Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-4/2024 01.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi ilə, Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri qəsəbəsində yerləşən, VÖEN nömrəsi ********** olan publik hüquqi şəxs “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə “17” yanvar 2024-cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-18-89/2-26/2024 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanası publik hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasında 15 yanvar 2024-cü ildə keçirmiş planlı yanğın texniki müayinə zamanı sonuncunun yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozması qeyd edilmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdi. Məhkəmə həmin orqanların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdı. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasına törədilməsi istinad olunan inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X3 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin-inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasının təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində tədqiq edərək qeyd edir ki, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinin 04 dekabr 2023-cü il tarixli, 67 nömrəli qərarından həmin idarənin 10 yanvar 2024-cü ildən 16 yanvar 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasında planlı yoxlama haqqında aparılması haqqında qərar qəbul etməsi və bu qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə verilməsi; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinin 15 yanvar 2024-cü il tarixli, 67 nömrəli yanğın-texniki müayinə aktından həmin idarənin əməkdaşı tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasında yoxlama aparılması; - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinin 15 yanvar 2024-cü il tarixli, 67 nömrəli yanğın-texniki müayinə aktından və eyni tarixli, nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərarından Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasında yanğın təhlükəsizliyi tələblərinə riayət olunması ilə bağlı aparılan yoxlama zamanı pozuntular aşkar olunması aydın olur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasının təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. “Yanğın təhlükəsizliyi haqqında “Azərbaycan Respublikası Qanunun: -1 - 6-cı hissələrinə görə yanğın-maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər yetirən nəzarətsiz yanmadır; yanğından mühafizə yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur; yanğın nəzarəti-yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür; yanğın təhlükəsizliyi-təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır; yanğın təhlükəsizliyi tələbləri - yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir; yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir; - 6-ci maddəsindən görünür ki, yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir; - 25-ci maddəsinə birinci abzasında qeyd edilir ki, X4 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X4 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X4 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -25-ci maddəsinin 1-3-cü hissələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X4nin aparılması ilə bağlı dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq hüququna malikdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinin 15 yanvar 2024-cü il tarixli, 67 nömrəli yanğın-texniki müayinə aktından və eyni tarixli, nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərarından Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasında yanğın təhlükəsizliyi tələblərinə riayət olunması ilə bağlı aparılan yoxlama zamanı aşağıdakı pozuntuların aşkar olunması aydın olur: - xəstəxananın elektrik qurğularına xidmət etmək məqsədi ilə ixtisaslaşdırılmış istismar təşkilatı ilə müqavilə bağlamayıb; - xəstəxana su ehtiyatı ilə təmin olunmayıb; - elektrik qurğularına xidmət etmək məqsədi ilə ixtisaslaşdırılmış istismar təşkilatı ilə müqavilə bağlanımayıb; - fizioterapiya kabinetlərində 60-100 A qrup elektrik lövhəsi qurulmayıb; - xəstəxana, yanğını söndürmək üçün motopompa və stasionar yanğın nasosları olmalıdır ilə təmin olunmayıb; - Yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin olunmayıb. İnzibati araşdırma aparan orqan tərəfindən aşkar olunan halların pozuntu olubolmasının araşdırılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 03 oktyabr 2002-ci il tarixli, 101 nömrəli əmri ilə təsdiq edilmiş “Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları”nın: - 2.5-ci bəndinə görə səhiyyə müəssisələrinin binalan yanğınları söndürmək üçün su ehtiyatı ilə təmin edilməlidir. Yanğına qarşı su kəməri olmadıqda su təchizatı, tutumu 50 kub metrdən az olmayan təbii və yaxud süni su hövzələrinin (rezervuarların) quraşdırılması yolu ilə təmin oluna bilər; - 3.3-cü bəndinə əsasən hər bir elektrik və işıq müalicəsi kabinetində 60-1OOA qmp elektrik lövhəsi qoyulmalı, bu lövhədə voltmetr, faza dəyişdirici açar və qoyulmuş aparatlara müvafiq qrup ( aparatlar içərisində sterilizatorlar və elektrik plitələri də nəzərə alınmaqla ) sayı ilə qoruyucular quraşdırılır; - 6.3-cü bəndində qeyd edilir ki, xəstəxana, körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evləri, poliklinika, əczaxana və digər müalicə profilaktika müəssisələrinin rəhbərləri, elektrik qurğularına xidmət etmək məqsədi ilə ixtisaslaşdırılmış istismar təşkilatı ilə müqavilə bağlamalı, yaxud ixtisaslı elektrik montyorunun xidmətlərindən istifadə etməlidirlər; - 9.1-ci bəndinin tələbinə görə bütün yanğın avadanlığı (odsöndürənlər, su çəlləkləri, qum yeşikləri və kürəklər, eləcə də daxili yanğın kranları ) saz vəziyyətdə saxlanılmalıdır. Daxili yanğın kranlarının şkafları bağlı olmalı və plomblanmalıdır. Bu şkafların qapılarını mıxlamaq, məftillə burmaq, yaxud açarla bağlamaq qadağandır; - 9.2-ci bəndinə əsasən kənd yerində yerləşən xəstəxana, sanatoriyalar, istirahət və körpələr evlərində yanğını söndürmək üçün motopompa və stasionar yanğın nasosları olmalıdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasında yanğın təhlükəsizliyi tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması zamanı aşkar olunan halları yuxarıda qeyd edilən qaydaların tələbləri ilə əlaqəli şəkildə tədqiq etdikdə aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasında yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi həmin hüquqi şəxsin inzibati məsuliyyətə səbəb olması üçün birbaşa əsas sayıla bilməz. Çünki, hüquqi şəxslərin inzibati məsuliyyətinin əsasları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Qeyd edilən normanı təqdim edilmiş sənədlərə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, baş vermiş inzibati xəta xarakteri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasının hüquqi şəxs kimi bu əməli öz xeyrinə və ya maraqlarının qorunması üçün etməsini demək üçün kifayət etmir. Düzdür, bu onun üçün müəyyən maddi xərclərə səbəb olsa, orada yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi gələcəkdə hüquqi şəxs üçün ciddi maddi itkilərlə qarşılaşmasına səbəb ola bilər ki, bu da onun maraqlarına cavab vermir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 03 oktyabr 2002ci il tarixli, 101 nömrəli əmri ilə təsdiq edilmiş “Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları”nın 1.4-ci ilə müəyyən edilir ki, klinika, poliklinika, doğum evləri, dispanserlər, xəstəxanalar, körpələr evi, uşaq evləri, sanatoriyalar, istirahət evləri, əczaxanalar, əczaxana anbarlan və səhiyyənin digər müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət bu müəssisələrin rəhbərlərinin üzərinə düşür. Qeyd edilən normadan görünür ki, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinə görə məsuliyyət daşıyan şəxs konkret olaraq müəyyən edilib. Yəni səhiyyə orqanlarında yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsinə görə məsuliyyəti birbaşa hüquqi şəxs deyil, vəzifəli şəxs daşıyır. Məhkəmənin fikrincə bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21ci maddəsi ilə müəyyən edilən inzibati tənbehin məqsədinə də uyğundur. Yəni həmin normaya görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırda isə məhkəmə hesab edir ki, baş vermiş inzibati xəta əməli üzrə inzibati məsuliyyətə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasının rəhbəri cəlb edilməli olduğundan, yəni Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsi tərəfindən tərtib edilmiş 15 yanvar 2024-cü il tarixli, ******* nömrəli protokolu müəyyən edilən inzibati xəta əməli ona aid olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd edilən qərara əsaslanan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.4-cü maddəsinə görə məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə belə hesab edir ki, işin məhkəmədə baxılması zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasında yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi və həmin əməl üzrə inzibati məsuliyyətin sözü gedən hüquqi şəxsə aid olmaması müəyyən edildiyindən, törədilmiş inzibati xəta əməli üzrə məsuliyyətə cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün hazırki iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra inzibati xəta haqqında protokola əlavə edilmiş araşdırma materialları Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İnzibati xətanı törədilməsinə aidiyyəti olmadığından Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinin 15 yanvar 2024-cü il tarixli, ******* nömrəli protokolu ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Cəhri qəsəbə sahə xəstəxanasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Qərardan şikayət vermə müddəti bitdikdən sonra inzibati xəta haqqında protokola əlavə edilmiş inzibati araşdırma materialları Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-4/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-4/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver