Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-40/2023 03.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, altı uşaq atası (Fin kod – xxxxxxx) Babək rayonu, Cəhri qəsəbəsində yaşayan, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsində sürücü işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 03 aprel 2023-cü il tarixli, 49032/xx-xx/2021 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 aprel 2023-cü il tarixli, 012337 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X15 məhkəmədə verdiyi izahatında Kəngərli Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(111)-48/2021 nömrəli icra sənədinin 26 fevral 2021-ci ildə şöbənin icraatına daxil olduğunu, icra sənədinin əvvəllər icra məmuru Fizuli İsmayılovun icraatında olduğunu, sonradan icra sənədini onun icraatına verildiyini, icra sənədinin icraata qəbul edilməsi zamanı borcluya rəsmi qaydada məlumat verildiyini, Şəxs əvvəllər alimentlə bağlı ödəniş etdiyini, lakin sonradan ödənişlərdə gecikmələr yarandığını, 2022-ci ilin oktyabr ayında onun 380 manat, həmin ilin dekabr ayında isə 620 manat ödənilməmiş aliment borcu yarandığını, 2022-ci ilin oktyabr ayında ona şifahi qaydada xəbərdarlıq edən zaman borclunun atasının şöbəyə gəldiyini və borclunun üç qız övladını özünün saxladığını, onların məktəblə bağlı müəyyən xərclərini dediyini, 12 dekabr 2022-ci ildə şöbəyə tələbkarın borclunun aliment ödənişi icra etməməsi ilə bağlı şikayət daxil olduğunu, bununla bağlı borcluya rəsmi qaydada yazılı xəbərdarlıq verildiyini, bundan sonra borclunun icra sənədi üzrə yaranmış 620 manatdan borcdan 400 manat ödəniş etdiyini, lakin Şəxs 2023-cü il üzrə heç bir ödəniş etmədiyini, tələbkarın dəfələrlə şöbəyə alimentin ödənilməsi ilə bağlı müraciət etdiyini, buna müvafiq olaraq özünün borclu ilə əlaqə saxladığını, lakin onun yenə də ödəniş etmədiyini, hazırda onun icra sənədi üzrə 580 manat aliment borcu olduğunu, icra sənədinin icrası ilə bağlı borclunun əmlakının olub-olmamasının müəyyən edilməsi üçün onun yaşadığı evə baxış keçirilmədiyini, 12 dekabr 2022-ci ildə borcluya rəsmi qaydada xəbərdarlıq verilərkən Elektron icra sistemindən onun adına iş yeri çıxmadığını, yəni onun işləmədiyi bildirmişdi. Şəxs məhkəmədə verdiyi izahatında üç dəfə ailə qurduğunu, birinci dəfə Aygün, ikinci dəfə Aynur, üçüncü dəfə isə Aytəkin adlı şəxslə ailə qurduğunu, birinci nikahından üç qız övladı, ikinci nikahından bir oğlan uşağı, sonuncu evliliyindən isə iki oğlan övladının dünyaya gəldiyini, ikinci nikahının rəsmi qaydada pozulmadığını, buna səbəb iddia qaldırmaq üçün maddi imkanının olmadığını, lakin məhkəmə qətnaməsi əsasında həmin nikahdan olan uşağın saxlanılması üçün Kəngərli Rayon Məhkəməsinin qətnaməsi ilə ondan hər ay 120 manat aliment tutulmasının müəyyən edildiyini, birinci nikahı məhkəmə qaydasında pozularaq uşaqların saxlanılması üçün anasına verilməsi və uşaqların saxlanılması üçün özündən aliment tutulması müəyyən edilsə də, birinci arvadı Aygünün üç qız övladının ona verərək Türkiyə Respublikasına getdiyini və uzun müddətdir ki, orada yaşadığını, hazırda həmin uşaqların öz himayəsində yaşadığını, özünün maddi imkanın aşağı olduğundan onların tələbatlarının qarşılanmasında atasının ona köməklik etdiyini, bundan başqa hazırda faktiki nikahda olduğu Aytəkinin əvvəlki əri öldüyünü, onun da əvvəlki evliliyindən bir uşağı olduğunu və onun da özləri ilə yaşadığını, yəni hazırda himayəsində ümumilikdə altı uşaq olduğunu, əvvəllər tikintidə işlədiyini və alimenti ödədiyini, lakin qış fəsli ilə bağlı olaraq işlərin dayandığını, buna görə əmək haqqı ala bilmədiyini, 2022-ci ilin dekabr ayında icra məmurunun ona rəsmi qaydada xəbərdar etməsindən sonra özünün tələbkar Zərərçəkmiş şəxs 400 manat ödəniş etdiyini, bunun 30 dekabr 2022-ci ildə baş verdiyini, üç aydır işsiz olduğundan icra sənədi üzrə ödəniş edə bilmədiyini, buna səbəb isə maddi imkanının olmaması, himayəndə altı uşaq olması, hazırda öz ailəsinin də gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkməsindən qaynaqlandığını qeyd etmişdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib və ona təqdim edilmiş sənədləri tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(111)-48/2021 nömrəli icra sənədindən Şəxs 25 yanvar 2021-ci ildən hesablanmaqla 18 iyul 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilməsi müəyyən olunur. Bu isə o deməkdir ilkin şərt mövcuddur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarından, həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən Şəxs icra sənədində göstərilən aliment ödənişini üç aydır icra etməməsi müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən sözü gedən icra sənədinin icrası ilə bağlı icra məmurunun 12 dekabr 2022-ci ildə və 03 aprel 2023-cü ildə borcluya yazılı qaydada xəbərdarlıq təqdim etməsi sübuta yetirilir. İşdə iştirak edən şəxslərin məhkəmə verdiyi izahatlarından isə aydın olur ki, borclu ona 12 dekabr 2022-ci ildə edilmiş xəbərdarlıqdan sonra tələbkara olan 620 manat aliment borcundan 400 manat ödəniş etmiş, yəni o, icra məmurunun ona etdiyi xəbərdarlığa etinasız yanaşmamışdı. Şəxs icra məmuru tərəfindən borcluya edilmiş xəbərdarlığın müsbət mənada təsiri olmuş və o icra sənədinin icrası ilə bağlı hərəkətsiz qalmamışdı. İcra məmurunun məhkəməyə təqdim etdiyi Elektron icra sistemindən çıxarılmış 12 dekabr 2022-ci il tarixə olan məlumatdan borclunun iş yeri barədə məlumatın olmaması müəyyən edilsə də, həm inzibati xəta haqında protokola əlavə edilmiş Elektron icra sistemindən çıxarılmış məlumatdan, həm də "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış və 03 aprel 2023-cü il tarixə olan məlumatdan görünür ki, Əhmədov X5 Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsində sürücü işləyir və aylıq əmək haqqı 600 (altı yüz) manat təşkil edir. Yəni tələbin yönələ biləcəyi əmək haqqı mövcuddur. Bunlardan başqa isə "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Şəxs X6, X9, X10, X11, X12 və X13 adlı uşaqlarının olması aydın olur. Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 1039 nömrəli arayışdan isə görünür ki, X6, X9, X3 anaları olan X1 rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir həmin ərazidə yaşamır. Bunları işdə iştirak edən şəxslərin izahatları ilə bir-biri ilə əlaqəli tədqiq etdikdə borcunun himayəsində beş nəfər uşaq yaşaması dolayısı ilə öz təsdiqini tapır. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlara əsasən borclunun əmlak və ailə vəziyyətini nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs hazırki vəziyyətdə Kəngərli Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(111)-48/2021 nömrəli icra sənədini üzürlü səbəbdən icra edə bilmir. Yəni hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 03 aprel 2023-cü il tarixli, 012337 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-40/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-40/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver