Məhkəmə qərarları › İş №3(079)-43/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-43/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-43/2024 30.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, 06 avqust 1998-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, (Fin kod–xxxxxxx) Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan, lakin Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, müvəqqəti işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 30 may 2024-cü il tarixli, 202942/7xx-xx/2023 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair «30» may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Protokol tərtib edən orqan Şəxs Babək Rayon Notariat Ofisinin 27 avqust 2023-cü il tarixli, 8İ-2565 nömrəli və 08 aprel 2024-cü il tarixli, 8İ-1146 nömrəli icra qeydlərinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq, onun həmin icra sənəddləri üzrə yaranmış borcunu ödəməkdən yayınması ilə təqsirləndirmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmədə verdiyi izahatında Babək Rayon notariat ofisinin 27 avqust 2023-cü il tarixli icra qeydinin 29 avqust 2023-cü ildə şöbənin icraatına daxil olduğunu, bununla bağlı icraata başlamaq haqqında qərar qəbul edilib tərəflərə məlumat verildiyini, borcluya verilmiş icra sənədləri ona çatmadığından onun mobil nömrəsinə SMS bildiriş göndərildiyini, tələbin yönələ biləcəyi əmlakın olub-olmamasını müəyyən etmək üçün 11 aprel 2024-cü il tarixdə onun qeydiyyatda olduğu ünvana getdiklərini, lakin qapı bağlı olduğundan bunu həyata keçirə bilmədiklərini, Babək rayonu, Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, arayışda borclunun Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olması və onun həmin ünvanda yaşamamasının qeyd edildiyini, bu səbəbdən də borclunun barəsində 24 aprel 2024-cü il tarixdə axtarış verildiyini, 29 may 2024-cü ildə onun axtarış əsasında gətirilərək şöbəyə təhvil verildiyini, borcun icrası ilə bağlı Şəxs vaxt verilsə də ödəniş etmədiyini, ikinci icra sənədinin icra şöbəsinə 09 aprel 2024-cü ildə tarixdə daxil olduğunu, həmin tarixdə icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə məlumat verildiyini, hər iki icra sənədinin icra məmuru Anar müəllimin icraatında olduğunu, hazırda onun əmək məzuniyyətində olduğunu, hər iki icra sənədi üzrə borcluya rəsmi qaydada məlumat verilməsini təsdiq edən sənədlər olmadığını, Şəxs indiyədək hər hansı icra sənədi üzrə ödəniş etmədiyi qeyd etmişdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşadığını, özünə iş qurmaq üçün bankdan 5000 manat kredit götürdüyünü, aylıq ödənişinin 240 manat olduğunu, həmin vaxt Azərmed şirkətində mühafizəçi işlədiyini, aylıq əmək haqqının 375 manat olduğunu, bir gündən bir işə getdiyindən evdə olduğunu günlərdə taksi fəaliyyəti ilə məşğul olduğunu, təqribən bir ildən artıq banka ödəniş etdiyini, daha sonra işdən çıxdığı üçün banka ödəniş edə bilmədiyini, bir müddət gündəlik 6 manat cərimə ödədiyini, lakin sonradan imkanı olmadığından bunu dayandırdığını, daha sonra bankın əməkdaşı ilə borcları ilə bağlı əlaqə saxladığını, həmin vaxt bankın işçisinin ona “işin məhkəməyə veriləcək, orada araşdırılıb, sənə yeni ödəniş qrafiki açılıb, faizlər dayandırılacaq, bundan sonra ödəniş edəcəksən” dediyini, ona görə də özünün neçə müddətdir ki, məhkəməyə çağırılmasını gözlədiyini, yəni özünün borcla bağlı məhkəmə keçiriləcəyini və hissə-hissə ödənişlə bağlı qərar çıxacağını düşündüyü üçün bir ildən artıqdır ki, ödəniş etmədiyini, digər icra sənədi üzrə isə özünün yanıldığını, belə ki, dostuna telefon almaq üçün mağaza getdiklərini, özünün ona zamin durmaq üçün banka getdiyini, bir müddət sonra özünə telefon almaq üçün mağazaya gedən zaman telefonla bağlı borcun öz adına sənədləşdirildiyini öyrəndiyini, buna görə borc yarandığını, həmin səbəbdən mağazaların ona kreditlə telefon satmaqdan imtina etdiyi, daha sonra dostunun əvəzindən hər ay 56 manat olmaqla, iki ay ödəniş etdiyini, barəsində olan icra sənədlərindən isə ümumiyyətlə məlumatının olmadığını, 29 may 2024-cü ildə bunu öyrəndiyini, belə ki, həmin vaxt ona bir nəfərin zəng edərək banka olan borcu ilə bağlı görüşmək istədiyini dediyini, özünün də həmin şəxsin bankın əməkdaşı olmasını düşündüyünü, onunla görüşdükdən sonra zəng edənin bankın işçisi deyil, polis işçisi olmasını öyrəndiyini, polis əməkdaşının ona barəsində axtarış olduğunu, onun Naxçıvana göndərməli olduğunu dediyini, bundan sonra Naxçıvan Babək Rayon Polis İdarəsinə, daha sonra isə babasının evinə getdiyini, əvvələr babasının ona zəng edərək ona borcla bağlı sənəd gəldiyini dediyini, özünün də babasına “bilirəm, məhkəmə olacaq, sonra ödəyəcəyəm” dediyini, hazırda özünə yeni iş qurduğunu, iki gün ərzində yeni maşın götürərək ərəblərlə işləyib yaxşı qazanc əldə edəcəyini və borcunun yarısını bir aya ödəyə biləcəyini, əvvəllər də bir gün bu işlə məşğul olduğunu və bir gün üçün 400 manat qazanc əldə etdiyini, bankın işçisinin onu düzgün yönəldəmədiyinə görə, yəni neçə vaxtdır məhkəməyə çağırılmasını gözlədiyinə görə ödəniş etmədiyini qeyd edərək, bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon notariat ofisinin 27 avqust 2023-cü il tarixli, 8İ-2565 nömrəli icra qeydindən Şəxs 4644 (dörd min altı yüz qırx dörd) manat 23 (iyirmi üç) qəpik məbləğində pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, 08 aprel 2024-cü il tarixli, 8İ-1146 nömrəli icra qeydindən isə 272 (iyi yüz yetmiş iki) manat 09 (doqquz) qəpik məbləğində pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi müəyyən olunur. Bu isə barəsində hüquqi həllindən danışılan şərtin mövcudluğunu təsdiq edir İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndlərində göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəmə bildirir ki, Şəxs hər iki icra sənədi üzə icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə məlumatın rəsmi qaydada verilməsi öz təsdiqini tapmır. Baərsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə icra işlərindən 29 may 2024-cü ildə məlumatının olmasını qeyd etmişdi. İnzibati xəta haqqında protokol tərtib edən orqanın əməkdaşı məhkəməyə Şəxs qeyd etdiyi faktı təkzib edəcək faktı təqdim edə bilməmişdi. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsi ilə müəyyən edilir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Bu norma İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində də öz əksini tapmışdı. Belə ki, həmin normaya əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati xəta haqqında işə baxılması zamanı Şəxs barəsində olan hər iki icra işi sənədlərinə məhkəmə tərəfindən baxış keçirilmiş və yuxarıda qeyd edilən icra sənədlərin ona rəsmi qaydada verilməməsi müəyyən edilmişdi. Məhkəməyə təqdim edilmiş SMS məlumatın status bölməsindən isə həmin məlumatın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çatdırılıbçatdırılmamasını müəyyən etmək mümkün deyil. Bundan başqa icra məmuru məhkəmədə verdiyi izahatında icra sənədi icraatında olan icra məmurunun Şəxs mobil nömrəsi ilə əlaqə saxlaya biləcəyini qeyd etsə də, icra işi materiallarında bunu təsdiq edəcək telefonoqram olması də öz təsdiqni tapmamışdı . Yuxarıda qeyd ediləndən belə nəticəyə gəlmək olur ki, Şəxs özü barəsində Babək Rayon Notariat Ofisinin 27 avqust 2023-cü il tarixli, 8İ-2565 nömrəli və 08 aprel 2024-cü il tarixli, 8İ-1146 nömrəli icra qeydləri üzrə icra işlərinin olmasından 29 may 2024-cü ildən məlumatlı olmuşdu. Bu səbəbdən həmin icra sənədləri üzrə tələbin könüllü icra üçün müddətdən həmin müddətdən hesablanmalıdır. Məhkəmə bildirir ki, şəxsin özünün hər hansı bir kreditora borcunun olmasını bilməsini, borclunun özü barəsində icra işinin olması ilə eyniləşdirmək düzgün olmaz. Həmçinin Babək rayonu, Nehrəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 fevral 2024-cü il tarixdə Şəxs Babək rayonu, Nehrəm qəsəbəsində yaşamaması barədə arayış verilsə də, icra məmuru formal olaraq icra haqqında qanunvericiliyin tələblərinə əməl etmək üçün arayışın verilməsindən əvvəl yox, onun verilməsində iki ay sonra borclunun yaşadığı evə baxış keçirməsi üçün həmin qəsəbəyə getmişdi. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54.1-ci maddəsi ilə müəyyən edilir ki, icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən isə 08 aprel 2024-cü il tarixli, 8İ-1146 nömrəli icra qeydinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icraatına 08 aprel 2024-cü ildə daxil olması müəyyən edilsə də, Babək Rayon Notariat Ofisinin 27 avqust 2023-cü il tarixli, 8İ-2565 nömrəli icra qeyd üzrə açılmış icra işinin 08 aprel 2024-cü il tarixli, 8İ-1146 nömrəli icra qeydi üzrə açılmış icra işinə birləşdirilməsinin məhkəməyə inzibati xəta haqqında protokolun verildiyi günə təsadüf etməsi aydın olur. İcra məmuru isə borcluya rəsmi qaydada xəbərdarlığı birinci dəfə 29 may 2024-cü ildə təqdim edərək, ona tələbin könüllü icrası üçün bildirişi rəsmi qaydada təqdim etmədən və icra sənədinin icrası üçün icraata başlamaq haqqında qərarlarla müəyyən edilmiş 10 günlük könüllü icra müddətini gözləmədən Şəxs barəsində məhkəməyə inzibati xəta haqqında protokol təqdim etmişdi. Qeyd edilənlər isə onu deməyə imkan verir ki, icra məmuru tərəfindən icra işi qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirməməsi, yəni borclunun icra işi barədə lazımi qaydada məlumatlandırılması, ona icra sənədlərini təqdim edilməsi onun barəsində olan icra işlərindən məlumatsız olması ilə nəticələnmişdi. Bütün bu araşdırlanlar isə onu sübut edir ki, borclunun əməlində barəsində danışılan ikinci şərt , yəni bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmək və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməmək mövcud deyil. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin “30” may 2024-cü il tarixli, ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar