Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-6/2025 10.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid2 və Şahid1 iştirakı ilə, xx xxxxxxxx 1996-cı ildə Babək rayonu, Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, Babək rayonu, Qahab kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 10 yanvar 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 10 yanvar 2025-ci il tarixli, 3-13-43-7/2- 146/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 10 yanvar 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Babək Rayon Polis İdarəsinin daxilində olan zaman ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşının qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə “xırda xuliqanlıq” və “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməllərini törətməsi müəyyən edilmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında spirtli içki qəbul etdiyinə görə hadisənin baş verdiyini, bu günə qədər heç vaxt belə bir əməl törətmədiyini, şəxsi və ailə problemlərinin buna səbəb olduğunu, belə ki 7-8 ay öncə arvadı Nurşən Əliyevadan məhkəmə qətnaməsi ilə boşandığını, birgə nikahdan olan övladının tələf olduğunu, atasının vəfat etdiyini, yoldaşının mebelllərinin boşanmalarına baxmayaraq evində qaldığını, iş üçün getdiyi İstanbul şəhərindən yeni gəldiyini, 09 yanvar 2025-cü il tarixdə İğdır şəhərindən gələrkən taksidə içki içdiyini, Naxçıvana çatdıqdan sonra səhər saatlarında içkili halda Nəzərabad kəndinə keçmiş arvadının evinə getdiyini, niyyətinin əslində barışmaq olduğunu, yoldaşı ilə aralarında pis bir dialoq olmadığını, bu zaman qayınanasının gəlib onlara mane olduğunu, həmin vaxt özünün yoldaşına əgər barışmırsa evdə qalan mebelləri gəlib götürməsini bildirdiyini, bu zaman qayınanasının bacısının ona nalayiq ifadələr işlətdiyini, özünün də ona qarşılıq verdiyini, bu zaman onların çağırışı ilə oraya 3 nəfər polis əməkdaşının gəldiyini, könüllü olaraq onların dəvəti ilə Babək rayon Polis İdarəsinə gəldiyini, polislərin orada onu sakitləşdirməyə çalışdıqlarını, ondan sakit olmağı tələb etdiklərini, şöbədə içkili və əsəbi olduğuna görə şöbədə sanitar qovşağın qapısına və yerə çırpdığını, qapıya yumruq atdığını, yoldaşının yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlətdiyini, qayınanasının bacısının dediyi sözlərin yadından çıxmadığını, hadisə zamanı kiməsə ziyan vermədiyini, şöbədə də kiminsə sağlamlığına ziyan vurmadığını, həmin vaxt ətrafda 5-6 nəfər olduğunu, 200-300 qram araq içdiyini, əməlindən peşman olduğunu, yetim uşaq olması nəzərə alınmaqla barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Şahid2 məhkəmədə verdiyi izahatında xx.xx.2025-ci il tarixdə axşam saatlarında xidmətdə olarkən Şəxs Cəhri qəsəbə Polis bölməsi əməkdaşları tərəfindən şöbəyə gətirildiyini, şəxsin içkili olduğunu, onu nizama dəvət etdiklərini, amma Mirmüslümün mübahisə edib gəldiyi yoldaşını və qohumlarını görəndə daha çox qıcıqlandığını, onu nizama dəvət etdiklərini, lakin tabe olmayıb nalayiq ifadələr işlətdiyini, Mirmüslümün nalayiq ifadələri şəxsin polisə və keçmiş arvadının qohumlarına qarşı işlətdiyini, həmin ifadələri məhkəmə iclasında səsləndirə bilmədiyini, onu sanitar qovşağa əl üzünü yuyub sakitləşməsi üçün aparanda qapını yumruqla vurduğunu, bundan sonra sakitləşdiyini bildirdi. Digər Şahid1 məhkəmədə verdiyi izahatında xx.xx.2025-ci il tarixdə Babək rayon Polis İdarəsində növbədə olan zaman Şəxs barəsində içkili halda Babək rayonu Nəzərabad kəndində keçmiş arvadının evinə gedib nalayiq ifadələr etməsi barədə ərizə daxil olduğunu, səhər 12 radələrində Şəxs idarəyə gətirildiyini, onun şöbədə uca səslə danışdığını, onu sakitlədirməyə çalışdıqlarını, Mirmüslümün nalayiq ifadələr işlətdiyini, həmin ifadələri məhkəmə iclasında səsləndirə bilmədiyini, həmin ifadələri arvadının yaxın qohumlarına qarşı işlətdiyini, özünün həmin vaxt növbətçi olduğunu, onu sakitləşdirməyə çalışdığını, sakitləşdirməyə çalışdıqca şəxsin daha da agresivləşdiyini, Mirmüslümün içkili olduğunu, idarəyə gətirilərkən ona gətirilmə səbəbini dediklərini, lakin onun polisin iş prinsipini pozduğunu, ailəsi ilə barışmaq istədiyini dediyini, orada özündən əlavə 4 nəfər polis əməkdaşının da olduğunu, sanitar qovşağa gedib əl üzünü yumağı təklif etdikdə orada qapıya yumruqla vurduğunu, bunu yanındakı şəxsdən eşitdiyini, özünün görmədiyini, arvadının Mirmüslüm onu evə aparmaq istəyəndə onu təpiklə vurduğunu dediyini bildirmişdir. Şəxs törətdiyi inzibati xəta əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq əməlinin, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” əməlinin inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə məhkəmədə dindirilən şahidlərin izahatları ilə sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddələrin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə isə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama əməli törətmiş fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalardır. Məhkəmə qeyd edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə qeyd edilən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə qeyd edilən məsuliyyəti ağırlaşdıran hal inzibati xətanı sərxoş vəziyyətdə törətməsidir. Belə ki, protokola əlavə edilmiş xüsusi texniki vasitədən çıxarışdan Şəxs alkotester müayinəsi nəticəsində xx.xx.2025-ci il tarixdə 04:55-də alkoqolun miqdarı 0.733 promil olmaqla hadisəni sərxoş vəziyyətdə törətməsi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin qeyd hissəsinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməllərin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Şəxs hər iki inzibati xəta əməlini eyni vaxtda törətdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci və 34.3-cü maddələrində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda və idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməllərin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını, həmçinin onun barəsində müəyyənləşdirilən məsuliyyəti ağırlaşdıran halı həbsin tətbiqi üçün müstəsna hal kimi nəzərə alan məhkəmə hesab edir ki, ona 20 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməyə görə Şəxs barəsində 20 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 10 yanvar 2025-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim:- Günay İsmayıl
Məhkəmə qərarları › İş №3(079)-6/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-6/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver