Məhkəmə qərarları › İş №3(079)-44/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-44/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-44/2023 10.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, (Fin kod – xxxxxxx) Babək rayonu, Naxışnərgiz kəndində qeydiyyatda olan, lakin Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 1, mənzil 21-də yaşayan, müvəqqəti işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 10 aprel 2023-cü il tarixli, 14727/xx-xx/2023 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 aprel 2023-cü il tarixli, 013140 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru üçüncü dərəcəli ədliyyə qulluqçusu X3 məhkəmədə verdiyi izahatında Babək Rayon Məhkəməsinin icra sənədinin 18 yanvar 2023-cü ildə şöbənin icraatına daxil olduğunu, 19 yanvar 2023-cü ildə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edildiyini, qərarın və tələbin könüllü icrası barədə bildirişin 24 yanvar 2023-cü ildə borcunun xalasına təqdim edildiyini, sənədlər onun xalası tərəfindən qəbul edildiyindən özünün şəxsən borclu ilə telefonla əlaqə saxladığını, həmin vaxt 2023-cü ilin yanvar ayının sonları olduğunu, Şəxs ona babasının rəhmətə getdiyini bildirdiyini, bu səbəbdən də ona 4-5 gün möhlət verdiyini, daha sonra isə borclunun ona Bakı şəhərində yaşadığını, icra sənədinin icra olunması üçün yaşadığı yer üzrə göndərilməsini xahiş etdiyini, lakin onun bu barədə icra şöbəsinə rəsmi qaydada bunu təsdiq edən sənəd təqdim etmədiyini, 06 fevral 2023-cü ildə isə borclunun barəsində axtarış verdiyini, 10 aprel 2023-cü ildə polis əməkdaşlarının onu icra şöbəsinə təhvil verdiyini, ona bu gün xəbərdarlıq verilənədək onun tələbkarın hesabına 300 manat ödəniş edildiyini, həmçinin bu gün bocludan izahat alındığını, borclu işsiz olduğundan icra sənədi üzrə müəyyən olunmuş borcu ödəyə bilmədiyini dediyini, onun tələbin yönələ biləcəyin əmlakının olmadığını, borclu Bakı şəhərində yaşadığından onun yaşadığı mənzilə baxış keçirə bilmədiyini, indiyədək borcluya bir dəfə rəsmi qaydada xəbərdarlıq verildiyini, icra sənədi üzrə hazırda 1182,48 manat məbləğində borc qaldığını, borclunun icra şöbəsinə hər ay icra sənədi üzrə 300 manat ödəniş edə biləcəyi barədə ərizə ilə müraciət etmədiyini, əgər bu barədə müraciət etsə idi tələbkarla bu barədə danışıb onunla razılaşmağın mümkün ola biləcəyini qeyd etmişdi. Şəxs məhkəmədə verdiyi izahatında Bakı şəhərində yaşadığından sənədlərin ona gəlmədiyini, icra sənədlərini həqiqətən də xalasının aldığını, icra məmurunun ona zəng edərək borc barədə ona xəbər verdiyini, həmin vaxt babası rəhmətə getdiyindən başı yasa qarışıq olduğunu, daha sonra isə icra məmuru ilə əlaqə saxlayaraq icra sənədinin icra üçün yaşadığı yerə göndərilməsini xahiş etdiyini, çünki maddi vəziyyətinin Naxçıvan gəlib-getməyə imkan vermədiyini, hazırda kirayədə yaşadığı evin sahibi Qarabağ ərazisində olduğundan onunla evə müvəqqəti qeydiyyata düşmək barədə sənədləşmə işlərini aparıb, həmin sənədi icra məmuruna verə bilmədiyini, babasının yasından sonra işləmək üçün Türkiyə Respublikasına getdiyini, orada təqribən bir həftə qaldığını, lakin iş tapmadığından Bakı şəhərinə geri qayıtdığını, hazırda orada kirayədə yaşadığını, atasının öldüyünü, 2023-cü ilin yanvar ayında babasının rəhmətə getdiyini, onun yas xərcini özü çəkdiyindən maddi vəziyyətinin yaxşı olmadığını, yuxarıda qeyd edilən səbəblərə görə iki ay ərzində icra sənədi ilə bağlı ödəniş edə bilmədiyini, həmçinin anası ilə tələbkarın nümayəndəsi ilə danışığa getdiyini, ona hər ay 100 manat ödəyə biləcəyini, bu barədə aylar üzrə yeni bölgü verməsini xahiş etdiyini, lakin qarşı tərəfin buna razı olmadığını, özünün icra sənədini Bakı şəhərinə göndərilməsi barədə xahiş edib, ünvanını icra məmuruna verməsindən sonra polislərin onu evinə gəlib Naxçıvana gətirdiklərini, bura gətirilməsi zamanı nənəsinin tələbkarın hesabına 300 manat pul ödədiyini, bundan sonra hər ay 300 manat ödəməyə çalışacağını, özü işsiz olduğundan və Bakı şəhərində kirayədə yaşadığından borcu bir dəfəyə verməyə maddi imkanın olmadığını və qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(079)-541/2022 nömrəli icra sənədindən tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli, 23273655 nömrəli müqavilə üzrə 1316.6 (bir min üç yüz on altı manat, altmış qəpik) manat məbləğində ödənilməmiş hissənin, 131.4 (bir yüz otuz bir manat, qırx qəpik) manat məbləğində cərimənin, ümumilikdə 1448 (bir min dörd yüz qırx səkkiz) manat məbləğində borcun və 34.48 (otuz dörd manat, qırx səkkiz qəpik) manat miqdarında dövlət rüsumunun Şəxs alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinin qət edilməsi müəyyən olunur. Bu isə o deməkdir ki, yuxarıda qeyd edilən ilkin şərt mövcuddur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 19 yanvar 2023-cü il tarixi icraata başlamaq haqqında qərarının və eyni tarixli, 14727/xx-xx/2023 nömrəli tələbin könüllü icra barədə bildirişin surətindən Babək Rayon Məhkəməsinin 2(079)-541/2022 nömrəli icra sənədinin şöbənin icraatına qəbul edilməsi və onun icrası üçün borcluya 10 (on) günlük müddət müəyyən edilməsi və bu icra sənədlərinin borcluya rəsmi qaydada təqdim edilməsi aydın olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İşdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan isə təsdiq edilir ki, Babək Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(079)-541/2022 nömrəlin borcludan tutulmalı olan məbləğ tam icra edilməyib. Hazırda həmin icra sənədi üzrə 300 manat ödəniş həyata keçirilib. Bu qeyd edilənlər isə ikinci şərtin mövcudluğunu təsdiq edir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən sözü gedən icra sənədinin icrası ilə bağlı icra məmurunun 10 aprel 2023cü ildə borcluya yazılı qaydada xəbərdarlıq təqdim etməsi sübuta yetirilir. İşdə iştirak edən şəxslərin məhkəmə verdiyi izahatlarından isə aydın olur ki, borclu ona xəbərdarlıq verilməşişdən öncə tələbkara olan 300 manat ödəniş etmiş, yəni o, icra məmurunun ona etdiyi xəbərdarlığa etinasız yanaşmamışdı. Şəxs icra məmuru tərəfindən edilmiş xəbərdarlığın müsbət mənada təsiri olmuş və o, icra sənədinin icrası ilə bağlı hərəkətsiz qalmamışdı. Həmçinin həm icra məmurunun həm də borclunun məhkəmədə verdiyi izahatdan aydın olur ki, Şəxs barəsində olan icra sənədinin icra etməkdən yayınmamış, əksinə onu faktiki yaşadığı yer üzrə göndərilməsini xahiş etmiş və bununla bağlı ünvanını icra məmuruna təqdim etmişdi. Bu fakt isə onun icraya münasibətdə vicdanlı olmasına dəlalət edir. Bundan başqa məhkəmə bildirir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan borclunun işsiz olması, onun barəsində olan icra sənədi üzrə tələbin yönələ biləcək əmlakın olması, Babək Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(079)-541/2022 nömrəli icra sənədində qeyd edilən məbləği bir dəfəyə ödəməsini təsdiq edəcək üzrlü halın olması müəyyən edilmir. Yəni Şəxs Babək Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(079)-541/2022 nömrəli icra sənədi üzrə yaranmış borcu tam ödəməsi üçün maddi vəziyyətinin yetərli olması öz təsdiqini tapmır. Əksinə onun hazırda Bakı şəhərində kirayədə yaşaması, icra sənədinin icrası ilə bağlı məsuliyyəti dərk edərək tələbkarla razılı əldə etməyə çalışmasını məhkəmə üzrlü hal kimi qəbul edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs hazırki vəziyyətdə Babək Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(079)-541/2022 nömrəli icra sənədini üzürlü səbəbdən tam icra edə bilmir. Yəni hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 10 aprel 2023-cü il tarixli, 013140 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar