Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-64/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Şahid iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, fərdi sahibkar (VÖEN- **********) Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-13-43-7/2-4107/2025 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatına əsasən Babək rayonu, Nehrəm kəndində qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və məmulatları və dini məzmunlu başqa məlumatların yayılması ilə məşğul olan Babək rayonu, Nehrəm kənd sakinləri xx.xx.1996-cı il təvəllüdlü Şəxs, xx.xx.1995-ci il təvəllüdlü Şahid, xx.xx.1990-cı il təvəllüdlü X3 barələrində əməliyyat axtarış tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri zamanı onlar Nehrəm qəsəbəsində saxlanılaraq Naxçıvan şəhər Polis İdarəsinə gətirilmişlər. Onların izahatı alınan zamanı məlum olmuşdur ki, X3 yaşadığı evində 1000-dən çox dini təyinatlı və şiə məshəbini təbliğ edən kitablar mövcuddur. Həmçinin 2025-ci ilin fevral ayının 13 və 14 tarixlərində Hacı Mehdi və Xəndək məscidlərində keçirilən tədbirlərdə Taleh və Abbas adlı şəxslər pul yığaraq İmam Mehdini tanıtdırmaq adı ilə uşaqlara hədiyyələr paylamışlar. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X12 HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, X3, X5, Şahid, X1, X6, X2, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraatın başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında təsərrüfat işi ilə məşğul olduğunu, subay olduğunu, dini təhsili olmadığını, mövluddan 3-4 əvvəl axund Malikin fevralın 12-14 tarixlərində Hacı Mehdi və Xəndək məscidlərində ehsan veriləcəyini bildirdiyini, həmin məscidlərdə ehsan payladığını, axunddan icazə alındığını, Babək rayon Dini İcmasının rəhbəri Qasım müəllimin da bundan xəbərdar olduğunu, həmişə məscidlərdə belə tədbirlərin keçirildiyini, boş vaxtlarında - bostan vaxtı olmayanda belə tədbirlərdə iştirak etdiyini, həmin tarixlərdə sonuncu imam Mehdinin doğum gününün qeyd edildiyini və hər iki məsciddə ehsan payladığını, Abbas, Nizami, Taleh, Elsevər və özünün camaatdan pul yığdığını, uşaqlara hədiyyələr və üzərində hədis olan (ata və anaya hörmət haqqında) arxasında isə Azərbaycan bayrağı olan kağızların paylanlımasında iştirak etdiyini, Nehrəmdəki Qulu adlı şəxsin telefon mağazasında həmin broşurların hazırlandığını, uşaqların da həmin gün məscidlərdəki ehsanlarda iştirak etdiyini və dini mövzulara qulaq asdıqlarını, axund Malik və Cəlilin çıxışlar etdiyini, Qüdrətin də çıxışı olduğunu, Qulu və Xaliqin isə quran oxuduğunu, sinəzən oxuyanların yadında qalmadığını, 2018-ci ildən dini tədbirlərin məscidlərdə keçirildiyini, həmin tədbirin də təxminən 1 saat davam etdiyini, hədiyyələrin verilməsi ilə bağlı paylaşım etmədiyini, İmam Mehdi haqqında şeir oxumadığını, şəhidlərin mövlud günündə vətənpərvərliklə bağlı söhbətlərin edildiyini, lakin həmin gün belə söhbətlərin edilmədiyini, Məşədi 1 dəfə ziyarət etdiyini, namaz qılan olduğunu, əməlinin qanunsuz olduğunu bilmədiyini, axund icazə verdiyi üçün ehsan paylamağa kömək etdiyini bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Şəxs dostu olduğunu, onun sadəcə hədiyələrin paylanmasında iştirak etdiyini, hədiyyələrin içərisində kağız halında bir tərəfində Azərbaycan dövlətinin bayrağının təsviri, bir tərəfində isə valideynlərə hörmət məzmunlu hədisin mətninin yer aldığını, hər bir hədiyyə paketinin içində həmin kağızların olduğunu və uşaqlara paylandığını, hər iki məsciddəki mərasimlərdə hədiyyələrin paylanlımasında Orucun da iştirak etdiyini, onun məscidlərdən kənar dini yığıncaqlar təşkil etmədiyini, dini təbliğat aparmadığını, dindar kimi ondan məsləhət alınmadığını, sadəcə Nehrəm camaatının namaz qılana dindar kimi baxdığını və namaz qıldıqları üçün ümumi olaraq belə insanlara hörmət edildiyini, Orucun başqa şəxslərlə xaricə səfər edib-etmədiyini bilmədiyini bildirmişdir. 07 aprel 2025-ci il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarla toplanmış HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılması rədd edilməsi, materialda X9, X10, Şahid, X7, X11, X8 və Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinə göndərilməsinə dair qərar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. İnzibati xəta haqqında iş üzrə araşdırma nəticəsində Şəxs Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən məscidlərdə 13 və 14 fevral tarixlərində keçirilən kütləvi dini mərasimlər zamanı müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan dini məzmunlu məlumat materiallarını nəzarət markası ilə markalanmadan uşaqlar arasında yayması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9- cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal, məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə sözügedən halları nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədləri baxımından kifayətdir. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №3(079)-64/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-64/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver