Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-64/2023 16.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, 20 iyul 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xəlilli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, (Fin kod – xxxxxxx) Babək rayonu, Xəlilli kəndində qeydiyyatda olan və yaşayan, deməsinə görə çobanlıqla məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 16 may 2023-cü il tarixli, 211014/4xx-xx/2022 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 may 2023-cü il tarixli, 013148 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmədə verdiyi izahatında icra sənədinin 12 sentyabr 2022-ci ildə icraata daxil olduğunu, 14 sentyabr 2023-cü ildə isə icraata başlamaq haqında qərar qəbul edildiyini, icra sənədinin əvvəlcə icra məmuru Vüsal Kərimovun icraatında olduğunu, 2023-cü ilin yanvar ayında isə icra sənədini öz icraatına götürdüyünü, borclu Türkiyə Respublikası ərazisində olduğundan onun anası ilə ilə telefonla əlaqə saxlayaraq ona borc barədə məlumat verdiyini, 2023-cü ilin fevral ayında isə onun barəsində axtarış verildiyini, həmin ilin aprel ayında isə polis tərəfindən borclunun icra şöbəsinə verildiyini, ona rəsmi qaydada xəbərdarlıq verildikdən sonra borcun ödənilməsi üçün ona vaxt verildiyini, lakin Şəxs yenə də borcu ödəmədiyini, hazırda onun icra sənədi üzrə 1953 manat borcu olduğunu, borclunun dünən icra şöbəsinə dəvət edildiyini, ona rəsmi qaydada xəbərdarlıq verildiyini, borcluya ən azından borcunun yarısının ödənilməsinin təklif edildiyini, onun da buna dair söz verməsinə baxmayaraq daha sonra şöbədən qaçdığını, onu bu gün polis vasitəsi ilə şöbəyə çağırdığını, icra sənədini icra etməməsinə səbəb kimi maddi imkanının olmadığını bildirdiyini qeyd etmişdi. Şəxs məhkəmədə verdiyi izahatında özünün evin təmiri üçün əvvəllər bankdan 3500 manat kredit götürdüyünü, həmin borcu ödədikdən sonra yenidən həmin məbləğdə kredit götürdüyünü, əvvəllər işlədiyindən kredit əmək haqına yönəldiyini və hər ay əmək haqından 130 manat pul çıxıldığını, sonradan iş yeri bağlandığından borcu ödəməkdə çətinlik çəkdiyini, buna görə də işləmək üçün Türkiyə Respublikasına getdiyini, orada tekstildə işlədiyini, ayda 500-600 manat əmək haqqı aldığını, həmin pulla orada ancaq dolandğını, evlərində maddi cəhətdən vəziyyət yaxşı olmadığından az da olsa ara-sıra evlərinə pul göndərdiyini, həm anasının, həm də balaca qardaşının xəstə olduğunu, hazırda isə evə qazanc gətirən şəxsin ancaq atası olduğunu, özünün Türkiyə Respublikasında işi olmadığından 150 manat borc etməklə Naxçıvana qayıtdığını, 10 gün olar ki, çoban kimi işə düzəldiyini, hələ əmək haqqı almadığını, işə götürdüyü şəxsdən borcunu ödəmək üçün pul istəsə də, onun 2-3 günə pul verə biləcəyini dediyini, bu ayın sonunda əmək haqqı aldıqdan sonra ödəniş etmədiyi düşündüyünü, bir il Türkiyə Respublikasında yaşadığını, bu səbəbdən də ödəniş edə bilmədiyini, Naxçıvana yeni gəlsə də iş tapmaq üçün hər yerə getdiyini, lakin başqa iş tapmadığını, hərbiçi kimi işə düzəlmək üçün sənədlərini hazırladığını, çalışıb ay sonuna qədər gecə də işləməli olsa borcunun yarısını qaytarmağa çalışacağını, qardaşının da yaxınlarda aliment borcunu vermədiyindən həbs edildiyini, maddi cəhətdən vəziyyətinin çox pis olmasını, həddindən artıq kasıbçılıqla yaşamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Notariat ofisinin 07 sentyabr 2022-ci il tarixli, 8-İ-1169 nömrəli icra qeydindən Şəxs “Kapital Bank” Açıq Cəmiyyətinin xeyrinə 1928,90 (bir min doqquz yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat borcun və 25 (iyirmi beş) manat dövlət rüsumunun tutulması müəyyən edilmişdi. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 14 sentyabr 2022-ci il tarixi icraata başlamaq haqqında qərarının və eyni tarixli, 211014/4xx-xx/2022 nömrəli tələbin könüllü icra barədə bildirişin surətindən Babək Rayon Notariat ofisinin 07 sentyabr 2022-ci il tarixli, 8-İ-1169 nömrəli icra sənədinin şöbənin icraatına qəbul edilməsi və onun icrası üçün borcluya 10 (on) günlük müddət müəyyən edilməsi və bu icra sənədlərinin borcluya rəsmi qaydada təqdim edilməsi aydın olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İşdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan isə təsdiq edilir ki, Babək Rayon Notariat ofisinin 07 sentyabr 2022-ci il tarixli, 8-İ-1169 nömrəli icra sənədi üzrə borcludan tutulmalı olan məbləğ tam icra edilməyib və onun icrası ilə bağlı ödəniş həyata keçirilməyib. Bu qeyd edilənlər isə ikinci şərtin mövcudluğunu təsdiq edir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən sözü gedən icra sənədinin icrası ilə bağlı icra məmurunun 24 aprel və 15 may 2023-cü il tarixlərdə borcluya yazılı qaydada xəbərdarlıqlar təqdim etməsi sübuta yetirilir. İşdə iştirak edən şəxslərin məhkəmə verdiyi izahatlarından isə aydın olur ki, borclu 2023-cü ilin aprel ayının sonları Azərbaycan Respublikası ərazisinə gəlmişdi. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin icra sənədini tam və vaxtında icra etməməsi borclunun işsiz olması, heç bir gəlirinin olmaması, mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Belə ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan borclunun işsiz olması, onun barəsində olan icra sənədi üzrə tələbin yönələ biləcək əmlakın olması, Babək Rayon Notariat ofisinin 07 sentyabr 2022-ci il tarixli, 8-İ-1169 nömrəli icra sənədində qeyd edilən məbləği bir dəfəyə ödəməsini təsdiq edəcək üzrlü halın olması müəyyən edilmir. Yəni Şəxs Babək Rayon Notariat ofisinin 07 sentyabr 2022ci il tarixli, 8-İ-1169 nömrəli icra sənədi üzrə yaranmış borcu tam ödəməsi üçün maddi vəziyyətinin yetərli olması öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs hazırki vəziyyətdə Babək Rayon Notariat ofisinin 07 sentyabr 2022-ci il tarixli, 8-İ-1169 nömrəli icra sənədini üzürlü səbəbdən tam icra edə bilmir. Yəni hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 16 may 2023-cü il tarixli, 013148 protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-64/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-64/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver