Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-55/2023 19.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid2, Şahid3 və Şahid1 iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Şərur rayonu, Mahmudkənd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN koduxxxxxxx), evli, bir uşaq atası, fərdi fəaliyyətlə məşğul olan, Şərur rayonu, Mahmudkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 Polis Şöbəsinin 19 aprel 2023-cü il tarixli, 221/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 aprel 2023-cü il tarixli, 010655 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü ildə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. 010655 nömrəli, 18 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla yaşayan 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30-da X1rşısında polis əməkdaşının qanuni tələbini kobud şəkildə pozaraq polis əməkdaşlarına tabe olmamışdır. 18 aprel 2023-ci il tarixli, 0484 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla yaşayan 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 18 aprel 2023-cü il tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Şəxs 19 aprel 2023-cü il tarixdə, saat 10:00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında uzun müddətdir Türkiyə Respublikasında yaşamaqla işlədiyini, bu ilin mart ayında Naxçıvana qayıtdığını və cəriməsi olduğundan Türkiyəyə qayıda bilmədiyini, həmkəndlisi olan Teymur və Seymurun 18 apreldə onları maşını ilə Hava Limanına aparmağı istədiklərini, qonşularını hörmət xatirinə aparmağa razı olduğunu, Seymuru evdən, Teymuru isə 57 bazarından özü də meyvə alıb götürüb hava limanına getdiklərini, Seymuru Bakıya getsə də Teymur Mahmudkəndə qayıdacağından onları hava limanında birinci mərtəbəyə qoyub özünün ikinci mərtəbəyə çay içmək üçün qalxdığını, hətta maşının pultunu da Seymura verdiyini, bir müddət sonra aşağı enəndə Polis əməkdaşlarının Teymur və Seymura aksizsiz siqaretlərin dövriyyəsinin qadağan olduğunu dediklərini, onların da bunu qəbul etdiyini, polis əməkdaşlarının **-HP-*** nömrəli maşının sürücüsünün kim olduğunu soruşduqlarını, özünü təqdim etdiyini, onları şöbəyə dəvət etdiklərini, daha sonra maşına tərəf getdiklərini, maşının pultunun özündə olduğunu, maşını açıb baxmalarına şərait yaratsa da onlardan hal şahidinin gəlməsini xahiş etdiyini, özünün videoçəkiliş etdiyini, onların baxışı videoçəkilişlə aparılacağını bildirməsinə baxmayaraq özlərinin videoçəkiliş aparmadığını, maşında olan siqaret çantasını və ona verilən 1 ədəd siqareti polislərə təqdim etdikdən sonra maşına ancaq hal şahidlərinin iştirakı ilə baxılmasını tələb etdiyini, bu tələbin ona qarşı aqressiya yaratdığını, qollarını bağladıqlarını, bundan sonra maşının hər yerinə baxdıqlarını, bitdikdən sonra yanında oturan polislə birlikdə maşını sürüb bölmənin həyətinə apardığını, orada da razılığı olmadan üzərinə baxış keçirib telefon və digər şəxsi əşyalarını aldıqdan sonra barəsində tutma tətbiq edildiyini, izahatı yazıb imza etdirəcəklərini demələrinə baxmayaraq onlara izahatını özünün yaza biləcəyini dediyini, izahatını yazıb imza etdiyini, 19 aprel saat 1000-da azad olunduğunu, əlilliyinin olmadığını, indiyə qədər inzibati və ya digər məsuliyyətə cəlb olunmadığını, köhnə polis əməkdaşı olmaqla hüquqlarının pozulduğunu, bütün bunlar nəzərə alınmaqla barəsində qanuni və ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında 18 aprel 2023-cü il tarixdə hava limanı qarşısında xidməti vəzifələrini icra edərkən üç nəfərin aksissiz siqaret göndərmək istədiyi barədə məlumat daxil olduğunu, onları kənardan müşahidə etdikdə bir nəfərin əlində çantanı tutmaqla digər iki nəfərin də Bakıya gedən sərnişinlərə siqaret verərək bir ədəd siqareti Bakıya çatdırmalarını, çatdıqda kiminsə orada götürəcəklərini dediyini eşitdiyini, onlara yaxınlaşıb aksissiz siqaretin dövriyyəsinin qadağan olduğunu dediklərini, sonradan Yusif adlı şəxsin onlara qarşı kobudçuluq edərək “siz kimsiniz”, “məni hara aparırsınız”, “sizi məhkəməyə verəcəyəm” kimi ifadələrlə hədə-qorxu gəldiyini, daha sonra polis əməkdaşı maşının qapısını açmaq istəyərkən ona “sən kimsən özüm aça bilərəm” deyərək maşının qapısını açıb siqaret çantasını və tək halda oturacağın üstünə qoyulmuş siqareti polisə təhvil verdiyini, daha sonra maşına baxıldıqdan sonra Yusifin maşını idarə edib polis şöbəsinə tərəf gətirdiyini, Yusifin hərəkətlərindən şübhələndiklərindən narkotestdən keçirdiklərini, lakin testin neqativ çıxdığını, vətəndaş çəkiliş etmək istərkən telefonu alıb ona çəkiliş etməyə icazə vermədiklərini bildirmişdir. Şahid3 məhkəmə iclasında verdiyi izahatında 18 aprel 2023-cü il tarixdə hava limanı qarşısında xidmətdə olarkən 3 nəfər vətəndaşın aksissiz siqaretləri sərnişinlərə payladığını müşahidə etdiklərini, onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra əməlin qanunsuzluğunu izah etdiklərini, maşına baxış keçirmək istədikdə “Siz kimsiniz maşına baxış keçirirsiniz”, “hal şahidi olmadan baxış keçirə bilməzsiz” deyib mane olmağa çalışdığını, bu zaman əməkdaş ona müdaxilə etmək istədikdə onun üzərinə yeriyib sinəsindən itələdiyini, əməkdaşların onun qolunu bağlayıb zərərsizləşdirdiyini, bu zaman maşını özünün açıb siqaret qutularını təqdim etdiyini, daha sonra isə üzrinə baxış və götürmə edildiyini, tutulduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında 18 aprel 2023-cü il tarixdə hava limanı qarşısında xidmətdə olarkən 3 nəfər vətəndaşın aksissiz siqaretləri sərnişinlərə payladığını müşahidə etdiklərini, onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra əməlin qanunsuzluğunu izah etdiklərini, Şəxs bu zaman “nə olsun ki Polis əməkdaşısınız” deyərək kobudluk etdiyini, maşının ona məxsus olduğunu öyrəndikdən sonra maşına baxış keçirilməli olduğunu ona izah etdiyini, bu zaman vətəndaşın ona əl qaldırmaq istədiyini, əməkdaşların onun qollarını bağlayaraq zərərsizləşdirdiklərini, bundan sonra onun “sizi məhkəmələrdə süründürəcəyəm” deyərək təhdid etdiyini, maşının qapısını açmağı tələb etdikdə ona qarşı “özüm qapını açaram” dediyini, özünün qapını açaraq siqaretləri təqdim etdiyini, bu zaman da hal şahidlərinin iştirakının təmin olunmasında israr etdiyini, bunu edə bilməyəcəklərini dedikdə isə özünün telefonunu çıxarıb videoçəkiliş etdiyini, daha sonra isə şöbəyə dəvət olunub üzərində də axtarış aparıldıqdan sonra barəsində tutma tətbiq edildiyini, xx.xx.2023-cü il tarixdə saat 1000-da azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmçinin Şəxs təqsirləndirildiyi İXM-in 535.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə tam sübuta yetirilmişdir. Məhkəmə sözügedən halları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatının müəyyən hissələrdə məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla və səmimi olmamaqla, izahatın işin faktiki hallarına uyğunluğunun məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarla təkzib olunduğu qənaətinə gəlir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış və inzibati xəta törədən şəxsin izahatı əsasında müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha əvvəl inzibati xəta törətməyə görə inzibati məsuliyyətə cəlb olunmamışdır. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, tətbiqi kifayət hesab edildiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində cərimə inzibati tənbeh növü tətbiq edilməli, onun barəsində 200 (iki) yüz manat cərimə tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan cərimənin konkret həddi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və cərimə məbləği Şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-55/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-55/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver