Məhkəmə qərarları › İş №3(079)-61/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-61/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-61/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Şahid iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 (iki) uşaq atası, orta təhsilli, "X14" Məhdud Məsuliyyətli Cəmiyyətində qəlibçi işləyən, əvvəllər məhkum olunmayan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-13-43-7/2-4099/2025 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatına əsasən Babək rayonu, Nehrəm kəndində qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və məmulatları və dini məzmunlu başqa məlumatların yayılması ilə məşğul olan Babək rayonu, Nehrəm kənd sakinləri xx.xx.1996-cı il təvəllüdlü Şəxs, xx.xx.1995-ci il təvəllüdlü X5, xx.xx.1990-cı il təvəllüdlü X1 barələrində əməliyyat axtarış tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri zamanı onlar Nehrəm qəsəbəsində saxlanılaraq Naxçıvan şəhər Polis İdarəsinə gətirilmişlər. Onların izahatı alınan zamanı məlum olmuşdur ki, X1 yaşadığı evində 1000-dən çox dini təyinatlı və şiə məshəbini təbliğ edən kitablar mövcuddur. Həmçinin 2025-ci ilin fevral ayının 13 və 14 tarixlərində Hacı Mehdi və Xəndək məscidlərində keçirilən tədbirlərdə Taleh və Abbas adlı şəxslər pul yığaraq İmam Mehdini tanıtdırmaq adı ilə uşaqlara hədiyyələr paylamışlar. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X8 HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraatın başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında məscidlərin axundu Əliyev Malik və Cəlildən dini mərasimlərin keçirilməsindən əvvəl icazə aldığını, qanunsuz iş görmədiyini, fevralın 13-də Nehrəmdəki “İmam Mehdi” məscidində, fevralın 14-ü isə “Xəndək” məscidində ehsan verdiyini, sonuncu imam Mehdinin mövlud günü olduğu üçün çay süfrəsi açdığını, hər il belə mövludların axundlardan icazə alaraq keçirildiyini, özünün ilk dəfə bu il ehsan verdiyini, ehsanda təxminən 60-70 adamın iştirak etdiyini, dostu Abbas, Qasım və Qulunun da orada olduğunu, axund Əliyev Malikin orada çıxışlar etdiyini, başqa kimin çıxış etdiyini bilmədiyini, uşaqlara şirniyyat, meyvə suyu, oyuncaq və üzərində hədis olan (ata və anaya hörmət haqqında), arxasında isə Azərbaycan bayrağı olan kağızların paylandığını, belə kağızları uşaqlara verməkdə məqsədinin vətənpərvərliyi təbliğ etmək olduğunu, 100-ə yaxın bağlama paylandığını, Abbas, Elsevər, Novruz və özünün pul qoyduqlarını və dostu Abbasın onları aldığını, kağızları isə Qulunun telefon dükanında düzəltdiklərini, hədiyyələri isə Abbasın işlədiyi Bahar kargoda düzəltdiklərini, keçən il Qüdrət, Elxan, Məhərrəm, Cavid, Emin, Azər, Murtuza, Hüseyn, Nəvai, Yasin, Sadıq, Vüqar və s. şəxslərlə İrana, sərhəddən keçərək İraq şəhərinə, oradan da Nəcəfdən Kərbalıya getdiklərini, təxmini 2-3 günə həmin şəhərə çatdıqlarını, orada heç kimlə görüşmədiyini, dini təhsili olmadığını, ərəb dilini bilmədiyini, namaz qıldığını, 3-4 ildi dinlə məşğul olduğunu, atasının da dinlə məşğul olduğunu, ana babasının molla olduğunu, lakin onu heç görmədiyini, Qüdrətin isə dostu olduğunu, dönərçi kimi işlədiyini, onun da namaz qıldığını, evində Qurani-Kərim və hamının evində olan çərəkə olduğunu, polislərin onları götürdüyünü, tik-tok, instagram, facebook kimi sosial şəbəkələrdə hesablarının olduğunu, ən çox tik-tok işlətdiyini, dini paylaşımlar etdiyini bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində Şəxs məscidə tez-tez gedib gəldiyi üçün tanıdığını, onunla qohumluğu olmadığını, Babək rayon Dini Komitəsinin bütün məscidlərdə nümayəndələrinin olduğunu, məscidlərə axund təyin edildiyini və onların dövlətdən maaş aldığını, məscidlərdə həmişə təhkiyə, mövlud, 20 Yanvar və Xocalı soyqırımlarına aid dini tədbirlərin keçirildiyini, həmin tədbirlərə camaatın dəvət edildiyini, Babək rayon Dini İcmasının sədri Qasım müəllimin camaata bundan sonra evdə məclislərin keçirilməsinin qadağan edildiyini, yalnız məscidlərdə təşkil oluna biləcəyini bildirdiyini, Hacı Mehdi məscidinin axundu Əliyev Malikin bununla bağlı paylaşımlar etdiyini, onun bütün məscidlərin mollalarının rəhbəri olduğunu, fevralın 12-də Təzə məsciddə, fevralın 13-də Hacı Mehdi məscidində, fevralın 14-ü isə Xəndək məscidində ehsanlar verilməsi ilə bağlı xəbərin onun verdiyini, Şəxs da həmin məscidlərdə çay süfrəsi açdığını, Talehin axunddan icazə aldığını, onu da dəvət etdiyini, hətta orada özünün quran oxuduğunu, fevralın 12-də Təzə məsciddəki mövluda işi olduğu üçün getmədiyini, Abbasın da, Talehin də 13-14 fevral tarixlərində ehsan verdiyini, kimin pul yığdığını bilmədiyini, sadəcə Abbasın kartına 20 manat pul atdığını, Qulu, Qasımın söhbətlər imamlar haqqında söhbətlər etdiyini, Talehin deyəsən sinəzən dediyini, 60-70 yaxın adamın iştirak etdiyini, hədiyyələri və uşaqlara paylanan kağızları görmədiyini, bildiyi qədərilə Abbasın aldığını, sosil şəbəsi olmadığını, ona da görədə Talehi izləmədiyini, talehlə Kərbalıya yürüşə getmədiyini bildirmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X17 üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 3-32-3-xx/xx/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, Kpi-265/25 nömrəli material üzrə dinşünaslıq ekspertizası təyin olunmuş və məlum olmuşdur ki, həmin materialların adı Azərbaycan Respublikası X17 üzrə Dövlət Komitəsinin idxal olunması qadağan olunan dini ədəbiyyatlar siyahısında olmadığına görə respublika ərazisində satılması və istifadə olunması məqsədəuyğun sayılmışdır. Sorğuda adı qeyd olunmuş X6 hər hansısa dini fəaliyyətlə və yaxud təbliğatla məşğul olmağı üçün Azərbaycan Respublikası X17 üzrə Dövlət Komitəsi və Naxçıvan MR X17 üzrə Dövlət Agentliyi tərəfindən hər hansı bir icazə vərəqəsi ilə təmin olunmamışdır. Bu səbəbdən adı çəkilən şəxsin dini təbliğat aparması qadağandır. 07 aprel 2025-ci il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarla toplanmış HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılması rədd edilməsi, materialda X6, Şəxs, X11, X3, Şahid, X4 və X7 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinə göndərilməsinə dair qərar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin qanunun 1-ci maddəsinə görə valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən isə vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. İş materiallarından və izahatlardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən məscidlərdə 2025-ci ilin 13 və 14 fevral tarixlərində dini məzmunlu məmulatların qanunda nəzərdə tutulmuş qaydada icazə alınmadan hazırlandığı və nəzarət markası ilə markalanmadan uşaqlar arasında yayıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9- cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal, məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə sözügedən halları nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədləri baxımından kifayətdir. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar