Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-54/2024 24.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibi katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 və barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Payız kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay,(Fin kod– xxxxxxx) Babək rayonu, Payız kəndində qeydiyyatda olan və yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin “24” iyun 2024-cü il tarixli, 165846/4xx-xx/2021 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair “24” iyun 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Babək Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(079)-324/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli, 2(079)-318/2021 nömrəli və 25 yanvar 2023-cü il tarixli, 2(079)-538/2022 nömrəli icra sənədlərinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədlər üzrə yaranmış borcunu ödəməkdən yayınmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 məhkəmədə verdiyi izahatında Şəxs 2022-ci ildən aliment borcunu ödəmədiyini, tələbkarın 02 may 2023-cü ildə icra şöbəsinə göndərdiyi şikayət ərizəsində Camalın 2021-ci ilin oktyabr ayında ona 1260 manat məbləğində pul ödədiyini və şikayət edilən vaxta qədər onun 4294 manat miqdarında aliment borcunun olmasını qeyd etdiyini, borclunun Xeybər adlı tələbkara 200 və 600 manat olmaqla ümumilikdə 800 manat ödəniş etdiyini, həmçinin onun Elşən Babayev və Əli Əliyevə olan borcları üzrə ümumiyyətlə ödəniş etmədiyini, Şəxs barəsində 03 mart 2023-cü ildə axtarış verildiyini, onun “24” iyun 2024-cü ildə saat 11-də icra şöbəsinə gətirildiyini, 22 iyun 2024-cü ildə Camalın axtarışla bağlı Bakı şəhərində saxlanılması barədə onlara məlumat verildiyini, hazırda onun 19069.42 manat miqdarında icra edilməmiş borcunun olduğunu, 2022-ci ildən sonra onun əvvəllər işlətdiyi mobil nömrələrlə əlaqə saxlaya bilmədiyini, onun məhkum olunduğu üçün borcunu verə bilmədiyini dediyini, icra şöbəsinə verilmiş məlumata görə Şəxs 1 il 11 ay 22-23 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının olduğunu, 21 fevral 2024-cü il tarixli, 2(079)-129/2024 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi ona göndərdiyini, lakin borcluya göndərilmiş sənədlər geri qaytarılsa da, məzuniyyətdə olduğu üçün onları Şəxs yaşadığı yer üzrə icra nümayəndəliyini göndərə bilmədiyini bildirmişdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında 2022-ci ildə işləmək üçün Bakı şəhərinə getdiyini, həmin vaxt arvadı ilə barışmaq istəsə də, bunun alınmadığını, daha sonra narkotiklə bağlı məhkum olduğu üçün alimenti ödəyə bilmədiyini, təqribən altı ay olar ki, azadlığa buraxıldığını, bundan sonra da aliment pulunu ödəmədiyini, Xeybərə indiyədək 800 manat pul ödədiyini, 2022-ci ildən ona də ödəniş etmədiyini, özünün Finka bankdan 12000 manat kredit götürdüyünü, Elşən Babayevin isə ona zamin durduğunu, özünün təqribən 8000 manat məbləğində krediti ödədiyini, Elşənin zamin kimi onun əvəzinə verdiyi pulları da özünün sonradan ödədiyini, lakin bununla bağlı əlində sübutunun olmadığını, Əli Əliyevdən özünə telefon aldığını, ona olan borcundan məlumatlı olduğunu, lakin Əli Əliyevin bununla bağlı məhkəməyə müraciət etməsindən məlumatsız olduğunu, özünün şənbə günü, yəni 22 iyun 2024-cü ildə tutulduğunu, maddi imkanı olmadığı üçün icra sənədləri üzrə ödəniş etmədiyini qeyd etmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin: - 07 iyul 2021-ci il tarixli, 2(079)-324/2021 nömrəli icra sənədindən16 iyun 2021-ci il tarixdən hesablanmaqla, 04 dekabr 2006-cı il tarixdə anadan olan X9, 15 yanvar 2008-ci il tarixdə anadan olan X2 və 20 iyul 2015-ci il tarixdə anadan olan X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay Şəxs bir uşaq üçün 105 (bir yüz beş) manat olmaqla, ümumilikdə üç uşağa görə 315 (üç yüz on beş) manat miqdarında aliment tutularaq, uşaqların anası X4; -30 noyabr 2021-ci il tarixli, 2(079)-318/2021 nömrəli icra sənədindən ondan 4400 (dörd min dörd yüz) manat məbləğində pul alınaraq iddiaçı X1; -25 yanvar 2023-cü il tarixli, 2(079)-538/2022 nömrəli icra sənədindən Şəxs X5 xeyrinə 4492 (dörd min dörd yüz doxsan iki) manat məbləğində borc tutularaq X7; - 21 fevral 2024-cü il tarixli, 2(079)-129/2024 nömrəli icra sənədindən 1166 (bir min bir yüz atmış altı) manat məbləğində əsas və 60 (altmış) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1226 (bir min iki yüz iyirmi altı) manat məbləğində borcun cavabdeh Şəxs alınaraq X14 verilməli olması müəyyən olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Lakin məhkəmə qeyd edir ki, şəxsin təqsirləndirildiyi inzibati xəta əməlinin dispozitiv şərtlərinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olur. İcra məmuru tərəfindən borcluya verilmiş müddət isə icraata başlamaq haqqında qərarla müəyyən edilir ki, Babək Rayon Məhkəməsi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli, 2(079)-129/2024 nömrəli icra sənədinə münasibətdə icra məmuru tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərarın borcluya təqdim edilməsi öz təsdiqini tapmır. Belə ki, icra məmuru ona verilmiş sübut sualına cavab olaraq bildirmişdi ki, həmin icra sənədi ilə bağlı icraata başlamaq haqqında qərarın tələbin könüllü icrası barədə bildiriş ilə birlikdə borcluya göndərilmiş, həmin sənədlərin geri qaytarılmış, lakin özü məzuniyyətdə olduğundan icra sənədləri Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilməmişdi. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2- N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndlərinin mahiyyətindən görünür ki, icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəmə bildirir ki, şəxsin özünün hər hansı bir kreditora borcunun olmasını bilməsini, borclunun özü barəsində icra işinin olması ilə eyniləşdirmək düzgün olmaz. İcra məmurunun qeyd edilən tələbə əməl etməməsi isə özlüyündə borclunun icra sənədinin icra edilməsi üçün icra məmuru tərəfindən müəyyən edilmiş müddətdən məlumatsız olması ilə nəticələnmişdi. Bu səbəbdən məhkəmə hesab edir ki, Babək Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(079)-129/2024 nömrəli icra qeydi üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi mövcud deyil. Digər icra sənədlərinə gəldikdə isə məhkəmə Şəxs nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Bundan əlavə həmin Məcəllənin 172.1 və 172.1.1-ci maddələrinin mahiyyətinə görə işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay müddətində baxılır və həll edilir. Prosessual normaların tələbindən də göründüyü kimi uşaqların, həmçinin xeyrinə aliment ödənilməli olan şəxslərin mənafeyi, onların saxlanılmasının təmin edilməsi baxımından qanunvericilik aliment tələbinə baxılması, həmçinin onun icra edilməsi ilə bağlı qısa müddət müəyyən etmişdi. Əks halda bu maddi təminata ehtiyacı olan şəxsin saxlanılması üçün formallıqdan başqa bir şey ifadə etməz. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs isə artıq iki ilə yaxındır ki, aliment öhdəliyini icra etmir. Bu isə saxlanılması üçün xeyrinə aliment ödənilməli olan şəxsin maddi təminatlarının həyata keçirilməsi baxımından həm qanunla müəyyən edilən hüququnu, həm də qanunla müəyyən edilmiş qısa müddətlilik normasını pozur. İş materiallarından isə görünür ki, Babək Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(079)-324/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli, 2(079)-318/2021 nömrəli, 25 yanvar 2023-cü il tarixli, 2(079)-538/2022 nömrəli və 21 fevral 2024-cü il tarixli, 2(079)- 129/2024 nömrəli sənədlərində qeyd edilən və borcludan tutulmalı olan ümumi məbləğ 19062.42 (on doqquz min altmış iki manat, qırx iki qəpik) manat təşkil edir. Bundan əlavə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərarlar, xəbərdarlığın surətlərindən, həmçinin işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan o da aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədlərinin icra edilməsi üçün borcluya rəsmi qaydada xəbərdarlıq edilib. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, o hazırda işsizdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdi. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Şəxs törətdiyi inzibati xəta idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, əməlində məsuliyyəti yüngülləşdirici halların olmamasını, borcun məbləğini, onun törətdiyi inzibati xəta əməlində nəzərdə tutulan cərimə miqdarını, inzibati tənbehin məqsədini, ödənilməsi gecikmiş alimentin miqdarını nəzərə alan məhkəmə hesab edir ki, ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “22” iyun 2024-cü il tarixdə axtarış əsasında tutulub, barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün 24 iyun 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması “22” iyun 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti “22” iyun 2024-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №3(079)-54/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-54/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver