Məhkəmə qərarları › İş №3(079)-46/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-46/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-46/2022 07.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli (FİN kodu-xxxxxxx), evli, üç uşaq atası, müvəqqəti işsiz, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək Rayon İcra və Probasiya şöbəsinin 07 dekabr 2022-ci il tarixli, 16146/3xx-xx/2022 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 dekabr 2022-ci il tarixli, 012302 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında Zərərçəkmiş şəxs əvvəllər qardaşı Turabla evli olduğunu, onların Babək rayonu, Cəhri qəsəbəsində yerləşən və özünə məxsus olan evdə yaşadıqlarını, Təhminə ilə qardaşı boşandıqdan sonra tələbkarın ona qarşı məhkəmədə evə çəkilmiş xərclərlə bağlı iddia qaldırdığını, məhkəmə qətnaməsi ilə ondan 16000 manat məbləğində pulun tutulmasının qərara alındığını, həmin qətnamə ilə müəyyən edilmiş borcdan bu günədək ödəniş edə bilmədiyini, lakin özünə məxsus olan dəyəri 35000 manat təşkil edən, yəni Təhminə ilə qardığını əvvəllər birlikdə yaşadığı ona təklif etdiyini, lakin Zərərçəkmiş şəxs onun bu təklifini qəbul etmədiyini, daha çox məbləğə imkanı olmadığı üçün ona hər ay 200 manat ödəniş etməyi təklif etdiyini, Təhminənin bu təklifi də qəbul etmədiyini, özünün çobanlıq etdiyini, üç uşağının olduğunu, böyük övladının İİ qrup əlil olduğunu, anasının onunla birlikdə qaldığını, özünün aylıq gəlirinin 300 manat olduğunu, anasının aldığı pensiya ilə evin ərzağını almaqla ona dəstək olduğunu, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pulu bir dəfəyə ödəməyə maddi imkanının olmadığını, özünün əvvəllər 1989-cu il buraxılışlı “Niva” markalı maşını olduğunu, onu 2020-ci ildə sdını xatırlamadığı Şahbuz rayonu, Türkeş kənd sakininə etibarnamə ilə 2500 manata satdığını, adına evdən başqa digər əmlakın olmadığını, onu da Təhminəyə təklif etdiyini, tələbkar evi həmin istər satsın, istərsə də orada qalsın buna qarışmadığını, məhkəmə qətnaməsinin icra edilməsi üçün icra məmuru tərəfindən ona 3-4 dəfə xəbərdarlıq edildiyini, lakin maddi imkanı olmadığı üçün onu icra edə bilmədiyini qeyd etmişdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında Babək Rayon Məhkəməsinin qətnaməsi əsasında borcludan təqribən 16000 manat pulun tutulub ona verilməli olduğunu, qətnamə ilə ona ev yox, pulun verilməsinin qərara alındığını, məhkəmə qətnaməsi ilə ona ev təklif edilmədiyini, Qəmbərin hazırda 150 baş mal-heyvanın olduğunu, bundan başqa qardaşının da onunla birlikdə yaşadığını və onun hərbi qulluqçu işlədiyini, özünün iki uşaqla birlikdə kirayədə yaşadığını, qızının ödənişli təhsil aldığını, özünə hər hansı bir şəxs tərəfindən maddi köməklik edilmədiyini, borclu tərəfindən həqiqətən də ona Babək rayonu, Cəhri qəsəbəsində yerləşən əvvəllər özünün ailəsi ilə birlikdə yaşadığı evin təklif edildiyini, lakin özünün bu təklifi qəbul etmədiyini, çünki həmin həyətdə üç ev yerləşdiyini, həmin evi nə sata biləcəyini, nə də həmin evdə yaşaya bilməyəcəyini, borclunun ona hər ay 200 manat ödəməsi təklifini də qəbul etmədiyini, bütün bu qeyd edilənlərin nəzərə alaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pulun ona tam ödənilməsini istədiyini bildirmişdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(079)-68/2022 nömrəli icra sənədindən Babək rayonu Cəhri qəsəbəsində 437.06 kvadrat metr torpaq sahəsi üzərində 2008-ci ildə tikilmiş birmərtəbəli, 3 yaşayış otağı, salon, sanitar qovşağı, hamam, mətbəx, təsərrüfat otağından ibarət yaşayış sahəsi 53.39 kvadrat metr, köməkçi sahə 53.75 kvadrat metr olmaqla ümumi sahəsi 107.14 kvadrat metr olan, 57.57 kvadrat metrdən ibarət açıq eyvan da daxil olmaqla 193.57 kvadrat metr tikinti altı sahədən ibarət yaşayış evinin təmir-tikintisinə sərf olunmuş vəsaitin yarısı olan 16.364 (on altı min üç yüz altmış dörd) manat məbləğində pulun, həmçinin 139.09 manat (bir yüz otuz doqquz manat doqquz qəpik) miqdarında dövlət rüsumunun Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsinin qət edilməsi müəyyən olunur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından, həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən Şəxs icra sənədində göstərilən pul məbləğini ödəməməsi müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin 07 dekabr 2022-ci il tarixli 161466/321 nömrəli məktuba əlavə etdiyi sənədlərdən görünür ki, Şəxs məxsus olan Babək rayonu, Cəhri qəsəbəsində yerləşən sahəsi 437,06 kvadrat metr olan bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi Zərərçəkmiş şəxs olan borc müqabilində ona təklif edilmişdi. İş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 2(079)-68/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Şəxs Zərərçəkmiş şəxs qarşı borcunun yaranmasına səbəb məhz tələbkarın Babək rayonu, Cəhri qəsəbəsində yerləşən sahəsi 437,06 kvadrat metr olan bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikintisinə sərf etdiyi xərclərlə bağlıdır. Həmçinin həmin qətnamədən o da aydın olur ki, mübahisə predmeti olan yaşayış evinin tikilməsi üçün çəkilmiş xərcin miqdarı 32729,05 (otuz iki min yeddi yüz iyirmi doqquz manat, beş qəpik) manat təşkil edir. Şəxs isə Zərərçəkmiş şəxs olan borcu qarşılığında yuxarıda qeyd edilən dəyərə malik olan fərdi yaşayış evini tələbkara təklif etsə də, sonuncu bu təklifi-əmlakı qəbul etməmişdi. Qeyd edilənlərdən görünür ki, Şəxs Babək Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(079)-68/2022 nömrəli icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsiz qalmamış, Zərərçəkmiş şəxs borclu olduğu məbləğin təqribən iki qatı dəyərində olan əmlakı təklif etmişdi. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlara əsasən onun əmlak vəziyyətini nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs hazırki vəziyyətdə Babək Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(079)-68/2022 nömrəli icra sənədini üzürlü səbəbdən icra edə bilmir. Yəni hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 07 dekabr 2022-ci il tarixli, 012302 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar