Məhkəmə qərarları › İş №3(079)-45/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-45/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-45/2023 10.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi ilə xx xxxxxx 1982-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, natamam orta təhsilli, evli, məhkumluğu olmayan, (Fin kod – xxxxxxx), qəbir daşı düzətməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 Polis Şöbəsinin xx.xx.2023-ci il tarixli, ***-**** nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023ci il tarixli, 010654 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən MDMA (metilendioksimetilamfetamin) və OPİ (opioid) istehlak edildiyi aşkar olunmuşdur. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törədilməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs əməlində qeyd edilən dispozitiv şərtlərin mövcud olması ilə bağlı isə məhkəmə bildirir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində psixotrop maddə, həmçinin narkotik vasitə, psixotrop maddələrin və prekursorların dövriyyəsi və qanunsuz dövriyyəsinin anlayışları verilmişdir. Həmin maddəyə əsasən psixotrop maddələr - Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı təbii və ya süni maddələr, təbii materiallar, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, MDMA psixotrop maddədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Sözügedən qanunun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olubolmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 xx.xx.2023-cü il tarixli, 426 nömrəli arayışda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:45-də Y.Budaqov adına X2 narko-test vasitəsilə müayinə olundu və nəticədə MDMA (metilendioksimetilamfetamin) və OPİ (opioid) müsbət aşkar olundu. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 72 saylı rəyinə əsasən ekspert komissiyası Şəxs tibbi müayinəsi nəticəsində onun alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, onda psixi və fiziki asılılıq əlaməti olmadığına görə məcburi müalicəyə ehtiyacının olmadığı, xx.xx.2023cü il tarixdə narkotestdən keçirilməsi nəticəsində MDMA (metilendioksimetilamfetamin) və OPİ (opioid) qəbulu aşkar edildiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarışlılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan ekspert rəyi, digər yazılı sübutlar və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin xx.xx.2013-cü il tarixdən Y.Budaqov adına X2 “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” ilə qeydiyyatda dayandığı müəyyən olunur. Bundan əlavə Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında xx.xx.2023cü il tarixdə qardaşı X8 ilə avtobusla digər qardaşı çəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Səfərov Turalı ziyarət etmək üçün Bakı şəhərinə yola düşdüklərini, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakıya çatdıqlarını, qardaşı Turalı ziyarət etdikdən sonra 28 may vağzalında tanımadıqları taksi sürücüsündən 1 istifadəlik psixotrop maddə aldıqlarını, bunun qarşılığında 25 manat pul verdiklərini, vağzalda kafedə oturub istifadə etdiklərini, oradan isə birbaşa hava limanına gəlib Naxçıvana qayıtmaq üçün təyyarə bileti alıb Naxçıvana gəldiklərini, çıxışda polis əmkdaşlarının yaxınlaşıb üzərinə baxış keçirdikdən sonra tibbi müayinə olunduğunu, bir gün əvvəl istifadə etdiyindən narkotest nəticəsində qadağan olunmuş maddə istifadə etdiyinin aşkar olunduğunu, ekspertin rəyinə etirazının olmadığını, bundan sonra xx.xx.2023cü il tarixdə tutulduğunu, özünün evli olmaqla 1 azyaşlı övladının olduğunu, 2014-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq daşımasına görə barəsində hökm çıxarıldığını, 2 il 6 ay müddətə azadlıqdan məhrum edildiyini, cəzasını çəkdiyini, ondan sonra uzun müddətdir ki, belə əməllərə yol vermədiyini, qəbir daşı düzəltməklə ailəsini saxladığını, 2013-cü ildən dispanserdə qeydiyyatda olduğunu, əlilliyinin olmadığını, törətdiyi əməldən səmimi peşman olduğunu, belə bir əmələ bir daha yol verməyəcəyini bildirmişdir. Məhkəmə araşdırması gedişində Şəxs tibbi göstəriş əsasında həkimin təyinatı əsasında psixotrop maddələri istehlak etdiyi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu 17-ci maddəsinin 4-cü hissəsi ilə müəyyən edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarda istehlakı ilə bağlı əməllər şəxsin inzibati məsuliyyətə, şəxsi istehlak miqdarından yuxarı miqdarla bağlı olan əməllər isə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəbdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. X6 Məcəlləsinin 206-cı maddəsinin qeyd hissəsində satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxsin bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilməsi göstərilsə də hazırda qeyd edilən hal mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxsə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətadır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil olmadığı müəyyən olunur. Göstərilən hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Qanunvericiliyin qeyd edilən normasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alan məhkəmə hesab edir ki, ona 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İnzibati həbs tənbeh tədbirinin nə vaxtdan hesablanması məsələsinə gəldikdə isə işin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün inzibati qaydada tutulmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması müddəti xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.3-cü maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. "Narkomanlıq" diaqnozu yalnız həkim-məsləhət komissiyası tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən edilə bilər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkomanlıq xəstəliyinə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydə Şəxs məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qər Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, onun barəsində 1 (bir) ay 15 (on beş) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin müddəti 09 aprel 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun və qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar