Məhkəmə qərarları › İş №3(079)-5/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-5/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-5/2023 10.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1980-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 (üç) uşaq atası, natamam orta təhsilli, işsiz, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan, Şahbuz rayonu, Şahbuz şəhərində kirayədə yaşayan Şəxs (Fin kod – xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 3(108)- 03/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün 07 fevral 2023-cü il tarixli məktubla məhkəməyə geri qaytarılmışdı. İnzibati xəta haqqında iş Babək Rayon Məhkəməsinə 10 yanvar 2023-cü ildə daxil olmuşdu. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 09 yanvar 2023-cü il tarixli, 226210/5xx-xx/2022 nömrəli məktubla Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 yanvar 2023-cü il tarixli, 012303 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Babək Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(079)-270/2022 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış borcunu ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(079)-270/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ümumilikdə 6017.15 manat məbləğində borcun tutularaq ödənilməsinin qət olunduğunu, 30 sentyabr 2022-ci il tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun yaşayış yeri üzrə rəsmi qaydada təqdim olunduğunu, könüllü icra müddəti ərzində borclu tərəfindən tələbin icrası üzrə heç bir addım atılmadığını, borcluya 19 dekabr 2022-ci və 09 yanvar 2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq olunaraq məhkəmə qərarının icra edilməməsinin nəticələrinin izah olunduğunu, həmçinin şöbəyə dəvət olunaraq şifahi xəbərdarlıq olunduğunu, buna baxmayaraq borclu tərəfindən heç bir ödəniş edilmədiyini, borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakının müəyyən edilmədiyini, həmçinin borclunun tələbin yönədilə biləcəyi gəlirlərinin olmadığı, işsiz olduğunun müəyyən edildiyini bildirmiş, şəxsin barəsində inzibati xəta tərkibinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında evinin təmiri üçün Kapital Bankdan 5000 manat kredit götürdüyünü, həmin vaxt işlədiyini və buna görə də ödəniş edə bildiyini, təqribən bir il olar ki, ödəniş edə bilmədiyini, buna səbəb isə özünün işsiz olması olduğunu, məhkəmədə iddia qaldırmamışdan öncə bankın onu xəbərdar etdiyini, ödəniş edə bilmədiyindən bankın məhkəməyə müraciət etdiyini, işə məhkəmə baxılması və məhkəmə qərarının icraya yönəlməsindən sonra da ödəniş edə bilmədiyini, məhkəmə qətnaməsinin və məhkəmə qətnaməsinin icraya yönəldilməsi ilə bağlı icra orqanının qərar və bildirişini, həmçinin xəbərdarlıq məktublarını aldığını, icra məmuru tərəfindən təqribən 4-5 dəfə xəbərdar edildiyini, imkansızlıq və işsizlik səbəbindən borcunu ödəyə bilmədiyini, hazırda da işsiz olduğunu, evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan 3 övladının olduğunu, bunlardan birinin azyaşlı olduğunu, ailəni arvadının qazancı hesabına saxladığını, onun hərbi hissədə aşbaz işlədiyini bildirmişdi. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İş materiallarında olan Babək Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(079)-270/2022 nömrəli icra sənədindən müəyyən edilir ki, Şəxs Zərərçəkmiş şəxs ASCnin xeyrinə 5043.73 (beş min qırx üç manat yetmiş üç qəpik) manat əsas, 894.05 (səkkiz yüz doxsan dörd manat beş qəpik) manat faiz borcu olmaqla, cəmi 5937.78 (beş min doqquz yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun tutularaq iddiaçı Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin qət edilmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 012303 nömrəli inzibati xəta haqqında protokolundan, həmçinin işdə iştirak edən şəxslərin izahatından məlum olur ki, borclu icra sənədləri üzrə ödəniş etməmişdi. Bundan əlavə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərar, xəbərdarlığın surətlərindən o da aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icra edilməsi üçün ona rəsmi qaydada icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilib. Borclu icra sənədini icra etməməsini maddi imkanı olmaması ilə əsaslandırsa da, məhkəmə bu günədək borcunun ödəniş etməməsini üzürlü saymır. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməyə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, o, işsizdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdi. Məhkəmə onun evli olmasını, himayəsində üç uşaq yaşamasını, onlardan birinin azyaşlı olmasını isə yüngülləşdirici hal hesab edir. Bu fakt "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatla öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını və inzibati tənbehin məqsədini nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Şəxs törətdiyi inzibati xəta idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyin, borcun məbləğini və əməlində məsuliyyəti ağırlaşdırıcı halların olmamasını, həmçinin onun himayəsində azyaşlı uşaq olmasını nəzərə alan məhkəmə hesab edir ki, ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 fevral 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 10 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 10 fevral 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar