Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-62/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakı ilə, xx xxxx 1995-ci ildə Babək rayonu, Nehrəm kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, iki övlad atası, işsiz əvvəllər məhkum olunmayan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-13-43-7/2-4105/2025 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 13 və 14 fevral 2025-ci il tarixlərdə Babək rayonu Nehrəm qəsəbəsində dini mərasimlərin keçirilməsi qaydalarını pozmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatına əsasən Babək rayonu, Nehrəm kəndində qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və məmulatları və dini məzmunlu başqa məlumatların yayılması ilə məşğul olan Babək rayonu, Nehrəm qəsəbə sakinləri xx.xx.1996-cı il təvəllüdlü X7, xx.xx.1995-ci il təvəllüdlü Şəxs və xx.xx.1990-cı il təvəllüdlü X2 barələrində əməliyyat axtarış tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri zamanı onlar Nehrəm qəsəbəsində saxlanılaraq Naxçıvan şəhər Polis İdarəsinə gətirilmişlər. Onların izahatı alınan zamanı məlum olmuşdur ki, X2 yaşadığı evində 1000-dən çox dini təyinatlı və şiə məshəbini təbliğ edən kitablar mövcuddur. Həmçinin 2025-ci ilin fevral ayının 13 və 14 tarixlərində Hacı Mehdi və Xəndək məscidlərində keçirilən tədbirlədə Taleh və Abbas adlı şəxslər pul yığaraq İmam Mehdini tanıtdırmaq adı ilə uşaqlara hədiyyələr paylamışlar. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X9 HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, X2, X4, Şəxs, Şahid, X5, X1, X8 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraatın başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında keçirdikləri mərasimləri məscidlərin axundları Hacı Malik və Hacı Cəlilə bildirməklə, onlardan icazə almaqla etdiklərini, orada özbaşına heç bir şey etmədiklərini, axundlar həmin hərəkətlərin qadağan olunduğunu dediyi halda onları heç bir halda etməyəcəklərini, ehsanın əvvəlki illərdə də paylanıldığını, ehsanın sıravi vətəndaş kimi yaxşılıq niyyəti ilə paylanıldığını, məscidin axundunun özünün mikrofonda gələn məclisdə ehsan paylanılacağını elan etdiyini, hətta dini icmanın rəhbəri tərəfindən Nehrəm qəsəbə gənclərinə bu cür fəal olduqlarına görə təşəkkür elan edildiyini, keçirilən hər iki mərasimdə iştirak etdiyini, dini fəaliyyətlə məşğul olmadığını, sadəcə namaz qıldığını, hər iki məsciddə tədbirlərin fevral ayında bir gün ara ilə keçirildiyini, hər iki mərasimdə də mikrofonla ehsanı şəhidlərin ruhuna hədiyyə etdiklərini, ehsanın pulunu özünün yığdığını, özünün də on manat pul qoyduğunu, yanında olanlara pulun yığıldığını birbaşa dediyini, digərlərinə isə vatsapla xəbər verdiyini, tanımadıqları kənar adamlardan pul yığılmadığını, təxmini 270 manat pul yığdığını, kimisi 5, kimisi 10 manat pul qoyduğunu, özlərinin şəxsən gətirib razılıqla pulu verdiklərini, 12-ci imam Mehdinin mövludu ilə əlaqədar uşaqlar üçün ehsan xarakterli hədiyyələr hazırladıqlarını, keçən il də bunun Nehrəm qəsəbə məscidlərində təşkil edildiyini, keçən ilki tədbirdən ilham aldıqlarını, keçən ilki ehsanı kimin təşkil etdyini bilmədiyini, onun da məscidin axundunun iştirakı və icazəsi ilə edildiyini, təşkilatçıların özü, Oruc, Taleh, Elsevər, Nizami, Nahid və Qulu olduğunu, X6 tanıdığını, onun orada iştirak etmədiyni, tədbirlərin heç birində iştirak etmədiyini, Qüdrətin dönərçi olduğunu, özünün dini təhsili olmadığını, amma ali təhsilli olduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda 2-3 il işlədiyini, imtahana hazırlaşmağın ona çətin gəldiyinə görə öz ali təhsili istiqaməti üzrə işləmədiyini, əvvəllər Bahar kargoda işlədiyini, hal-hazırda oradan işdən çıxdığını, İmam Mehdi məscidinin axundunun Hacı Malik, Xəndək məscidinin axundunun Hacı Cəlil olduğunu, uşaqların hədiyyələrinin içərisində çöçə, çöplü meyvə şirəsi, sürpriz yumurta olduğunu, qablaşdırmanı özü, Nizami, Mahir, Elsevər və Orucla birikdə etdiklərini, hər il uşaqlara hədiyyə paylamadıqlarını, keçən ilki tədbirdən həvəslənib bu il hədiyyə payladıqlarını, icazə aldıqlarını, əgər onlara bunun qanunla qadağan olunduğu deyilsəydi bunu etməyəcəklərini, uşaqların hədiyyələrinin içinə qoyduqları kağızın arxa tərəfində Azərbaycanın bayrağı, digər tərəfində isə Peyğəmbərdən ata-anaya yaxşılıq etməyin hər bir övladın borcu olduğuna dair hədisin olduğunu, onları Nehrəmli Qulunun yerində çap etdiklərini, qablaşdırmanı özünün etdiyini, dini məzmunlu braşurların hədiyyələrin içərisinə də qoyulduğunu, tədbirdə 10-15 uşağın iştirak etdiyini, çoxunu valideynlərin götürüb evdəki uşaqlarına apardıqlarını, Kərbəlada, Nəcəfdə, İraqda 2 dəfə ziyarətdə olduğunu, xarici dil bilmədiyini, evinə baxış keçirilməsinə icazə verdiyini, evindən Azərbaycan dilində və Ərəb dilində olan Quran kitablarının götürüldüyünü, kitabların hər ikisinin arxasında dini qurumların möhürünün olduğunu, başqa heç nəyin olmadığını, ziyarətləri kənd camaatı ilə birlikdə etdiyini, Təbriz şəhərinə isə təxminən 7-8 il bundan əvvəl getdiyini, Nəcəfdə öz çantalarına Azərbaycan bayrağı yapışdırdıqlarının, bir nəfərin ona yaxınlaşıb ondan nömrəsini istədiyini, ona salam yazdığını, daha sonra aralarında başqa söhbətin olmadığını, həmin adamın adının Məhəmməd olduğunubildirmişdir. Şahid məhkəmədə verdiyi ifadəsində Şəxs ilə dayıoğlu-bibioğlu olduğunu, məscid rəhbərliyindən icazə alıb ehsan payladıqlarını, ehsanın paylanılmasında Şəxs da iştirak etdiyini, Şəxs məsciddən kənar hər hansı bir dini mərasim keçirməsini görmədiyini, hər iki gündə də həmin məclislərdə Abbasın iştirak etdiyini, onun ehsanı hazırlayıb payladığını, hədiyyələrin düzəldilməsində iştirak etdiyini, Abbasın orada dini çıxışlar etmədiyini, dini məzmunlu ədəbiyyatı satmadığını, yaymadığını, 2017-ci ildə İraqa Kərbəla ziyarətinə birlikdə getdiklərini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin qanunun 1-ci maddəsinə görə valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən isə vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. İş materiallarından və izahatlardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən məscidlərdə 2025-ci ilin 13 və 14 fevral tarixlərində dini məzmunlu məmulatların qanunda nəzərdə tutulmuş qaydada icazə alınmadan hazırlandığı və nəzarət markası ilə markalanmadan uşaqlar arasında yayıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9- cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti məsuliyyəti ağırlaşdıran halı və yüngülləşdirici halların olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №3(079)-62/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-62/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver