Məhkəmə qərarları › İş №3(079)-39/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-39/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-39/2025 29.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi ilə, Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 14 aprel 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 10 aprel 2025-ci il tarixli, 3-33-1200/2- 001167/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdir. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdır. Məhkəməyə daxil olmuş «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan inzibati xəta haqqında iş materiallarını qanunvericiliyin tələbləri daxilində araşdıran məhkəmə müəyyən edir ki, «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti 02 aprel 2025-ci il tarixdə özünə məxsus olan malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl təqdim olunmuş **********3512 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında və nəqliyyat qaiməsində avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanını səhvən 99JO054 (qoşqu-99ZK854) olaraq təhrif edilməklə göstərilmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş: - 01 aprel 2025-ci il tarixli, **********3512 sorğu nömrəli “Qısa idxal bəyannaməsi”ndən çıxarışdan məlum olur ki, idxalatçısı və ya malı qəbul edən «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti, ixracatçısı və ya malı gətirən “ZRL DİŞ TİCARET ANONİM ŞİRKETİ” olan “yataq tipli ağac mebellər” yükünü daşıyan 99JO054/99ZK854 nömrəli yük nəqliyyat vasitəsidir. - 03 aprel 2025-ci il tarixli, **********3109 sorğu nömrəli “Gömrük bəyannaməsi”ndən çıxarışdan məlum olur ki, idxalatçısı və ya malı qəbul edən «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti, ixracatçısı və ya malı gətirən “ZRL DİŞ TİCARET ANONİM ŞİRKETİ” olan “yataq tipli ağac mebellər” yükünü daşıyan 99JZ054/99ZK254 nömrəli yük nəqliyyat vasitəsidir. X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 08 aprel 2025-ci il tarixli protokolda qeyd edilir ki, Şəxs MMC-nin (VÖEN: **********) Türkiyə Respublikasından idxal etdiyi mallar xx.xx.2025-ci il tarixində 99JZ054 (qoşqu- 99ZK254) dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuş, lakin həmin mallara dair (malın qeydiyyat kodu- **********00203) gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim olunmuş **********3512 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında və nəqliyyat qaiməsində avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanının səhvən 99JO054 (qoşqu-99ZK854) olaraq təhrif edilməklə göstərildiyi müəyyən edilmişdir. «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların elektron emalı üsulları vasitəsilə həyata keçirilir; - 40.1-ci maddəsinin tələbinə görə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; - 40.2-ci maddəsinin tələbinə görə gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir; -115-ci maddəsinə əsasən, aşağıda sadalanan hallar istisna olmaqla qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə yol verilir: - gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra; - gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra; - gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 14.2 və 14.2.2-ci maddələrinə əsasən gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir. «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 inzibati araşdırma zamanı verdiyi izahatında Şəxs direktoru olduğunu, təmsil etdiyim hüquqi şəxsin əsas fəaliyyət istiqaməti mebel yüklərinin idxalı və ölkə ərazisində satışından ibarət olduğunu, Türkiyə Respublikasından idxal etdikləri mebel yükündən ibarət malların xx.xx.2025-ci il tarixində 99JZ054/99ZK254 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə ölkəyə daxil olduğunu, lakin həmin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim etdikləri **********3512 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında və nəqliyyat qaiməsində avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanının səhvən 99JO054 (qoşqu- 99ZK854) olaraq göstərildiyi, Türkiyə Respublikasında həmin mallar yükləndikdən sonra orada olan şirkətin nümayəndəsi tərəfindən tərtib edilmiş nəqliyyat qaiməsində (CMR) nəqliyyat vasitəsinin qeydiyyat nişanının səhv yazıldığını, daha sonra onların tərtib etdiyi sənədlərin email vasitəsilə onlara göndərildiyi, onların göndərdiyi sənədlər əsasında qısa idxal bəyannaməsi tərtib etdikləri üçün elektron formada tədqim etdikləri **********3512 nömrəli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsinin səhvən elə göstərildiyi, Bakı şəhərində fəaliyyət göstərən broker şirkəti ilə aralarında bağlanmış müqaviləyə əsasən həmin broker şirkətinin mütəxəsisi tərəfindən qısa idxal bəyannaməsinin tərtib edildiyi, onların həmin broker şirkətinə göndərdikləri sənədlər əsasında bəyannamənin hazırlandığı, nəqliyyat vasitəsi ölkəyə gəldikdən sonra onun səhv olduğunu bildiklərini, qabaqcadan qeydiyyat nişanının səhv olduğunu bilmədiklərini, məsuliyyəti dərk etdiklərini, lakin onlardan asılı olmayan səbəblərdən bu halın baş verdiyini bildirmişdir. «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin törətməsi istinad olunan inzibati xəta əməlini yuxarıda sadalanan normalarla qarşılıqlı şəkildə tədqiq etdikdə müəyyən olunur ki, o **********3512 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında və nəqliyyat qaiməsində avtonəqliyyat vasitəsinin dövlət nömrə nişanı səhvən 99JO054 (qoşqu-99ZK854) olaraq təhrif edilməklə göstərilmişdir. Həmçinin, X1 Sisteminin avtomobil nəqliyyatından çıxarışdan da məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 11:24-də ölkə ərazisinə daxil olan VOLVO FH yük markalı avtomobilin dövlət qeydiyyat nişanı 99JZ054-dür. Bununla da «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda gömrük qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə sözügedən halları nəzərə alaraq belə hesab edir ki, «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədləri baxımından kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ƏLİNCƏ MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar