Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-63/2024 02.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Məmmədovun iştirakları ilə, xx.xx.1979-üi ildə Babək rayonu, Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 (iki) azyaşlı uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Qahab kəndində qeydiyyatda olan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. İnzibati xəta haqqında protokola əlavə olunmuş Culfa Rayon Məhkəməsinin 2(089)- 30/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.20214-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq 170 manat olmaqla, hər ay 340 manat sabit pul məbləğində alimentin Şəxs alınıb X1 verilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 07 iyun tarixindən etibarən oğlu Vilayət Əliyevin onunla qaldığını, işə baxılarkən ölkə hüdudlarında olmasa da qayıtdıqdan sonra icra sənədindən 2024-cü ilin fevralından etibarən məlumatının olduğunu, sadəcə olaraq işsiz olduğuna görə borcu ödəyə bilmədiyini, ona məxsus şəxsiyyət vəsiqəsini tələbkarın evdən gedərkən özü ilə aparması səbəbindən əmək müqaviləsi bağlaya bilmədiyini, yeni şəxsiyyət vəsiqəsi üçün müraciət etdiyini, son günlərdə Hacıvar kəndində yerləşən “Losso” mebel sexində boya ustası kimi müqaviləsiz işə başladığını, şəxsiyyət vəsiqəsini aldıqdan sonra rəsmiləşdirəcəyini, 360 manat maaş alacağını, ondan sonra aylıq alimenti və borcunu əmək haqqından çıxılmaqla ödəyə biləcəyini, oğlu Vilayətin öz yanında qalmaq istədiyini, anasının yanına getmək istəmədiyini, bu səbəbdən ona münasibətdə borcun dayandırılmasını xahiş etdiyini, uşağın iki aydır öz yanında qalmasına baxmayaraq ona da aliment hesablandığını, halbuki uşağın alınıb verilməsi ilə bağlı tələbkar müraciət etdiyindən icra məmurunun iyun ayından Vilayətin öz yanında qaldığını bildiyini, icra sənədi qəbul edilərkən 2024-cü ilin yanvarında Gürcüstanda olub orada işlədiyini, hətta aliment qərarı çıxmamışdan qabaq- 2023-cü ildə yeni ilə yaxın zamanda tələbkara 400 manat pul göndərdiyini, aliment təyin olunandan sonra da bir neçə dəfə pul göndərsə də icra orqanı vasitəsilə etmədiyindən bunun nəzərə alınmadığını, hər həftə sonu uşaqların ərzağını, geyimini alıb apardığını, lakin bunu təsdiq edəcək heç bir sübutunun olmadığını, rəsmi olaraq isə icra şöbəsində tələbkara 500 manat pul ödədiyini, X3 12 yaşı olduğunu və qardaşı ilə birlikdə yaşadıqlarından işdə olduğu müddətdə qardaşının ailəsinin ona baxdığını, Gürcüstandan gəldikdən sonra şəxsi sexlərdə mebel ustası kimi işlədiyini, 12 il birlikdə işlədiyi “Belissa” mebeldə Zaur adlı şəxsdən 500 manat alıb alimentə ödədiyini, həmin yerdən isə işin bağlanması ilə əlaqədar çıxarıldığını, ailəli olanda da orada 8 saat işləyib saatına 3 manat 60 qəpik pul aldığını, daha sonra özünə daimi iş yeri tapa bilmədiyini, adına hər hansı əmlak və ya nəqliyyat vasitəsi olmadığını, nikahın pozulması və uşağın onun yanında qalması ilə bağlı heç bir orqana müraciət etmədiyini, alimenti icra orqanı vasitəsilə ödəmədiyi üçün peşman olduğunu, halbuki ayrıldıqdan sonra uşaqlara aldıqlarını pul şəklində ödəsəydi indi borcunun olmayacağını, özünə məxsus mal-qaranın da olmadığını, heç vaxt fərdi sahibkar kimi fəaliyyət göstərmədiyini, hazırda gəlirinin olmadığına görə pulu ödəyə bilmədiyini, uşağın birinin özündə qalmasının nəzərə alınmalı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Məmmədov məhkəmə iclasında verdiyi izahatında Culfa Rayon məhkəməsinin 2(089)-40/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli icra vərəqəsinin 17 yanvar 2024-cü il tarixdə icraata qəbul edildiyini, 18 yanvar 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun qeydiyyatda olduğu ünvana göndərildiyini, Elektron İcra Sistemində müvafiq sorğulara əsasən şəxsin tələbin yönəldilə biləcəyi əmlakının olmadığının müəyyən edildiyini, tələbkarın 16 yanvar 2024-cü il tarixdə icra şöbəsinə müraciət edərək alimentin ödənilməsini tələb etdiyini, ödənilmədiyi təqdirdə borclu barəsində icra tədbirlərinin görülməsini xahiş etdiyini, 29 mart 2024-cü il tarixdə Şəxs şöbəyə dəvət olunaraq rəsmi olaraq borcu barədə məlumat verildiyini və borcun icra olunması üçün ona rəsmi xəbərdarlıq edildiyini, daha sonra dəfələlə borcluya telefon vasitəsilə məlumat verilməsinə baxmayaraq borcu ödəmədiyini, 06 iyun 2024-cü il tarixdə tələbkarın ərizə ilə şöbəyə müraciət etdiyini. həmin tarixdə borclunun da şöbəyə çağırılaraq 2040 manat borcunun olmasını bildirildiyini, borclu tərəfindən isə 500 manat məbləğin icra məmurunun iştirakı ilə tələbkara ödənildiyini, yenidən 02 avqust tarixində borclunun şöbəyə çağırılaraq izahatının alındığını, ona borcunun 2220 manat olmasının bildirildiyini və rəsmi xəbərdarlıq edildiyini, borclunun izahatında işsiz olduğunu bildirdiyini, verilən suallara cavabında Vilayət Əliyevin borclunun yanında qalması ilə bağlı məlumatlarının olmasına baxmayaraq borclunun bununla bağlı rəsmi məlumat vermədiyini, bu səbəbdən son iki ayın borcundan çıxılmadığını, tələbkarın borclunun ona alimentdən kənar köməklik etmədiyini bildirdiyini qeyd etmiş, yekunda qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildirişlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda icra orqanı tərəfindən borcluya ümumilikdə 1360 manat ödənilməyən aliment borcunun olduğuna dair xəbərdarlıq edilmişdir. Bundan sonra tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə icra qurumuna ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixədək yaranmış 2040 manat borcdan 500 manatı Babək rayon İcra və Probasiya şöbəsində təhvil aldığını, xx.xx.2024-cü il tarixədək borclu Şəxs ona olan 1880 manat borcunun xx.xx.2024-cü il tarixədək ödənilməyəcəyi halda borclu barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə borcluya təkrar xəbərdarlıq edilərək xx.xx.2024-cü il tarixədək 2220 manat borcunun olduğu bildirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu və icra məmurunun məhkəmə iclasında verdiyi izahatı əsasında tərəflər arasında bağlanmış nikahın pozulmadığı və uşaqların yaşayış yerinin məhkəmə qətnaməsi əsasında müəyyən edilmədiyi, Culfa Rayon Məhkəməsinin iki uşağın saxlanılması üçün aliment təyin etdiyi uşaqlardan X3 2024-cü ilin iyun ayından etibarən artıq atanın yanında qaldığı və atası tərəfindən saxlanıldığı müəyyən olunmuş, buna baxmayaraq icra məmuruna 2 aydan artıq müddətdir aliment təyin edilən uşaqlardan birinin atanın yanında qalması məlum olsa da sözügedən hal aktlaşdırılmamış və hesablanmış borcdan çıxılmamışdır. Belə ki, uşaqların saxlanılması qaydasını müəyyən edən aliment münasibətləri dəyişən münasibətlərdir və aliment yalnız uşaqları saxlamayan valideynlərdən tutulur. Həmçinin borclu 500 manat ödəməklə məhkəmə qətnaməsinin icrasından üzrsüz səbəbdən boyun qaçırmadığını, məhkəmə qətnaməsinin icra edilməməsinin borclunun işləməməsi və qazancının olmaması kimi üzrlü səbəblərdən irəli gəldiyi müəyyən edilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini icra etməməsi borclunun müəyyən müddətdə işsiz qalması, mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə və Elektron İcra Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan onun əmək haqqı, pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yolnəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Halbuki şəxsin təqsirləndirildiyi İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati xəta tərkibinin yaranmasından söhbət gedir. “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Sözügedən halda isə borclu Şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edildiyi müəyyən olunur. Borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun tələblərinin icrası üçün səy göstərərək icra sənədi üzrə qismən icranı həyata keçirmiş, icra olunmayan hissədə isə icranın təmin edilməməsi üzrlü səbəblərdən qaynaqlanmışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Həmin qərarda qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının İXM-in 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın İXM-in 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-63/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-63/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver