Məhkəmə qərarları › İş №3(079)-54/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-54/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-54/2023 02.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1994-cü ildə Babək rayonu, Aşağı Uzunoba kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN koduxxxxxxx), evli, iki azyaşlı uşaq atası, fərdi fəaliyyətlə məşğul olan, Babək rayonu, Aşağı Uzunoba kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 18 aprel 2023-cü il tarixli, 907/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 aprel 2023-cü il tarixli, 010623 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü ildə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. 010623 nömrəli, 18 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan belə məlum olur ki, xx.xx.1994-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Səmədli X2 çayı sahilindən qoşalülə ov silahı tapmış və həyətlərindəki tövlədə həmin silahı saxlamışdır. xx.xx.2023-cü il tarixdə həmin silah Aşağı Uzunoba kəndində həyətyanı sahədə aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayon Aşağı Uzunoba kəndində ailəsi ilə birlikdə yaşadığını, təxminən 1 il öncə qardaşı Səmədov Cabirlə birlikdə evlərindən təxminən 500 metr məsafədə Naxçıvan çayının sahilində gəzərkən ov silahına bənzəyən silah tapdığını, silah təzə olduğu üçün xoşuna gəldiyini və onu götürüb saxlamaq qərarına gəldiyini, bu məqsədlə Aşağı Uzunoba kəndində yerləşən evinin həyətində yerləşən istifadə olunayan tövləyə aparıb orada gizlətdiyini, tövlə istifadə olunmadığından giriş-çıxış olmadığını, bu barədə ancaq qardaşının xəbərdar olduğunu, bir müddət sonra silahı polisə təhvil vermək qərarına gəlsə də ailə vəziyyəti yaxşı olmadığından, anasının xəstələnməyi və rəhmətə getməsi ilə əlaqədar silahı təhvil verə bilmədiyini, silahı istifadə etməyə cəhd belə etmədiyini, çünki itifadə qaydasını bilmədiyini, silahı saxlamaqda heç bir xüsusi məqsədi olmadığını, sadəcə bəyəndiyi və silaha marağı olduğu üçün götürüb saxladığını və vaxtında polisə təhvil vermədiyi üçün peşman olduğunu, xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının evlərinə gəlib həyətyanı sahələrinə baxış keçirilək zərurəti yarandığını bildirdiklərini, razılığını bildirdikdən sonra özünün iştirakı ilə həyətyanı sahələrinə baxış keçirdiklərini, sonra tövləyə baxdıqlarını və silahı aşkar etdiklərini, əlilliyinin olmadığını, indiyə qədər inzibati və ya digər məsuliyyətə cəlb olunmadığını, təqsirli olduğunu qəbul etdiyini və törətdiyi əməldən peşman olduğunu, ailəli olmaqla, 2 azyaşlı uşağı olduğunu bildirmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdır. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi ilə müəyyən edilir ki, qanunun təyinatı Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onun müstəsna hallarda tətbiqi ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir. Həmin Qanunun 2-ci maddəsində qeyd edilir ki, silah canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Xidməti silah insanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslər tərəfindən istifadə olunması üçün nəzərdə tutulmuş silahdır. Mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Ov silahı vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş digər sənədlərlə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş baxış və götürülmə haqqında 10 mart 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 03 ədəd fotoşəkillərdən görünür ki, inzibati xəta əməlinin baş verdiyi yerə baxış zamanı oradan 1 (bir) ədəd Cifsan markalı, Türkiyə istehsalı, 12 kalibrli, nömrəsi silinmiş qoşalüləli ov silahı götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsindən müəyyən edilir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə isə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Qeyd edilən normaların yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli, 287 nömrəli rəyində Şəxs götürülmüş silahın keçmiş Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş, “129514” nömrəli, “Çifsan” markalı, “ÇSP 555” modelli, “12” kalibrli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqla, qoşalüləli, yivsiz (hamarlüləli) odlu ov silahıdır (tüfəngidir), alt vurucu iynəsi qırıldığından nasaz, atəşə yararlıdır (üst lüləsindən atəş açılır, alt vurucu iynəsi qırıldığından alt lüləsindən atəş açılmır), çaxmaqlarının döyüş bölməsindən çıxması üçün tətiklərinə normal hesab olunan qüvvə (ön tətiyinə 2,3 – 2,4 kq, arxa tətiyinə 2,4 – 2,5 kq) sərf olunur, üzərində təyinatını dəyişdirəcək əlavə və dəyişikliklər aşkar edilmədi, həmin silahın arxa tətiyini çəkmədən ondan öz-özünə atəşin açılması mümkün deyildir. Ön tətiyin alt çaxmağını hərəkətə gətirib alt vurucu iynəsinə zərbə yetirdiyindən, alt vurucu iynəsi isə nasaz olduğundan həmin tətiyi çəkmədən atəş açılmasının mümkünlüyü yoxlanılmaması qeyd edilir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 14 aprel 2023-cü il tarixli qərarından Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsinin zəruriliyi müəyyən olunur. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin İİ hissələrinin 1-ci bəndinə görə xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında həmin Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Sözügedən Qanunun 4-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında xidməti və mülki silahın dövriyyəsinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli, 679 nömrəli Fərmanının 2-ci hissəsində qeyd edilir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin İİ hissəsində göstərilir ki, bu Qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) mülki silah əldə etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinin İİ və İİİ hissələrinə görə mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Vətəndaşın bu müraciətindən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində göstərilən əsaslar olduqda ona mülki silahın əldə etməsinə xüsusi icazə verilməsindən imtina edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli, 679 nömrəli Fərmanının 2-ci hissəsinin tələbinə əsasən “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ərizənin baxılma müddəti bir ay təyin olunmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydalar”nın 3.1 və 3.1.4-cü bəndlərinin mahiyyətindən görünür ki, vətəndaşlar tərəfindən mülki silahın və onun döyüş sursatının saxlanılması mülki silahın əldə edilməsi üçün verilən xüsusi icazə və odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında həyata keçirilir. Həmin Qaydaların 3.4-ci bəndinə görə qaydaların 3.1-ci bəndində göstərilmiş xüsusi icazələri əldə etmək məqsədi ilə subyektlər müəyyən edilmiş qaydada DİN-ə müraciət edərkən, ərizədə silahın və onun döyüş sursatının saxlanma şəraiti (binanın, anbarın, otağın möhkəmliyi, texniki mühafizəsi, keşikçinin olması və s.), silahların və onların döyüş sursatlarının saxlanılmasına görə bilavasitə məsuliyyət daşıyan şəxs barəsində müfəssəl məlumat verməlidirlər. Qaydaların 3.5-ci bəndi ilə müəyyən edilir ki, müvafiq xüsusi icazələrin verilməsi və ya verilməsindən imtina edilməsi barədə DİN-in qərar qəbul edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 13 aprel 2023-cü il tarixli və 14 aprel 2023-cü il tarixli məktublarından aydın olur ki, Şəxs mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına dair xüsusi icazə verilməyib. Bütün bu yuxarıda qeyd edilənlərdən isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi öz təsdiqini tapır. Bu səbəbdən də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddi hüquq normasının-inzibati xəta əməlinin sanksiyasından göründüyü kimi həmin inzibati xəta əməlinin törədilməsi ilə bağlı əsas tənbeh növü kimi yalnız cərimə tənbeh növü qeyd edildiyi nəzərə alınmaqla Şəxs barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Cərimənin miqdarına gəldikdə məhkəmə qeyd edir ki, bu zaman hər bir şəxsin inzibati xəta əməlinin törədilməsində iştirakının xarakteri və təqsirinin dərəcəsi, həmçinin ədalət prinsipi və inzibati tənbehin məqsədləri nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əmələ görə səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.1.1-ci maddəsinə görə yüngülləşdirici hal kimi nəzərdə alınmalıdır. Bundan başqa ona tənbeh tədbiri tətbiq edilərkən onun evli və iki azyaşlı uşağının olması, yəni onun ailəsinə təsirini də nəzərə alınmasını məhkəmə zəruri hesab edir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Bundan əlavə şəxsin təqsirləndirildiyi əməlin-maddi hüquq normasının sanksiya hissəsindən silah və döyüş sursatının müsadirə edilməsinin əlavə tənbeh növü kimi imperativ olması aydın olur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş baxış və götürmə haqqında protokoldan, həmçinin Şəxs izahatından müəyyən edilir ki, inzibati xəta əməlinin baş verdiyi yerə baxış zamanı inzibati xətanın predmeti olan bir ədəd ov silahı götürülmüşdür. Həmçinin inzibati xəta haqında protokola əlavə edilmiş 18 aprel 2023-cü il tarixli, 20 nömrəli Silahın və ya döyüş sursatının qəbul edilməsi barədə qəbzdən 12 kalibrli, nömrəsi 129514, “Çifsan” markalı, ÇSP 555 modelli, qoşalüləli tüfəng Babək Rayon Polis İdarəsinin məsul növbətçisi tərəfindən qəbul edilmiş və orada saxlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbini rəhbər tutmaqla məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən inzibati xətanın predmeti olan ov silahı dövlət mülkiyyətinə keçirilməklə müsadirə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinin tələbinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1 və 77.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2016-cı il tarixli, 283 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının təhvil verilməsi qaydası”nın 4.1 və 4.4-cü bəndlərinə əsasən götürülmüş silah və ya döyüş sursatı barədə məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda həll olunur. İnzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında silahın və ya döyüş sursatının müsadirə edilməsi nəzərdə tutulduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada onların dövlət mülkiyyətinə verilməsi həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsində qeyd edilir ki, dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanın bilavasitə obyekti olan və Babək Rayon Polis İdarəsində saxlanılan Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, 129514 nömrəli, “ÇSP 555” modelli, patronunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, qoşalüləli yivsiz (hamar lüləli) odlu ov silahı müsadirə edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar