Məhkəmə qərarları › İş №3(079)-42/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-42/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-42/2025 16.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin kod xxxxxxx), evli, 2 azyaşlı uşaq atası, orta təhsilli, səyyari satışla məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Babək rayonu, Şəkərabad kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 08 mart 2025-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində yaşayan Zərərçəkmiş şəxs 102 xidmətinə zəng edərək qonşusu Şəxs onu döydüyünü bildirmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə 16 aprel 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Babək rayonu, Şəkərabad kəndində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan şəhərində yerləşən “Köhnə bazar”-da səyyari satışla məşğul olduğunu, evli olduğunu, 3 və 5 yaşında 2 övladının olduğunu, əlilliyinin olmadığını, 3 ildir özünə məxsus olan ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşadığını, binada 8 mənzil yerləşdiyini, onlardan birində özünün ailəsi ilə birlikdə yaşadığını, qalan mənzillərin isə ev sahibləri tərəfindən kirayəyə verdiyini, kirayə verilən mənzillərdə qalan şəxslərin yarıçılpaq vəziyyətdə özünün və ailə üzvlərinin qarşısına çıxdıqlarını, evlərə müxtəlif kişilərin giribçıxdığını, həmin evlərdə səs-küy saldıqlarını, tək Gülnisənin deyil, digər qadınların da əxlaq normalarını pozduğunu, bu səbəbdən də evin mülkiyyətçilərinə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə, Naxçıvan Şəhər İcra Hakimiyyətinə və polis şöbəsinə bunlarla bağlı müraciətlər etdiyini, hətta dəfələrlə Post Patrul əməkdaşlarını çağırdığını, özünün evi olmasına baxmayaraq bu səbəblərdən başqa evdə kirayədə yaşadığını, 08 mart 2025-ci ildə axşamüstü evə gedərkən Zərərçəkmiş şəxs qapının ağzında gördüyünü, həmin vaxt Gülnisəyə həm onun özünün, həm də mənzildə yaşayan digər qadınların deməsi üçün ona “bu hadisələri yığışdırmaq lazımdır” dediyini, Gülnəsinin isə onu və hayat yoldaşını təhqir etdiyini, Gülnisə ilə həmin gün təsadüfən qarşılaşdığını, istəmədən onu vurduğunu və su butulkasını ona tərəf deyil kənara atdığını, su butulkasını fərqli istiqamətdə atdığını, sonra Gülnisənin özünü yerə yıxıb səs-küy saldığını, daşı binanın həyətinə düzülmüş pirketlərin üzərindən götürdüyünü, onu vurmaq niyyətinin olmadığını, əsəbi olduğu üçün ona daş atdığını və daşın onun ayağına dəydiyini, özünün binanın ikinci mərtəbəsində, üçüncü mənzildə, Zərərçəkmiş şəxs isə binanın birinci mərtəbəsində, ikinci mənzildə yaşadığını, əməlindən onu vurmaq niyyəti olmadığı üçün peşman olmadığını, Gülnisənin və orada yaşayan digər qadınların tərbiyəsizlik etməsi səbəbindən belə hal yaşandığını, həmin hadisədən sonra evdən çıxdığını və kirayədə yaşadığını, zərərçəkmiş şəxslə aralarında barışıq olmadığını, yekunda isə özünün də həmin vaxt zərər çəkdiyini, zərərçəkmiş şəxsin ona xəsarət yetirdiyini və əlinin zədələndiyini, həmin qadınların ucbatından kirayədə yaşadığını və aylıq 300 manat kirayə haqqı verdiyini, zərərçəkmiş şəxsin ona xəsarət yetirməsi ilə bağlı polis idarəsinə yazılı qaydada şikayət etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında Babək rayonu, Şəkərabad kəndində yaşadığını, subay olduğunu, 13 və 15 yaşında iki övladının olduğunu, “X3”nda ofisiant işlədiyini, 08 mart 2025-ci ildə işdən evə qayıdarkən Şəxs onun qarşısını kəsdiyini və ”əyninizə paltar geyinin” dediyini və onu təhqir etdiyini, özünün isə ona ”haçan məni paltarsız və söyüş söyən görmüsünüz” dediyini, halbuki özünün həmin evdə iki ildir ki, yaşadığını və həmin gün də normal paltar geyinib çıxdığını, həmin vaxt Nemətin onun üzərinə hücum çəkdiyini, bu səbəbdən də özünün kənara çəkildiyini və polis əməkdaşına zəng etdiyini, Nemətin isə yenə ona hücum çəkdiyini və təhqir etdiyini, Nemətin ordakı digər qadına da hücum etdiyini, işi ilə bağlı olaraq gecə saat 3 radələrində evə gəldiyini, həmin vaxt “Bolt” şirkətinin sürücüləri ilə evə gəldiyini, həmin sürücülərin isə müxtəlif şəxslər olduğunu, orada işləyən ustaların Nemətin onu döyməyə qoymadıqlarını, işləyib uşaqlarına çörəkpulu qazandığını, mənzildə yaşayan digər qadınların hansı fəaliyyətlə məşğul olmasının ona aidiyyətinin olmadığını, Nemətin onu daşla vurması səbəbindən ayağının hələ də düzəlmədiyini, işə çıxa bilmədiyini, halbuki iki övladına təkbaşına baxdığını, Şəxslə aralarında barışıq əldə olunmadığını yekunda isə qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli, 63 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sağ baldır nahiyəsinin aşağı 1/3-nin arxa səthinin qançırı və sağ bud nahiyəsinin aşağı 1/3-nin bayır kənarının qançır və sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən, yəni 08 mart 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcələri təyin edilmir. Protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-nə göndərildiyi müəyyən olunur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə olunmuş 16 aprel 2025-ci il tarixli,0840 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 16 aprel 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İXM-in 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əməlin İXM-in 157-ci maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi və həmin əməlin Şəxs tərəfindən törədilməsi isə inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə İXM-in 32.2-ci maddəsinə əsasən şəxsin himayəsində azyaşlı uşaqların olmasını və şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Belə ki, şəxsin barəsində AZEMİS-dən qohumluq məlumatları üzrə çıxarışdan onun himayəsində xx.xx.2019, xx.xx.2022-ci il təvəllüdlü azyaşlı uşaqların olması, həmçinin digər məhkəmə və icra işləri üzrə məlumatlardan əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmadığı müəyyən edilir. İXM-in 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, həbsin tətbiqi ilə bağlı müstəsna halların olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, o, İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 350 (üç yüz əlli) manat cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Həmçinin cərimənin məbləği şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında konkret olaraq göstərilmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə inzibati tənbeh növünün icrası Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar