Məhkəmə qərarları › İş №3(079)-45/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-45/2022

03.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-45/2022 03.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxx 1972-cı ildə Naxçıvan rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), təqaüdçü, evli, 3 (üç) uşaq atası, ali təhsilli, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Babək Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 25 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinə müraciət edərək 22 noyabr 2022-ci il tarixdə, saat 21:05 radələrində əvvəlcədən tanıdığı, qonşuluğunda yerləşən ərazidə yaşayan “Vilayət” adlı şəxsin şəxsi yaşayış evinin qarşısında heç bir səbəb olmadan onu təhqir edərək döydüyü barədə məlumat vermiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 03 dekabr 2022-ci il tarixli, 010483 nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs 22 noyabr 2022-ci il tarixdə saat 2100 radələrində Babək şəhəri ərazisində həmyerlisi Babək şəhər sakini Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 22 noyabr 2022-ci il tarixdə saat 6-dan sonra axşamçağı evdən çıxıb yeridiyini, həmin vaxt qardaşına borclu olan şəxslərin olması səbəbindən əsəbi olduğunu, Zərərçəkmiş şəxs Babək şəhəri, Vaqif küçəsi ünvanında yerləşən evinin kənarında dayandığını, Zərərçəkmiş şəxs ona tərəf baxıb gülərək “ağılsız” ifadəsini işlətdiyini zənn etdiyini, buna görə əsəbləşdiyini, ona tərəf yeriyib “ağsaqqal adamsan, özünə hörmət qoy, get işinlə məşğul ol” dediyini, hava soyuq olduğu üçün Nadir kişinin üstündə qalın üst geyimi olduğunu, onun qolundan yapışıb kənara itələdiyini, Nadir kişinin bir ayağını yerə qoyub yıxıldığını, bunun qarşılığında Nadir kişinin ona qarşı heç bir ifadə işlətmədiyini, daha sonra ona kömək etmədən oradan uzaqlaşdığını, həmin vaxt ətrafda onları görən kimsənin olmadığını, 23 noyabr tarixində Nadir kişinin qapısına gəldiyini, ondan etdiyi əmələ görə üzr istədiyini, hazırda da əməlindən peşman olduğunu, ona qarşı etdiyi hərəkətlərə görə peşman olduğunu, əgər onu bağışlayarsa bütün ömrü boyu ağsaqqal kimi onun qulluğunda duracağına dair söz verdiyini, əvvəllər Zərərçəkmiş şəxs özü və ya ailə üzvləri ilə heç bir ədavətinin olmadığını, atasının ağır xəstə olmaqla İ dərəcə əlilliyi olduğunu, həmçinin yetkinlik yaşına çatmayan 3 övladının olduğunu, müharibə iştirakçısı olmasını, uzun illər polis əməkdaşı kimi fəaliyyət göstərməsini nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında şəxsin ailə vəziyyəti, atasının ağır xəstə olması, səmimi peşmançılığı nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid qismində izahat verən Zərərçəkmiş şəxs ünvan 4 ünvanında qeydiyyatda olsa da oğluna məxsus Babək şəhəri, Vaqif küçəsində yerləşən həyət evində tək yaşadığını, 79 yaşı olduğunu, yerli olaraq tanıdığı Vilayət adlı şəxsin 22 noyabr 2022-ci il tarixdə axşamçağı dəqiq xatırlamadığı saatda onu çağırdığını, çölə çıxdıqdan sonra Vilayətin ona tərəf yeriyib sinəsindən yapışıb üzü üstə yerə yıxıb sürüdüyünü, yerdən qalxmadan ona “sənə nə etmişəm, bəlkə nəsə qəbahətim var” deyə soruşduğunu, bu zaman Vilayətin onu təhqir etdikdən sonra eyni vəziyyətdə buraxıb çıxıb getdiyini, burnundan qan açıldığını, həmçinin burnunun əzildiyini hiss etdiyini, birtəhər yerindən qalxıb evə girib qorxudan qapını kilidləyib əl-üzünü yuyub yatdığını, 23 noyabr tarixində Vilayətin atası Hidayətin evinə gedib oğlunun əməlini ona bildirdiyini, atasının da oğlunun əməlinə haqq qazandırıb onu müdafiə etdiyini, sonra İcra nümayəndəsinə xəbər verdiyini, onun da polis orqanına müraciət etməyi məsləhət gördüyünü, daha sonra ekspert tərəfindən müayinə olunduğunu və burnunun yıxıldığı yerə dəydiyindən xəsarətin bərk əşyanın təsirindən törənməsi barədə rəy verildiyini, Vilayətin bu kimi əməli dəfələrlə tanıdığı digər şəxslərə qarşı da tətbiq etdiyini, “Natiq” adlı şəxsi də səbəbsiz yerə döyüb xəsarət yetirdiyini, buna görə və özünün yaşlı olması səbəbindən əməli törədən şəxsi bağışlamadığını bildirmiş, qanuni şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Babək rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı şikayət ərizəsi əsasında toplanmış materiala baxaraq cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli, 141 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – burnunun yumşaq toxumasının şişkinliyi və sıyrığı, hər iki diz oynağı nahiyyəsində sıyrıqlar bərk küt əşyanın təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti müayinə olunanın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 03/1992 nömrəli arayışdan görünür ki, Şəxs Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durur və müddətsiz olaraq 80 manat Prezident təqaüdü ödənilir. Həmçinin Elektron Məhkəmə X1 Vilayət Hidayət oğlunun gəlir məlumatları üzrə çıxarışdan və 030555 nömrəli vəsiqədən Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı alması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 1655 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvlərinə arvadı və 3 övladı daxildir. İş materiallarına əlavə olunmuş nikah və doğum haqqında şəhadətnamələrin surətindən və Elektron Məhkəmə X1 Vilayət Hidayət oğlunun qohumluq məlumatları üzrə çıxarışdan Şəxs evli olduğu və himayəsində xx.xx.2007, xx.xx.2011 və xx.xx.2016-cı il təvəllüdlü övladlarının olduğu müəyyən olunur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq agentliyinin PHŞ Babək rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 94 nömrəli arayışdan görünür ki, Şəxs Babək rayon Məşğulluq Mərkəzində işsiz və iş axtaran kimi qeydiyyatda deyil və ona heç bir müavinət ödənilməmişdir. İş materiallarına əlavə olunmuş 03 dekabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 03 dekabr 2022-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuş, həmin tarixdə 15:35-də azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi və həmin əməlin Şəxs tərəfindən törədilməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, ekspert rəyi, məhkəmə iclasında şahid kimi dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini-3 yetkinlik yaşına çatmayan uşağının olmasını həmin məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati xətanı törədən şəxsin şəxsiyyətini, əməlin xarakterini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 dekabr 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün inzibati qaydada tutulmuşdur. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar