Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-42/2024 27.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl Əsgərlinin iştirakları ilə, xx.xx.1992-ci ildə Babək rayonu, Şəkərabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 (bir) azyaşlı uşaq atası, orta təhsilli, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 27 may 2024-cü il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. İnzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-443/2022 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli **********2842 saylı kredit müqaviləsinə əsasən 4476.35 manat (dörd min dörd yüz yetmiş altı manat otuz beş qəpik) əsas, 587 manat (beş yüz səksən yeddi) faiz borcu olmaqla, cəmi 5063.35 manat (beş min altmış üç manat otuz beş qəpik) borcun cavabdehlər Şəxs, X8 və X3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 ödənilməsi qərara alınmışdır. X6 Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia qismən əsaslı olduğundan cavabdeh Şəxs 10245.50 manat pul məbləğinin, 100 manat mediasiya xərcinin və 114.56 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduğundan onlar ümumi icraatda birləşdirilmişdir. Zərərçəkmiş şəxs1 və "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayonu Şəkərabad kəndində qeydiyyatda olmaqla Suraxanı rayonu Ramana qəsəbəsində yaşadığını, evli olmaqla 7 yaşında bir övladının olduğunu, ev tikintisində usta yanında fəhlə işlədiyini, icra və məhkəmə sistemində görünən "xxxx" MMC və ya "xxxx" QSC-də işləmədiyini, Naxçıvanda əldən və banklardan kredit götürüb oyun zalı açdığını, lakin pandemiya ilə əlaqədar olaraq işləmədiyindən ziyana düşdüyünü, Babək rayonu Şəkərabad kəndində yerləşən evlərini dəyər-dəyməzinə satıb borclarının bir qismini bağladıqlarını, hazırda özünün də, anasının da kirayədə yaşadığını, ayda Bakı şəhəri Ramanı qəsəbəsindəki həyət evinə görə ayda 320 manat kirayəyə verdiyini, aylıq qazancını da kirayə və gündəlik məişət xərclərinə sərf etdiyini, arvadının da işləyib qazanc əldə etmədiyini, anasının X5 Orduda işləyib əmək haqqı aldığını, Zərərçəkmiş şəxs1 və “Finca”ya olan borcları ilə bağlı 2024-cü ilin yanvar ayından anasının əmək haqqından hər birinə görə 250 manat tutulub borca yönəldildiyini, həmin vaxta qədər digər borcları çox olduğundan və aldığını dolanışığa xərclədiyindən ödəmə etmədiyini, bundan əvvəl dəfə “Finca”ya olan borcuna görə barəsində inzibati həbs tətbiq edildiyini, tənbehin icrasından sonra borcu yenə ödəyə bilmədiyini, əlavə olaraq ayda 165 manat “Finca”dan götürdüyü kredit üçün zaminin pensiyasından çıxıldığından əldən zaminə verdiyini, belində problem olduğundan ağır işlərdə də işləyə bilmədiyini, bahalı mobil telefonunu borc qarşılığında Qadirə verdiyini, lakin bu barədə icra orqanına məlumat verilmədiyini, həmin vaxtdan etibarən borca görə tutqunun edildiyini, lakin indi bildiyinə görə Zərərçəkmiş şəxs1 2024-cü ilin martından borcun bu şəkildə tutulmasından imtina etdiyini, həmin vaxtdan “Finca”ya olan borca görə N manat çıxılmağa başladığını, tutquda da azalma olmadığından bundan xəbərinin olmadığını, ona telefon vasitəsilə və ya digər şəkildə məlumat verilmədiyini, belə ki, qeydiyyatda olduğu Şəkərabad kəndində yerləşən ev satıldığından ora gedən bildirişlərdən xəbər tutmadığını, yalnız barəsində axtarış qərarı olduğunu bildikdə polisə getdiyini və Naxçıvana gətirildiyini, icra şöbəsində bugün mart ayından Suvanverdiyevin ərizə verib pulun ayda 250 manat ödənilməsinə razı olmadığını bildirdiyindən xəbər tutduğunu, 12400 manata yaxın borcu olduğunu, birdəfəyə ödəmənin mümkün olmadığını, amma əvvəlki qaydada ödəyə biləcəyini, indiyə qədər “Finca”ya olan borcundan 2300 manatın anasının əmək haqqından çıxılmaqla artıq ödənildiyini, “Finca”nın borcu bağlandıqdan sonra Zərərçəkmiş şəxs1 N manat aylıq ödəniş ediləcəyini, əməlindən peşman olduğunu bildirmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl Əsgərli məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən 4476.35 manat (dörd min dörd yüz yetmiş altı manat otuz beş qəpik) əsas, 587 manat (beş yüz səksən yeddi) faiz borcu olmaqla, cəmi 5063.35 manat (beş min altmış üç manat otuz beş qəpik) borcun cavabdehlər Şəxs, X8 və X3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 ödənilməsi, X6 Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia qismən əsaslı olduğundan cavabdeh Şəxs 10245.50 manat pul məbləğinin, 100 manat mediasiya xərcinin və 114.56 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edildiyini, xx.xx.2024-cü il tarixli qərarla icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduğundan ümumi icraatda birləşdirildiyini, 2(079)- 443/2022 nömrəli icra sənədinin 06 dekabr 2023-cü il tarixdə, 2-2(123)-12/2023 nömrəli icra sənədinin isə xx.xx.2023-cü il tarixdə icra orqanına daxil olduğunu, icraata başlamaq haqqında qərarlar qəbul edilərək tərəflərə məlumat verildiyini, borclunun anasının 01 dekabr 2023-cü il tarixdə şöbəyə müraciət edərək N saylı hərbi hissədə işlədiyini, aldığı N manat əmək haqqından tutularaq hər iki borcun ödənilməsinə yönəldilməsini xahiş etdiyini, Babək Rayon Məhkəməsinin icra sənədi Kommersiya Məhkəməsinin icra sənədindən daha əvvəl icra şöbəsinə daxil olsa da, borcun hər birinə 250 manat olmaqla ödənilməsini borcluya təklif etdiyini, X2 işəgötürəninə əmək haqqına tutmanın yönəldilməsinə dair məktub göndərildiyini, ödənişin 2024-cü ilin yanvarından martına qədər bu şəkildə həyata keçirildiyini, daha sonra Zərərçəkmiş şəxs1 şöbəyə gələrək aylıq 250 manat pulun ödənilməsindən imtina etdiyini, bundan sonra N manat pulun hamısının Finca Banka olan borca yönəldildiyini, tələbkar Zərərçəkmiş şəxs1 icra sənədindəki pulun tam şəkildə alınmasını tələb edərək Şəxs barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etdiyini, borclunun barəsində axtarış qərarı çıxarıldığını, xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verildiyini, hər iki icra sənədinin bir icraatda birləşdirilərək şəxsin barəsində protokol tərtib edildiyini, “Finca”ya olan borcla bağlı ödəmələrin hazırda da davam etdirildiyini, borcla bağlı icra sənədi üzrə ödənişin aparıldığının görünməsi üçün onun da protokola daxil edildiyini, həmçinin tələbkar “Finca”nın ayda 250 manata razı olması ilə bağlı heç bir fikir bildirmədiyini, lakin etiraz da etmədiyini, mişdir. “Finca”ya olan borcdan 2300 manatın borclunun anasının əmək haqqı kartından çıxılma hesabına ödənildiyini, Zərərçəkmiş şəxs1 borcundan isə 634 manat ödənildiyini, Raufun özü ilə əlaqə saxlamaq mümkün olmadığından Zərərçəkmiş şəxs1 borcun hissə-hissə tutulmadan imtina etməsi və tutmanın dayandırılması barədə ona məlumat verilmədiyini, belə ki, icra sənədinin ondan əvvəl digər icra məmurunun icraatında olduğunu, icra işində borcluya tutmanın dayandırılması barədə məlumatın verilməsi barədə heç bir məlumat və ya sənədin oplmadığını, ona N manat tutmanın isə davam etməsi səbəbindən borclunun bundan xəbər tutmasının mümkün olmadığını, şəxsin elektron icra sistemindəki əlaqə məlumatlarındakı nömərələrin çoxuna zəng çatmadığını bildirmiş, şəxsin barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildirişlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda ümumilikdə 12.568 manat borc və 354.40 icra ödənişinin ödənildiyini təsdiq edən sənədlərin icra orqanına təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəməyə təqdim olunmuş sənədlərdən belə məlum olur ki, Babək rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X5 Ordunun Maliyyə-Plan şöbəsinə ünvanlanmış məktubda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2- 2(123)-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 10460.06 manat pul məbləğinin alınaraq Zərərçəkmiş şəxs1 ödənilməli olduğu, həmin icra sənədi üzrə borclu Şəxs anası X2 aldığı əmək haqqından tutqu aparılaraq tələbkarın kart hesabına köçürülməsi üçün xx.xx.2022-ci il tarixdə məktub göndərildiyi, həmçinin tələbkar Zərərçəkmiş şəxs1 tutqunun dayandırılmasına dair müraciəti nəzərə alınmaqla tələbkarın xeyrinə aparılan tutqunun dayandırılıb icra sənədinin şöbəyə geri qaytarılması xahiş olunmuşdur. X5 Ordunun Maliyyə-Plan şöbəsindən 26 mart 2024-cü il tarixdə məktuba cavab olaraq bildirilmişdir ki, icra vərəqəsinin icrası dayandırılaraq geri qaytarılır. X2 pul təminatından ümumilikdə 634 manat məbləğində əsas borc tutularaq Zərərçəkmiş şəxs1 hesabına, 732.20 manat məbləğində icra ödənişi isə icra qurumunun hesabına ödənildiyi bildirilmişdir. Borclu və icra məmurunun məhkəmə iclasında verdiyi izahatı əsasında borcluya Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə anası X2 əmək haqqına yönəldilməklə tutmanın tələbkarın müraciəti əsasında dayandırılması barədə məlumat verilmədiyi müəyyən olunmuşdur. İcra məmuruna məhkəmə iclasında borclunun yaxın qohumunun əmək haqqından tutmaların aparılması icranın dayandırılması barədə məlumat verildiyinə dair sənədləri məhkəməyə təqdim etməsi təklif edilmiş, icra məmuru icra işinin materiallarında bunu təsdiq edən sənədlərin mövcud olmadığını bildirmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2-2(123)-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tutmanın aparılmasına sərf olunan vəsait də həmin vaxtdan Babək Rayon Məhkəməsinin 2(079)-443/2022 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə yönəldildiyindən borclunun bunu bilməsi qeyri-mümkün olmuşdur. Sözügedən halda borclu icra sənədinin onun yaxın qohumunun əmək haqqından tutma aparılmaqla icra edildiyini güman etmiş və buna uyğun olaraq icra məmurunun rəftarına güvənərək icra sənədi ilə bağlı icra məmurunun qanuni tələblərinin icra edildiyini ehtimal etmişdir. Halbuki şəxsin təqsirləndirildiyi İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati xəta tərkibinin yaranmasından söhbət gedir. “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Sözügedən halda isə borclu Şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edildiyi müəyyən olunur. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini icra etməməsi borclunun evli olmaqla himayəsində azyaşlı uşağının olması, gəlirinin şəxsin özü və ailəsinin ehtiyacları həddində olması, mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə və Elektron İcra Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan onun əmək haqqı, pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yol-nəqliyyat vasitəsinin olmadığı, həmçinin “AZEMİS”-dən çıxarışdan himayəsində xx.xx.2017 təvəllüdlü azyaşlı uşağının olması müəyyən olunmuşdur. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində “AZEMİS”dən və Elektron icra sistemindən gəlir məlumatları üzrə çıxarışdan şəxsin "xxxx" Qapalı Səhmdar Cəmiyyətində anbardar vəzifəsində işləyib N manat aldığı, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyib 498.29 manat aldığı görünsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatından şəxsin artıq həmin yerlərdə işləyib gəlir əldə etmədiyi müəyyən olunur. Borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun tələblərinin icrası üçün səy göstərərək icra sənədlərinin hər ikisi üzrə qismən icranı həyata keçirmiş, icra olunmayan hissədə isə icranın təmin edilməməsi üzrlü səbəblərdən qaynaqlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Həmin qərarda qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edibetməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-42/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-42/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver