Məhkəmə qərarları › İş №3(079)-39/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-39/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-39/2024 21.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi-məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 iştirakı ilə, xx xxxx 1992-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, iki uşaq atası, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, “Cahan” Ticarət Mərkəzində satıcı işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 21 may 2024-cü il tarixli, 3-13-43- 7/2-4928/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 21 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib edən orqan 21 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs 21 may 2024-cü ildə saat 0745də Babək Rayon Polis İdarəsinin inzibati binasında ucadan səs-küy salaraq nalayiq ifadə işlətməklə idarənin iş fəaliyyətini pozması göstərərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta əməlini törətməsini qeyd etmişdi. Şəxs məhkəmə iclasında verdiyi izahatında qeyd etdi ki, Şahid1 atamın əmisinin oğludur. O və mən 57 adlanan yerdə işləyirik. Mən satıcı işləyirəm, o, isə icarəyə götürdüyü mağazada mal satır. Babək şəhərində xəstəxananın arxasında Günay adında bir qız yaşayır və o, Oktayın satıcısı işləyir. Oqtay hər gün əvvəl məni, daha sonra isə onu götürərək işə gedirik. Günay isə xəstəxananın qarşısına çıxır və onu oradan götürürük. Sonra isə bazara gedirik və eyni qaydada da evə qayıdırıq. Bu gün də səhər-səhər Oktayla işə gedirdim. Biz xəstəxananın qarşısında olarkən Günay asta-asta polis nəfəri ilə gəlirdi. Buna görə də Oktay onu tələsdirmək üçün 2-3 dəfə siqnal verdi. Oktay təqribən ona 2-3 dəfə siqnal verdi. Biz səhər-səhər mağazadan mal verməli idik. Buna görə tələsirdik. Sonra Günayın yanındakı polis əməkdaşı Oktaya yaxınlaşıb “nə olub, nə siqnal verirsən?” dedi. Oktay isə ona “satıcıma siqnal verirəm ki, tez gəlsin gedək” cavabını verdi. Polis isə ona “qələt edirsən” dedi. Oktay isə “qələti xələt elə geyin əyninə” dedi. Bundan sonra polis əməkdaşı isə “sizin şalvarınızı çıxardaram” dedi. Oktay isə ona eyni cavabı verdi. Daha sonra polis əməkdaşı Oktaya “mən bu döngə ilə gedirəm, gəl şalvarı əynindən çıxaracağam” dedi. Oqtay isə ona “ ora lazım deyil, otur maşına, gedək şöbəyə, görək kim kimin şalvarını çıxarır” dedi. Daha sonra mən həmin vaxt avtomobildən yerə düşdüm və polis əməkdaşına “səhərsəhərdir, sən də işə gedirsən, biz də işə gedirik, gəl çıxaq gedək işimizə, burada nə var ki” dedim. Daha sonra polis əməkdaşı bizim maşına oturdu və birlikdə şöbəyə gəldik. Günay da bizimlə gəldi. Oktay və polis əməkdaşı qabaqda polis idarəsinə daxil oldu. Sonra mən də onların arxasınca içəri keçdim. Günay isə maşında gözlədi. Oktay növbətçi hissəyə yaxınlaşıb “sizin əməkdaşınızdan şikayətçiyəm” dedi. Sonra isə “şikayətimə niyə baxmırsınız?” dedi və orada səs-küy oldu. O, isə gözlə dedi. Taleh adlı həmin polis əməkdaşı içəri gəldi və Oktayın üzərinə hücum çəkdi. Bu polis idarəsinin kamerasında da var. Daha sonra başqa polis əməkdaşı gəldi və Oktayın izahatını aldı. Sonra bir polis əməkdaşı məndən çöldə gözləməyimi bildirdi. Mən çölə çıxdım. 15 dəqiqə sonra isə Oktay çölə çıxıb Günayı evlərinə aparmağımı və özümün də işə getməyimi istədi. Mən Günayı evlərinə apardım. Oradan isə işə getdim. Sonra polis şöbəsindən mənə zəng edərək məndən izahat alacaqlarını bildirdilər. Mən də işdən icazə alıb yenidən polis şöbəsinə gəldim və izahat yazdım. Mən elə bilirdim ki, məni şahid kimi buraya dəvət ediblər. Mən çığır-bağır etməmişəm. Kiminləsə mübahisəm olmayıb. Hadisənin bilavasitə şahidi olan Şahid3 məhkəmədə verdiyi izahatında bildirdi ki, Babək Rayon Polis İdarəsinin Post Patrul Xidmətində polis nəfəri işləyirəm. Bu gün səhər saat 0730 radələrində qonşum Günayla yolda qarşılaşdım və eyni istiqamətdə işə gedirdik. Babək rayon xəstəxanasının qarşısında olarkən ağ rəngli maşın dayanmadan uzun müddət siqnal verdi. Oktay xəstəxananın qarşısında 6-7 dəfə siqnal verdi. Mən də ona yaxınlaşıb “nə olub, nə dayanmadan siqnal verirsən?” dedim. Oktay isə maşının şüşəsini endirib, “sən kimsən, yaxşı edirəm, mənim işçimdir, ona siqnal verirəm” cavabını verdi. Mən də “sən görmürsən mən kiməm?” dedim. O, isə yenə “yaxşı edirəm?” cavabını verdi. Mən də “yaxşı edə bilməzsən, danışığına fikir ver, sən qələt edirsən polis əməkdaşı ilə belə danışırsan” dedim. Oqtay isə “qələti xələt edib, geyindirərəm əyninə, gedərik nazirliyə nazirin qəbuluna düşərik, səni şikayət edəcəyəm” dedi. Amil isə maşının ön tərəfində sağda oturmuşdu və dedi ki, “sən bizi yaxşı tanımadın deyəsən, sənin şalvarını əynindən çıxararıq, sən təzə işləyirsən hələ” dedi. Mən də ona “mənim tabe olduğum idarə var, gedək idarəyə, qayda-qanunla sənə göstərərik kim kimin şalvarını çıxardır”. Sonra Oktayın maşını ilə idarəyə gəldik. Oktay “gör sənin başına nə oyun açacağam” dedi və uca sələ səs-küy saldı. Həmin vaxt növbə dəyişikliyi olduğu üçün idarədə polis əməkdaşları çox idi. Oktay isə uca səslə “şikayətimə niyə baxılmır?” dedi. Növbətçi isə onun şikayətinə baxılacağını deyib, sakitləşdirməyə cəhd etsə də buna nail ola bilmədi. Sonra Amil 20-30 dəqiqədən sonra idarədən getdi və sonradan yenidən idarəyə qayıtdı. O, idarəyə gəldikdən sonra çığırbağır etmədi. Amil polis idarəsində səs-küy salmayıb və çığır bağır etməyib. Digər polis əməkdaşı Şahid4 məhkəmə verdiyi izahatında qeyd etdi ki, Babək Rayon Polis İdarəsinin Növbətçi hissəsinin idarəetmə xidmətində məsul növbətçi işləyirəm. Mən polis idarəsində daxilində xidmət aparıram. Bu səbəbdən də polis əməkdaşı Talehlə Oktay və Amil arasında bu gün olan mübahisənin şahidi olmamışam. Bu gün səhər saat təqribən 8-ə qalırdı. Həmin vaxt adı mənə sonradan məlum olan Oktay adlı şəxs yüksək səslə idarəyə daxil oldu. Mən ona tərəf dönərkən o, yüksək səslə şikayət etdiyini deyirdi. Amil isə səs-küy salmırdı. Səhər-səhər saat 7dən 9-a dək keçmiş gündən qalan sənəd və hadisələrin təhvil-təslimi ilə əlaqədar gərgin iş rejimi olur. Bu səbəbdən də onu dərhal dinləyə bilmirdim. Talehlə Oktay arasında sözlü mübahisə davam etdiyindən mən də məcbur qalıb otaqdan çıxıb onu xəbərdar etdim. Sözlü mübahisə Taleh və Oktay arasında davam edirdi. Oktayın ucadan səs-küy salması idarənin normal işinə maneə olacaq dərəcədə yüksək idi. Bu zaman biz onu dəfələrlə xəbərdar etməyimə baxmayaraq, o səs-küy salmağa davam etdi. Oktay sadəcə uca səslə “şikayətçiyəm” deyirdi. Amilin polis idarəsində səs-küy saldığının şahidi olmamışam. Oktay və polis əməkdaşı arasında sözlü mübahisə 15- 20 dəqiqə davam etdi. Amilin çığır-bağır etməsinin və idarənin normal işinə maneə yaradacaq hərəkət etməsinin şahidi olmamışam. Şahid2 məhkəmədə verdiyi izahatında bildirdi ki, Cahan Ticarət Mərkəzində Şahid1 işlətdiyi mağazada satıcı işləyirəm. Oktay müəllim hər gün səhər məni Babək rayon xəstəxanasının qarşısından öz maşını ilə məni götürüb işə aparır və eyni qaydada evə qayıdıram. Amil də bizimlə birlikdə işə gedir. Bu gün işə gedərkən saat 8in yarısında qonşum Talehlə qarşılaşdım və söhbət edə-edə birlikdə xəstəxana istiqamətində gəldik. Xəstəxananın qarşısında olarkən Oktay müəllim gəldi və maşını saxlayıb 2 dəfə siqnal verdi. O, mənim tez gəlməyim üçün siqnal verirdi. Oktay müəllim 3-cü dəfə siqnal verdikdən sonra Taleh ona yaxınlaşıb “nə olub, gəlir da, niyə qıza dayanmadan 2-3 dəfə siqnal verirsən?,” dedi. Oktay da Talehə “sən kim olursan, mən sənə siqnal vermirəm ki, işçimə siqnal verirəm ki, gəlsin otursun maşına işə gedək” dedi. Sonra Amil “sən də işə gedirsən, biz də işə gedirik, burada nə olub ki?” dedi. X1 müəllimə “şalvarını çıxaracağam” dedi. Oktay isə ona “gedək şöbəyə görək kim kimin şalvarını çıxarır” cavabını verdi. Sonra Oktay maşınına oturub polis idarəsinə gəldik. Mən isə maşından düşmədim. Sonra Oktay və əmisi oğlu çölə çıxdı. Həmin vaxt Oktay əmisi oğluna “bu gün bazarı açmayacağıq, qızı apar qapılarına” dedi. Sonra Taleh məni evə apardı və çıxıb getdi. Baş vermiş hadisənin səbəbkarlarından biri olan Şahid1 izahatında qeyd etdi ki,Cahan Ticarət Mərkəzində mal satıram. Günay mənim yanımda satıcı işləyir. Talehlə atalarımız əmioğludur. O, Cahan Ticarət Mərkəzində satıcı işləyir. Mən hər gün səhərsəhər ilk olaraq onu, sonra Babək rayon xəstəxanasının qarşısından Günayı götürüb işə gedirik və eyni qaydada evə qayıdırıq. Bu gün səhər saat 07-də evdən çıxıb maşınla Talehi evlərindən götürdüm. Oradan çıxan vaxt hər dəfə olduğu kimi Günaya zəng edib, ondan xəstəxananın qarşısına çıxmasını dedim. Xəstəxananın qarşısında olarkən onun polis əməkdaşı ilə asta-asta gəldiyini gördüm. Günayın tez gəlməsi üçün mən 2-3 dəfə siqnal verdim. Sonra həmin polis əməkdaşı əl-qol işarəsi edərək maşına tərəf gəldi. Mən maşının şüşəsini aşağı endirdim. Polis əməkdaşı maşına yaxınlaşıb “nə var ə, səhər tezdən siqnal verirsən” dedi. Mən də “sən kimsən?, mən öz işçimə siqnal verirəm” cavabını verdim. Sonra polis əməkdaşı isə əli ilə çiyinin vurub poqonlarını göstərərək, “görmürsən mən kiməm? qələt edirsən” dedi. Mən də ona “qələti xələt elə, gey əyninə” dedim. Mənim bu sözüm onun acığına gəldi və əlindəki iş çantası ilə maşının qarşısına keçib polis idarəyə tərəf getmək istədi. Həmin vaxt bizə “sizin şalvarınızı çıxarıb, başınıza keçirəcəyəm” dedi. Mən də ona “gəl otur maşına, görək kim kimin şalvarını çıxarır” dedim. Sonra birlikdə mənim maşınımla polis idarəsinə gəldik. Maşında gələrkən heç bir mübahisə olmadı. İdarənin qarşısında olarkən mənə nəsə demək istədi. Sonra polis idarəsinə girdik və mən növbətçi hissəyə yaxınlaşıb bir az yüksək səslə “mənim sizin polis əməkdaşı barəsində şikayətim var, xahiş edirəm şikayətimə baxın” dedim. Həmin vaxt polis əməkdaşları təhvil-təslim edirdi və ara qarışıq idi. Bu vaxt Taleh adlı polis əməkdaşı mənim üstümə hücum etdi. Digər polis əməkdaşları bizi araladılar. Mən yenidən növbətçi hissəyə yaxınlaşıb “siz məni eşitmirsiniz? mən sizin polis əməkdaşından şikayətçi olmağa gəlmişəm, kefimdən gəlməmişəm,” dedim. Sonra növbətçi hissədə əyləşən polis əməkdaşı çölə çıxdı və mənə “gəlmisən, bir az sakit dur” dedi. Mən də ona “sizin polis əməkdaşınıza bir bax, gəlir mənim üzərimə və məni ona əl-qol atmağa məcbur edir” dedim. Sonra mənim adımı və soyadımı qeyd edib çölə çıxardılar. Şahid2 isə maşında gözləyirdi. Mən də Amilə “Günay maşında gözləyir, onu evə apar, bu gün bazar olmayacaq, sən də işinə get” dedim. Amil xəstəxananın yanında olarkən polis əməkdaşına “Ay qardaş, sən də səhər-səhər işə gedirsən, biz də işə gedirik. Sən də get öz yoluna, biz də gedək öz yolumuza. Niyə qan qaraçılığı edirsən?” dedi. O, başqa heç nə deməyib, səs-küy salmayıb və çığırbağır etməyib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Onun təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, işin araşdırılmış hallarından Şəxs 21 may 2024-cü ildə Babək Rayon Polis İdarəsinin inzibati binasında ucadan səs-küy salaraq nalayiq ifadə işlətməsi müəyyən edilmir. Bu həm onun, həm də məhkəməyə dəvət edilmiş şahidlərdən hadisə vaxtı Babək Rayon Polis İdarəsinin inzibati binasında olan Şahid3, Şahid4 və Şahid1 izahatlarından aydın olur. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilir ki, Şahid1 ilə polis nəfəri Şahid3 arasında ilkin mübahisə yaranan vaxt o, Şahid3 yaxınlaşaraq mübahisəni sonlandırmağı təklif etmiş, daha sonra Şahid1, Şəxs, Şahid2 və Şahid3 birlikdə Babək Rayon Polis İdarəsinin inzibati binasına gəlmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs orada bir neçə dəqiqə olmuş, orada hər hansı mübahisəyə qoşulmamış və oradan işə getmişdi. Daha sonra isə ona edilmiş telefon zəngi əsasında Şəxs Babək Rayon Polis İdarəsinə dəvət edilmişdi. Məhkəmədə dindirilmiş şəxslərin izahatlarından onun bundan sonra ictimai qaydanı pozacaq hər hansı hərəkətə yol verməsi müəyyən edilməmişdi. Bu məhkəmə tərəfindən həmin vaxt Babək Rayon Polis İdarəsinin inzibati binasında olan şahidlərə verilmiş sübut suallarına onların verdiyi cavab əsasında müəyyən edilmidi. Polis nəfəri Şahid3 izahatında qeyd etdiyi Şəxs ona “sənin əynindən şalvarını çıxararam” ifadəsi deməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmasa da, məhkəmə qeyd edir ki, birinin cəmiyyət üzvləri arasında digər şəxsə qarşı nalayiq ifadələr işlətməsi, yəni təhqir etməsi inzibati xəta əməlinin tərkibi deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sübuta yetirildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaradır. Şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi öz təsdiqini tapmadığından məhkəmə belə nəticəyə gəlir ki, Şəxs təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 21 may 2024-cü il tarixli, ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar