeyd edildiyini, Oktayın Şahid4la başqa bir mübahisəsinin olmadığını, daha sonra özünün çölə çıxdığını, 15 dəqiqə gözlədiyini, daha sonra Oktayın “Günayı evə ötür, get işə” dediyini, bazara getdikdən sonra polis şöbəsindən çağırıldığına dair zəng gəldiyini, onlara yeri müdirə təhvil vermədən gələ bilməyəcəyini dediyini, müdiri gözləyib yeri təhvil verib Babək rayon Polis İdarəsinə gəldiyini, daha sonra isə izahatlarının alınıb məhkəməyə gətirildiklərini bildirmişdir. Şahid3la üzləşdirmə zamanı Amil Şəxs Talehə “qələtivi xələt elə geyin əyninə” dedikdən sonra Talehin Oktaya “sənin şalvarını çıxartdıraram” sözünü dediyini, özünün isə Talehə qarşı qətiyyən belə bir ifadə işlətmədiyini, əksinə yerə enib onları sakitləşdirməyə çalışdığını bildirmiş, Şahid3 isə “sənin şalvarını çıxartdıraram” sözünü Şahid1 işlətdiyini qeyd etmişdir. Şahid4 məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Polis İdarəsində növbətçi hissənin texniki xidmətinin məsul növbətçisi vəzifəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə özü növbədə olarkən səhər saat 08 radələrində Oktay adlı şəxsin şöbəyə daxil olub uca səslə şikayətinin olduğunu, həmçinin “səhər-səhər mənim qanımı qaraltmağa borcludurlar, mən işə gedirəm, siqnal verirəm kimə nə” kimi ifadələr işlədib şikayətinin qeydə alınmasını tələb etdiyini, lakin nalayiq ifadələr işlətmədiyini, ona şikayət etmə hüququnun olmasını, lakin idarədə yüksək səslə danışmamalı olduğunu bildirdiyini, şəxsin bu hərəkətilə xidməti fəaliyyətinin aparılmasına maneə törətdiyini, həmin vaxt iş vaxtının gərgin olduğunu, belə ki təhvil-təslim işlərinin aparıldığını, xidməti telefonlara cavab verməli olduğunu, bu səbəbdən də Oktaya “üzr istəyirəm, bir dəqiqə bağışlayın” deyə müraciət edib gözləməsini xahiş etdiyini, 10 dəqiqə ərzində işlər qaydasına qoyulduqdan sonra şəxsin şikayətinin qeydə alındığını, həmin müddətə digər şəxslərin də Oktayı sakitləşdirməyə çalışdığını, kimsənin bir-birinin üstünə yeriməsinin şahidi olmadığını, həmin vaxt növbə dəyişdiyi və əməkdaşlar işə gəldiyi üçün 15 nəfərdən artıq adam olduğunu, Talehlə Oktay arasında isə mübahisənin davam etdiyini, onların qızışdığını görəndə Oktaya “sakit danış, qışqıra-qışqıra danışma, müraciətini qeyd edirəm” dediyini, bəlkə də bunun Oktayın normal səs tonu olduğunu, lakin həmin vaxt ictimai qaydanı pozmasa da onların iş rejiminin gedişini pozduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 07:45-də Babək Rayon Polis İdarəsinin inzibati binasına daxil olaraq ucadan səs-küy salmaqla və nalayiq ifadələr işlətməklə polis idarəsinin iş fəaliyyətini pozmuşdur. Yəni Şəxs ictimai qaydanı pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi mötəbər sübutlarla, yəni marağı olmayan, həmin əməlin birbaşa şahidi olmuş şəxsin, cəmiyyət subyektinin izahatı ilə təsdiq edilməlidir. Buna baxmayaraq məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri əsasında xx.xx.2024-cü il tarixdə Şəxs Babək Rayon Polis İdarəsinin inzibati binasına gələrək əsəbi şəkildə Şahid3 hərəkətlərindən etdiyi şikayətinin qeydə alınmasına nail olmağa çalışdığı müəyyən olunmuşdur. Belə ki, Şahid2 və Şahid1 Vaqif oğlunun ifadələri əsasında mübahisənin başladığı Babək Rayon Mərkəzi Xəstəxanasının qarşısında nalayiq ifadənin Şəxs tərəfindən deyil, məhz Şahid3 tərəfindən işlədildiyi, bundan sonra həmin şəxslərin Şəxs təkidi ilə Babək Rayon Polis İdarəsinə gəlmələri və Şəxs Fəxrədin oğlunun Şahid3 hərəkətlərindən şikayətini qeydə aldırmağa çalışdığı müəyyən olunmuşdur. Halbuki “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin İ bəndinə görə polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur. İİ bəndinə görə isə polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Sözügedən halda Şəxs ictimai qaydanı pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi müəyyən olunmamış, ona qarşı Şahid3 tərəfindən nalayiq ifadə işlədildikdən sonra öz təşəbbüsü ilə Polis İdarəsinə gələrək bu barədə müraciət etmək niyyətində olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edilmiş nalayiq ifadənin Şəxs Məhərrəm oğlu tərəfindən işlədildiyi halda onun polis orqanına getməkdə və polis əməkdaşının hərəkətlərindən şikayət etməkdə təkid etməyi ağlabatan olmamaqla inandırıcı deyildir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0 və 4.0.2-ci maddələrinə görə vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindən biridir. İXM-in 510-cu maddəsinə görə fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Məhkəmə belə hesab edir ki, Şəxs hərəkətlərində ictimai qaydanın pozulması ilə müşayiət edilən hərəkətlərin olmasından ibarət, inzibati xəta əməlini formalaşdıran obyektiv cəhət mövcud olmadığından əməldə inzibati xəta tərkibi də yoxdur. Belə ki, Babək Rayon Polis İdarəsinin əməkdaşı, əməlin birbaşa şahidi olmuş Şahid4 verdiyi izahatında Şəxs Babək Rayon Polis İdarəsinin binasına daxil olduqdan sonra heç bir nalayiq ifadə işlətmədiyini, yalnız şikayətinin qeydə alınmasını uca səslə tələb etdiyini bildirmişdir. Məhkəmə Şahid3 ifadəsinin onun özünə qarşı ifadə verməmək hüququndan irəli gəldiyini nəzərə alaraq əmələ hüquqi qiymət verilməsində mötəbər sübut kimi nəzərə almır. İXM-in 5.1-ci maddəsinə görə insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-in 5.2-ci maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 53.1 və 53.1.2-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xəta haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar