Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-62/2024 31.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə Babək Rayon Məhkəməsi “31” iyul 2024-cü ildə Babək şəhərində Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Elmar Eldar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdi: Babək Rayon Məhkəməsinə 31 iyul 2024-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin 29 iyul 2024-cü il tarixli, 3-13-43-12/2-10307/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İXP seriyalı, ******* nömrəli, 01 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinin mahiyyətinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 529.3-cü maddəsindən məlum olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Qeyd edilən hüquq normalarından da görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -törədilmiş əməl yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta olmalı; -həmin xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; -bu qərar qanuni qüvvəyə minməli; -qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş TP seriyalı, ******* nömrəli, “09” mart 2024-cü il tarixli qərarda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi və onun barəsində 40 (qırx) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qeyd olunur. Bu da onu deməyə əsas verir ki, onun törətdiyi inzibati xəta əməli İnzibati Xətalar Məcəlləsinin 29-cu fəslində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətadır. Digər şərtin, yəni xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsi şərtinin mövcudluğuna gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.2 və 124.3-cü maddələrinin tələbinə görə isə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Qeyd edilən Məcəllənin 124.4-cü maddəsi ilə isə müəyyən edilir ki, həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin tələbindən aydın olur ki, inzibati xəta istər foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə, istərsə də edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə yekunda həmin əmələ hüquqi qiymətin verilməsi nəticəsi olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Məhz bu qərarın qəbul edilməsindən sonra o, mərkəzi informasiya sistemində yerləşdirilməli, qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada barəsində inzibati xəta törətmiş şəxsə göndərilməli və ya təqdim edilməli, sonuncu həmin qərarı aldıqdan sonra 3 ay müddətində icra etmədikdə isə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməlidir. Qeyd edilən normaları hazırkı iş materialları ilə əlaqələndirərək məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət yol patrul xidmətinin əməkdaşı tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi haqqında 09 mart 2024-cü il tarixli, İXP seriyalı, 60888487 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək ona təqdim edilsə də, onun barəsində cərimə inzibati tənbeh tətbiq etmə haqqında TP seriyalı, ******* nömrəli, “09” mart 2024-cü il tarixli qərarın surətinin Şəxs rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməyib. Bu isə özlüyündə qeyd edilən qərarın qanuni qüvvəyə minmə vaxtını müəyyən etməyə imkan vermir. Lakin buna baxmayaraq inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron informasiya sistemindən çıxarılmış məlumatdan Şəxs 09 mart 2024-cü il tarixli, İXP seriyalı, 60888487 nömrəli inzibati tənbeh vermə haqqında qərarla onun barəsində tətbiq edilmiş inzibati tənbehi, yəni 40 (qırx) manat məbləğində cəriməni və 24 (iyirmi dörd) manat məbləğində dəbbə pulunu icra etmişdi. Bu isə o deməkdir ki, Şəxs qərarın rəsmi qaydada təqdim edilməsi barədə sübut təqdim edilməsə də, səlahiyyətli orqan məhkəməyə müraciət edənədək barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs inzibati tənbehi icra etdiyindən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yarana bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinin məzmununa əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İXP seriyalı, ******* nömrəli, 01 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir Hakim:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-62/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-62/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver