Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-52/2024 20.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil, şahidlər Şahid2, Şahid1 və Şahid3 iştirakları ilə, xx xxx 1986-cı ildə Şahbuz rayonu Keçili kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, Şahbuz rayonu, Şahbuz şəhəri, X3, mənzil 1 ünvanında qeydiyyatda olmaqla Babək rayonu Şıxmahmud kəndində yaşayan, 3 (üç) yetkinlik yaşına çatmayan uşaq atası, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətində bina gözətçisi işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin 20 iyun 2024-cü il tarixli, 4/203 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 510-cu maddəsi ilə təqsirləndirilmələrinə dair 20 iyun 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 20 iyun 2024-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən Şəxs İXM-in 510cu maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. Onun təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında Şahbuz rayonundan olmasına baxmayaraq 2006-cı ildən Babək rayonu Şıxmahmud kəndində yaşadığını, evli olmaqla 7, 13 və 16 yaşlarında üç övladının olduğunu, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə Xidmətində bina gözətçisi işlədiyini, bir gündən bir gecə növbəsində dayandığını, 18 iyun 2024-cü il tarixdə səhər saat 10-da işdən gəlib yatdığını, həmin gün gecə saat 10-11 aralığında güclü toqquşma səsindən sonra işıqların kəsilib evin üstündəki elektrik naqillərinin bir-birinə dəydiyini, uşaqlar qorxduğundan çölə çıxıb nə olduğunu öyrənmək istədiyini, çıxdıqda bir maşının gəlib işıq dirəyinə çırpıldığını gördüyünü, hadisə yerinə yaxınlaşıb “hansı ağılsız maşını bu cür idarə edir” deyib kənarda dayandığını, həmin vaxt maşının sürücüsünün qolunu tutub dayandığını və ətrafındakı adamlara “üstümə gəlməyin, təcili tibbi yardım çağırın, bəlkə mənə nəsə olub”, dediyini ətrafdakı insanların da maşının ətrafına toplaşdığını, yaxına getdikdə sonradan polis olduğunu öyrəndiyi Səlim adlı qonşu ilə sürücü arasında mübahisə düşdüyünü gördüyünü, Səlimin sürücüyə “yavaş gəl, yolda uşaq ola bilər” dediyini, Səlimin evinin qəza olan istiqamətdə olmadığını, onları əli ilə ayırmaq üçün müvafiq hərəkət etdiyini, bu zaman Səlimin ona uca səslə “mənə toxunma” dediyini, ona cavab olaraq “bir-birinizə dəyməyin” dedikdə Səlimin ona “eşşək kimi anqırma” dediyini, özünün isə bunun qarşılığında ona “eşşək sən özünsən” dediyini, daha sonra isə Səlimin telefonu qulağına qoyub “gözlə gör sənin başına nə oyun açacağam” deyərək onu hədələdiyini, daha sonra isə onu polis idarəsinə gətirib saxladıqlarını, polisə verdiyi izahatı özünün yazmadığını, yazıldıqdan sonra ona oxunsa da orada da “nalayiq ifadə işlətmədiyini” desə də hazırda elan olunan izahatda fərqli cür yazıldığını gördüyünü, ümumiyyətlə həmin vaxt heç bir nalayiq ifadə və ya söyüş işlətmədiyini, onluq bir məsələ olmadığını, sadəcə olaraq uşaqlar qorxdu deyə çölə çıxıb “bunu hansı axmaq eləyib” dediyini, çünki düz yolda maşının elektrik dirəyinə çırpılıb dirəyin də maşının üzərinə düşdüyünü, məqsədinin sürücü ilə Səlimi ayırmaq olduğunu, səhərdən evə gəlib yatdığına görə əsəbi və ya içkili olmadığını, Səlimin dediyi kimi ona qarşı “şərəfsiz və s” kimi ifadələr işlətmədiyini, Səlimin onu kifayət qədər adam olduğu yerdə təhqir etdiyini, əməlindən peşman olmadığını, sadəcə olaraq hadisəyə görə çölə çıxdığından peşman olduğunu bildirmiş, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid2 izahatında 6 aydır ki, Babək rayonu Şıxmahmud kəndində yaşadığını, xx.xx.2024-cü il tarixdə axşam saat 10-nun yarısı qaranlıq vaxtı uşaqla Şıxmahmud marketdən çıxıb evə gedən zaman torpaq yolda mersedes markalı bir maşının elektrik dirəyinə çırpılıb aşdığını gördüyünü, sürücünün həmin vaxt maşının içində olduğunu, uşağı evə qoyub həmin yerə qayıtdığını, qayıtdıqda artıq sürücünün yerdə maşının yanında olduğunu, evlərinin Bağırgilə yaxın olduğunu, hadisə yerinə adamlar toplaşdığından səs-küy olduğunu, sürücünün sərxoş olduğunu və hərbçi olan bir qonşu ilə aralarında mübahisə etdiklərini, belə ki, elektrik naqilinin həmin hərbçinin evinin üzərinə düşdüyünü, sürücünün ona “maşın mənimdir, yaxşı edib aşırmışam” dediyini, hərbçi ona “evdə uşaq var” dedikdə sürücünün “mən nə edim, artıq olan olubdur”, daha sonra Səlimlə Bağırın gəldiyini, Bağırın Səlimlə sürücünü ayırmağa, onları sakitləşdirməyə çalışdığını, Səlimin Bağıra “mənə toxunma, sən bilmirsən mən polisəm” dedikdə Bağırın da “polis olduğunu bilirəm, sözsöhbət yaratmağa ehtiyac yoxdur” dediyini, həmin vaxt Səlimin mülki geyimdə olduğunu, Səlimin Bağıra “anqırma” dediyini, Bağırın isə Səlimə “eşşək özünsən” deyə cavab qaytardığıını, nə Bağırı, nə də Səlimi şəxsən tanımadığını, Səlimin sürücüyə polis olduğunu dediyini, lakin Bağırın bunu həmin vaxt eşidib-eşitmədiyini bilmədiyini, orada heç bir dava və ya nalayiq ifadə olmadığını, Bağırın sərxoş olmadığını, həmin vaxt orada kənddən və yol hərəkəti iştirakçılarından çoxlu adam olduğunu, orada başqa söyüş ya da bir-birinə əl-qol hərəkəti edilmədiyini, daha sonra atasının gəlib Bağırı apardığını, polis şöbəsində ifadəsini özünün yazmadığını, polis əməkdaşının yazdığı ifadəyə isə oxumadan imza etdiyini, orada da Şəxs nalayiq ifadə işlətmədiyini, söyüş söymədiyini dediyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında hadisənin 18 iyun tarixində baş verdiyini, “Şıxmahmud” marketdən çıxıb evə tərəf getdiyini, qəzanın baş verdiyi yerə insanların yığıldığını və səs-küy olduğunu gördüyünü, elektrik dirəyinin avtomobilin üzərinə aşdığını, sürücünün Səlimlə mübahisə etdiyini gördüyünü, Səlimi həmin vaxta qədər polis olaraq tanımadığını, Səlimin Bağıra “anqırma” dediyini, Bağırın da Səlimə “eşşək özünsən” deyə cavab verdiyini, Bağırın Səlimlə sürücünü ayırmaq istədiyini, Səlimin Bağıra “mənə toxunma” dediyini, heç kimin nalayiq ifadə işlətmədiyini, ətrafda təxminən 40 nəfər adam ola biləcəyini, polis şöbəsində ifadəsini özünün yazmadığını, polis əməkdaşının yazdığı ifadəyə isə oxumadan imza etdiyini, orada da Şəxs nalayiq ifadə işlətmədiyini, söyüş söymədiyini dediyini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi izahatında küçədə maşın aşdığı üçün səsə çölə çıxdığını, insanların yığışdığını və sürücüyə irad bildirdiklərrini gördüyünü, maşının tərsinə çevrildiyini və sürücünün həmin vaxt çöldə olduğunu, maşına minmək istəyəndə ona elektrik cərəyanının ola biləcəyini dediyini, hadisə yerinə çatan kimi işıq idarəsinə zəng edərək elektrik cərəyanının dayandırılmasını xahiş etdiyini, sürücünün isə sərxoş vəziyyətdə olduğunu, onunla başqa bir yaşlı kənd sakini arasında mübahisə düşdüyünü, onları aralamağa çalışarkən Bağırın ortaya girib onu itələdiyini, ona toxunmamasını tələb etdikdə onu təhqir etməyə başladığını, “şərəfsiz, qurumsaq” kimi ifadələr işlətdiyini, dəfələrlə onu təhqir etməməsini, peşman olacağını bildirdikdə küçə söyüşlərinə davam etdiyini, sürücünün verdiyi izhatında “əgər polis gəlməsəydi məni öldürəcəkdilər” dediyini, 102 xidmətinə zəng edib Şəxs ictimai asaiyişi pozduğunu bildirdiyini, özünün isə ona qarşı deyilən nalayiq ifadəni işlətmədiyini, bundan sonra polis əməkdaşlarının gəldiyini, həmin vaxt xidmət başında olmadığını, hadisə yerinə polis əməkdaşı kimi yox, bir vətəndaş kimi getdiyini, Bağırgillə qonşu olduqlarını, hadisənin torpaq yolda “Şıxmahmud”marketdən 250- 300 metr aralıda olduğunu, oraya nə baş verdiyini bilmək üçün gedib müvafiq tədbirləri gördüyünü, şəxs yaralı olmadığını dediyindən tibbi yardıma zəng etmədiyini, digər şahid ifadələrinin həqiqəti əks etdirmədiyini bildirmişdir. Şəxsla Şahid3 üzləşdirməsi zamanı şahid Şəxs onları aralaşdıran zaman ona “məni itələmə” dediyini, Şəxs isə bunun qarşılığında Səlimin ona ona “eşşək kimi üstümə anqırma” dediyini, Səlimə “şərəfsiz” demədiyini bildirmiş, Şahid3 isə Şəxs “eşşək kimi üstümə anqırma” demədiyini bildirmişdir. Müdafiəçi Vəkil çıxışında şahid ifadələrindən də şəxsin heç bir təqsirinin olmadığı və nalayiq ifadə işlədərək ictimai qaydanı pozmadığının aydın olduğunu bildirib əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək Rayonu Şıxmahmud kəndində ictimai yerdə ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Yəni Şəxs ictimai qaydanı pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi mötəbər sübutlarla, yəni marağı olmayan, həmin əməlin birbaşa şahidi olmuş şəxsin, cəmiyyət subyektinin izahatı ilə təsdiq edilməlidir. Buna baxmayaraq məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri əsasında xx.xx.2024-cü il tarixdə Şəxs Babək Rayonu Şıxmahmud kəndində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerinə gedərək nəqliyyat vastəsinin sürücüsü ilə Şahid3 arasında olan mübahisəyə müdaxilə etmək istəyərkən nalayiq ifadənin Şəxs tərəfindən deyil, məhz Şahid3 tərəfindən işlədildiyi müəyyən olunmuşdur. Halbuki “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin İ bəndinə görə Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin İ bəndinə görə polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur. İİ bəndinə görə isə polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Sözügedən halda Şəxs ictimai qaydanı pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi müəyyən olunmamışdır. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 510-cu maddəsinə görə fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Məhkəmə belə hesab edir ki, Şəxs hərəkətlərində ictimai qaydanın pozulması ilə müşayiət edilən hərəkətlərin olmasından ibarət, inzibati xəta əməlini formalaşdıran obyektiv cəhət mövcud olmadığından əməldə inzibati xəta tərkibi də yoxdur. Məhkəmə Şahid3 ifadəsinin onun özünə qarşı ifadə verməmək hüququndan irəli gəldiyini nəzərə alaraq əmələ hüquqi qiymət verilməsində mötəbər sübut kimi nəzərə almır. İXM-in 5.1-ci maddəsinə görə insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-in 5.2-ci maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 53.1 və 53.1.2-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xəta haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-52/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-52/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver