Məhkəmə qərarları › İş №3(079)-6/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-6/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-6/2024 05.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Babək rayonu, Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN koduxxxxxxx), subay, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi "Naxçıvan Sağlamlıq Mərkəzi" X3 mühafizəçi vəzifəsində işləyən, Babək rayonu, Qahab kəndində yaşayan Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 22 yanvar 2024-cü il tarixli, 3-13-43-7/2-141/2024 nömrəli məktubu ilə Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 yanvar 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2024-cü ildə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. 5950065 nömrəli, 08 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan belə məlum olur ki, xx.xx.1999-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 330–cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməklə İXM-in 327.8–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 07 dekabr 2023-cü il tarixdə saat 07:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Fiat Doblo” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qahab kəndindən Naxçıvan şəhəri istiqamətində gedən zaman Hacıvar kəndinin çıxışında hava yağışlı və qaranlıq olduğundan yoldan keçən biri qadın, biri uşaq olmaqla iki nəfəri görə bilmədiyindən vurduğunu, həmin vaxt yolda surət həddinin 40 km/saat olmasına və bunu bilməsinə baxmayaraq 50 km/saat surətlə hərəkət etdiyini, zərərçəkmiş Xədicə Əzimli ilə arasında yolu keçməklə bağlı anlaşılmazlıq olduğunu, hər ikisinin bir-birinə yol verdiyini düşünərək eyni anda hərəkət etdiyini, xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə anası Xədicənin yolu keçərkən əl-ələ yapışdığını, hadisədən sonra Zərərçəkmiş şəxs xəstəxanaya özünün yoldan keçən maşınların birinə qoyub xəstəxanaya çatdırılmasını təşkil etdiyini, sonra isə 103-ə zəng edib ambulans çağırdığını və qadını ambulansa mindirib onu da xəstəxanaya apardıqlarını, həm Xədicə Əzimlinin, həm də oğlunun sağalması üçün əlindən gələn köməkliyi özü və ailəsinin etdiyini, sürücülük hüququnun olduğunu və hadisə zamanı spirtli içki qəbul etmədiyini, törətdiyi əməldən peşman olduğunu, havanın yağışlı və qaranlıq olmasının və həmçinin özünün diqqətsizliyinin bu hadisənin baş verməsinə səbəbiyyət verdiyini, özünü əməldə təqsirli bildiyini bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında verdiyi izahatında 07 dekabr 2023-cü il tarixdə saat 07:30 radələrində atasıgilin yaşadığı Babək rayonu Hacıvar kəndindən oğlu xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birlikdə xadimə işlədiyi, oğlunun da təhsil aldığı Naxçıvan şəhər 12 nömrəli orta məktəbə getmək üçün yolu keçərkən Şəxs maşınının hər ikisinin bir-birinə yol verdiklərini düşünərək eyni anda hərəkət etdiklərindən hadisənin baş verdiyini, maşın ona dəyəndə hiss etdiyi zərbədən maşının surətlə getmədiyini başa düşdüyünü, hadisə nəticəsində özünün belində sümüyün qırıldığını, oğlunun da başında silkələnmə olduğunu, 2 ay müalicədən sonra ikisinin də tam sağaldığını, oğlu və özünün sağalması üçün Məhəmməd və ailəsinin əlindən gələni etdiyini, buna görə də onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, İXM-in 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İXM-in 12.2-ci maddəsinə görə isə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materiallarına əlavə edilmiş 07 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 07:45 radələrində Qahab kənd sakini Şəxs “Fiat Doblo markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Babək rayon Hacıvar kəndi ərazisində xx.xx.1987-ci il təvəllüdlü Qanuni nümayəndə və oğlu xx.xx.2011ci il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi, araşdırma zamanı sürücü Şəxs etibarnamə ilə idarə etdiyi “Fiat doblo” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Naxçıvan- Sirab avtomobil yolunun Hacıvar kənd ərazisindən keçən hissəsində Hacıvar məktəbinin qarşısında Naxçıvan şəhər istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən yolu əl-ələ yapışmış vəziyyətdə soldan sağa keçən piyadalar xx.xx.1987-ci il təvəllüdlü Qanuni nümayəndə və oğlu xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qoşa xətdən 0.5 metr məsafədə avtomobilin qabaq sol tərəfi ilə vurduğu müəyyən edilmiş, aparılmış araşdırmanın sonunda material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərini pozmaqla törətdiyi əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati icraat başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilməsi qərara alınmışdır. İXM-nin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Təhlükəsiz Şəhər Xidməti”nin inspektoru tərəfindən verilmiş məktubda qeyd olunur ki, hadisənin baş verdiyi yer “Təhlükəsiz Şəhər” videomüşahidə kameralarının görüntüsü xaricində olduğundan heç bir görüntü əldə edilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli, 1747 nömrəli qərarı ilə ekspert o nəticəyə gəlmişdir ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi-müayinəsinə, onun adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunan məlumatlara əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq o nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlər: sol qaşın üzərində yara izi, sağ təpə-gicgah nahiyyəsində qançır, qapalı kəllə beyin travması, baş beynin silkələnməsi küt əşyanın təsirindən törənmişdir, eləcə də həmçinin avto-qəza nəticəsində yarana biləndir, xəsarətlərin törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “yüngül” zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1240 nömrəli rəylə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin rəyi ilə o nəticəyə gəlinmişdir ki, “Fiat Doblo markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2023-cü il tarixli, 743 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından şəxsdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı müəyyən olunmuşdur. İXM-in 330.0 və 330.0.1-ci maddəsinə görə sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. İXM-in 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs törətdiyi əməlin İXM-in 327.8-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi inzibati xəta haqqında protokola əlavə edilmiş hadisə yerinə baxış keçiriməsi haqqında protokol, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi, məhkəmə tibbi-ekspertizasının rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Bütün bu yuxarıda qeyd edilənlərdən isə Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi öz təsdiqini tapır. Bu səbəbdən də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əmələ görə səmimi peşman olması İXM-in 31.1 və 31.1.1-ci maddəsinə görə yüngülləşdirici hal kimi nəzərdə alınmalıdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1 və 33.1.4-cü maddələrinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İXM-in 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi üçün onun xüsusi hüquqdan istifadə qaydasını kobud surətdə və ya müntəzəm pozması halı müəyyən olunmadığından şəxsin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar