Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-44/2024 31.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1975-ci ildə Naxçıvan rayonu Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Babək rayonu Qahab kəndində yaşayan, orta təhsilli, fərdi sahibkar VÖEN – **********, evli, məhkumluğu olmayan, (Fin kod – xxxxxxx), Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 5445-2024 nömrəli məktubu ilə Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-ci il tarixli, 010654 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs tərəfindən THC (tetrahidrokannabinol) istehlak edildiyi aşkar olunmuşdur. 29 may 2024-cü il tarixli, 0737 nömrəli inzibati qaydada tutma protokolundan şəxsin həmin taraixdə saat 1500-da tutulub xx.xx.2024-cü il tarixdə 1005-də azad edilmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, İXM-in 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törədilməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə İXM-in 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs əməlində qeyd edilən dispozitiv şərtlərin mövcud olması ilə bağlı isə məhkəmə bildirir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində psixotrop maddə, həmçinin narkotik vasitə, psixotrop maddələrin və prekursorların dövriyyəsi və qanunsuz dövriyyəsinin anlayışları verilmişdir. Həmin maddəyə əsasən psixotrop maddələr - Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı təbii və ya süni maddələr, təbii materiallar, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, tetrahidrokannabinol (bütün izomerləri) psixotrop maddədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Sözügedən qanunun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2024-cü il tarixli, 957 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində babək rayonu Qahab kəndində qeydiyyatda olan Şəxs xx.xx.2024-cü il tarixdə götürülmüş sidik nümunəsində THC (tetrahidrokannabinol) müsbət aşkar olunduğu qeyd olunmuşdur. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 203 nömrəli rəyinə əsasən Şəxs epizodik kannabinoid qəbulu aşkar olunur. Hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacının olmadığı, lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə istifadəsinin inkar olunmadığı, xx.xx.2024-cü il tarixdə dispanserdə sidik narkotest vasitəsilə müayinə olunduğu və THC (tetrahidrokannabinol) qəbulunun müsbət aşkar olunduğu qeyd edilmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarşılıqlı şəkildə tədqiq etdikdə onun İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan məhkəmə iclasında tədqiq olunan ekspert rəyi ilə sübuta yetirilmişdir. Bundan əlavə Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında fərdi sahibkar olmaqla Naxçıvan şəhəri 57 adlanan bazarda satıcı işlədiyini, meyvə-tərəvəz alıb satdığını, bununla bağlı olaraq hər gün gecə saat 3-dən günorta saat 13:00-a qədər bazarda olduğunu, evli olsa da arvadı ilə ayrı yaşadıqlarını, 23 və 25 yaşlarında iki övladının olduğunu, xx.xx.2024-cü il tarixdə polis idarəsinin əməkdaşılarının evə gəlib onu şöbəyə çağırdıqlarını, ilk öncə polis şöbəsində narkotestdən keçirildiyini, orada heç nə çıxmadığını, daha sonra isə Y.Budaqov adına X2 getdiklərini, hər ikisində nümunələri özünün verdiyini, polisin aparatında çıxmasa da dispanserdən müsbət çıxdığını, özünün 2013-cü ildə Bakı şəhərində istehlak miqdarından artıq marixuana saxlamağa görə 4 il müddətinə azadlıqdan məhrum edildiyini, 2018-ci ildə cəzasını çəkib çıxdığını, həmin vaxt İrandan gələrkən qaçaqmalçılıq tərəfindən maddənin aşkar olunduğunu, marixuananı Bakıda olan vaxtlar dost-tanışla birlikdə məclislərdə qəbul etdiyini, daimi qəbul edən olmadığını, asılılıq olmadığından müalicə də almadığını, cəzasını çəkdikdən sonra Naxçıvandan çıxmadığını, daimi olaraq Babək rayonu Qahab kəndində yaşadığını, 2013-cü ildən heç bir maddə qəbul etmədiyini, törətməsə də əməlindən peşman olduğunu, himayəsində yaşlı anası və bacısının olduğunu, onlara baxdığını bildirmiş, bunlar nəzərə alınmaqla barəsində cərimə tənbeh tədbirini tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması gedişində Şəxs tibbi göstəriş - həkimin təyinatı əsasında psixotrop maddələri istehlak etdiyi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu 17-ci maddəsinin 4-cü hissəsi ilə müəyyən edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarda istehlakı ilə bağlı əməllər şəxsin inzibati məsuliyyətə, şəxsi istehlak miqdarından yuxarı miqdarla bağlı olan əməllər isə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəbdir. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin İXM-in 206-cı maddəsinin qeyd hissəsində satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxsin bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilməsi göstərilsə də hazırda qeyd edilən hal mövcud deyil. İXM-in 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxsə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətadır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bunu nəzərə alan məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Məhkəmə onu da vurğulayır ki, İXM-in 115.3-cü maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. "Narkomanlıq" diaqnozu yalnız həkim-məsləhət komissiyası tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilə bilər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkomanlıq xəstəliyinə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X3 tərəfindən verilmiş rəydə Şəxs məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-44/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-44/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver