Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-48/2023 27.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi ilə, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Babək rayonu, Yarımca kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası (Fin kod – xxxxxxx) Babək rayonu, Yarımca kəndində qeydiyyatda olan, lakin Babək rayonu, Hacıvar kəndində yaşayan, müvəqqəti işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 12 aprel 2023-cü il tarixli, 3-13-43/7/2-723/2023 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə 12 aprel 2023-cü ildə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 aprel 2023-cü il tarixli, 010503 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs yaşadığı evdə-Babək rayonu, Hacıvar kəndində qanunvericiliklə müəyyən edilmiş xüsusi icazə almadan mülki, yəni ov silahını saxlaması və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında Babək rayonu, Hacıvar kəndində yaşadığını, Yarımca kəndində isə taxıl və bostan əkdiyini, təqribən 3-4 ay öncə əkin sahəsindən evə qayıdanda Yarımca kəndində kanalın içərisində torbada nəsə olduğunu gördüyünü, onun işinə baxanda orada silah gördüyünü, özünə maraqlı olduğundan silahı özü ilə evinə apardığını, qorxduğu üçün bu barədə polisə məlumat vermədiyini, ümumiyyətlə bu barədə evdə də heç kimə nəsə demədiyini, silahı həyətində toyun hininə qoyduğunu, bunu kiminsə polisə dediyini, silahı tapdıqdan təqribən 1-2 ay sonra polis əməkdaşlarının onun evə gəldiyini və onda silah olması barədə məlumat olduqlarını ona bildirdiklərini, həmin vaxt evdə heç kim olmadığını, bundan sonra özünün silahı polisə təhvil verdiyini, etdiyi əməldən peşman olduğunu, əgər əvvəlcədən belə olacağını bilsə idi silahı tapdığı yerdən götürməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdı. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi ilə müəyyən edilir ki, qanunun təyinatı Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir. Həmin Qanunun 2-ci maddəsində qeyd edilir ki, silah canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Xidməti silah insanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslər tərəfindən istifadə olunması üçün nəzərdə tutulmuş silahdır. Mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Ov silahı vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş digər sənədlərlə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdi. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş baxış və götürülmə haqqında 22 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 03 ədəd fotoşəkillərdən görünür ki, inzibati xəta əməlinin baş verdiyi yerə baxış zamanı oradan parçalanmış şəkildə bir ədəd 16 kalibrli təklüləli ov silahı götürülmüşdü. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsindən müəyyən edilir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə isə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Qeyd edilən normaların yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023cü il tarixli, 237 nömrəli rəyində Şəxs götürülmüş silahın keçmiş SSRİ-də (hazırda Rusiya) 1957-ci ildə İjevsk silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, seriya nömrəsi mexaniki yola silinmiş, “İJ K” modelli, xarici çaxmaqlı, təklüləli tüfəng, yivsiz (hamar lüləli) odlu ov silahı və saz vəziyyətdə olması qeyd edilir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 07 aprel 2023-cü il tarixli qərarından Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi müəyyən olunur. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin İİ hissələrinin 1-ci bəndinə görə xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında həmin Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Sözü gedən Qanunun 4-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında xidməti və mülki silahın dövriyyəsinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli, 679 nömrəli Fərmanının 2-ci hissəsində qeyd edilir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin İİ hissəsində göstərilir ki, bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) mülki silah əldə etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinin İİ və İİİ hissələrinə görə mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Vətəndaşın bu müraciətindən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilən əsaslar olduqda ona mülki silahın əldə etməsinə xüsusi icazə verilməsindən imtina edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli, 679 nömrəli Fərmanının 2-ci hissəsinin tələbinə əsasən “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ərizənin baxılma müddəti bir ay təyin olunmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydalar”nın 3.1 və 3.1.4-cü bəndlərinin mahiyyətindən görünür ki, vətəndaşlar tərəfindən mülki silahın və onun döyüş sursatının saxlanılması mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında həyata keçirilir. Həmin Qaydaların 3.4-ci bəndinə görə qaydaların 3.1-ci bəndində göstərilmiş xüsusi icazələri əldə etmək məqsədi ilə subyektlər müəyyən edilmiş qaydada DİN-ə müraciət edərkən, ərizədə silahın və onun döyüş sursatının saxlanma şəraiti (binanın, anbarın, otağın möhkəmliyi, texniki mühafizəsi, keşikçinin olması və s.), silahların və onların döyüş sursatlarının saxlanılmasına görə bilavasitə məsuliyyət daşıyan şəxs barəsində müfəssəl məlumat verməlidirlər. Qaydaların 3.5-ci bəndi ilə müəyyən edilir ki, müvafiq xüsusi icazələrin verilməsi və ya verilməsindən imtina edilməsi barədə DİN-in qərar qəbul edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 12 aprel 2023-cü il tarixli, 3-13-43/2-1386/2023 nömrəli və Babək Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin 12 aprel 2023-cü il tarixli məktublarından aydın olur ki, Şəxs mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına dair xüsusi icazə verilməyib. Bütün bu yuxarıda qeyd edilənlərdən isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi öz təsdiqini tapır. Bu səbəbdən də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddi hüquq normasının-inzibati xəta əməlinin sanksiyasından göründüyü kimi həmin inzibati xəta əməlinin törədilməsi ilə bağlı əsas tənbeh növü kimi yalnız cərimə tənbeh növü qeyd edilmişdi. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tədbiri qismində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Cərimənin miqdarına gəldikdə məhkəmə qeyd edir ki, bu zaman hər bir şəxsin inzibati xəta əməlinin törədilməsində iştirakının xarakteri və təqsirinin dərəcəsi, həmçinin ədalət prinsipi və inzibati tənbehin məqsədləri nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Onların əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə bildirir ki, məhkəmədə araşdırılan sübutlardan aydın olur ki, Şəxs hazırda işsizdir və müstəqil qazancı yoxdur. Şəxs törətdiyi əmələ görə səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.1.1-ci maddəsinə görə yüngülləşdirici hal kimi nəzərdə alınmalıdır. Bundan başqa ona tənbeh tədbiri tətbiq edilərkən onun evli və iki uşağının olması, yəni onun ailəsinə təsirini də nəzərə alınmasını məhkəmə zəruri hesab edir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Bundan əlavə şəxsin təqsirləndirildiyi əməlin-maddi hüquq normasının sanksiya hissəsindən silah və döyüş sursatının müsadirə edilməsinin əlavə tənbeh növü kimi imperativ olması aydın olur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş baxış və götürmə haqqında protokoldan, həmçinin Şəxs izahatından müəyyən edilir ki, inzibati xəta əməlinin baş verdiyi yerə baxış zamanı inzibati xətanın predmeti olan bir ədəd ov silahı götürülmüşdü. Həmçinin inzibati xəta haqında protokola əlavə edilmiş 12 aprel 2023-cü il tarixli, 19 nömrəli Silahın və ya döyüş sursatının qəbul edilməsi barədə qəbzdən istehsal ili 1957-ci olan, 16 kalibrli, seriya nömrəsi mexaniki yola silinmiş, “İJ K” modelli, təklüləli tüfəng Babək Rayon Polis İdarəsinin məsul növbətçisi tərəfindən qəbul edilmiş və orada saxlanmışdı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbini rəhbər tutmaqla məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən inzibati xətanın predmeti olan ov silahı dövlət mülkiyyətinə keçirilməklə müsadirə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinin tələbinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1 və 77.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2016-cı il tarixli, 283 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının təhvil verilməsi qaydası”nın 4.1 və 4.4-cü bəndlərinə əsasən götürülmüş silah və ya döyüş sursatı barədə məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda həll olunur. İnzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında silahın və ya döyüş sursatının müsadirə edilməsi nəzərdə tutulduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada onların dövlət mülkiyyətinə verilməsi həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsində qeyd edilir ki, dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 90 (doxsan) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanın bilavasitə obyekti olan və Babək Rayon Polis İdarəsində saxlanılan 1957-ci ildə İjevsk silah zavodunda zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, seriya nömrəsi mexaniki yola silinmiş, “İJ K” modelli, xarici çaxmaqlı, təklüləli yivsiz (hamar lüləli) odlu ov silahı müsadirə edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-48/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-48/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver