Məhkəmə qərarları › İş №3(079)-65/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-65/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-65/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakı ilə, xx xxxxxxxx 1996-cı ildə Babək rayonu, Nehrəm kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, iki övlad atası, Babək Rayon Mədəniyyət İdarəsində təsərrüfat müdiri vəzifəsində işləyən, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-13-43-7/2- 4097/2025 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatına əsasən Babək rayonu, Nehrəm kəndində qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və məmulatları və dini məzmunlu başqa məlumatların yayılması ilə məşğul olan Babək rayonu, Nehrəm kənd sakinləri xx.xx.1996-cı il təvəllüdlü Şahid, xx.xx.1995-ci il təvəllüdlü Şəxs, xx.xx.1990-cı il təvəllüdlü X1 barələrində əməliyyat axtarış tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri zamanı onlar Nehrəm qəsəbəsində saxlanılaraq Naxçıvan şəhər Polis İdarəsinə gətirilmişlər. Onların izahatı alınan zamanı məlum olmuşdur ki, X1 yaşadığı evində 1000-dən çox dini təyinatlı və şiə məshəbini təbliğ edən kitablar mövcuddur. Həmçinin 2025-ci ilin fevral ayının 13 və 14 tarixlərində Hacı Mehdi və Xəndək məscidlərində keçirilən tədbirlədə Taleh və Abbas adlı şəxslər pul yığaraq İmam Mehdini tanıtdırmaq adı ilə uşaqlara hədiyyələr paylamışlar. Belə ki, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 toplanmış HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraat başlanılması üçün qərarın surəti Babək Rayon Polis İdarəsinə göndərilməsi barədə xx.xx.2025-ci il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında qanun pozuntusu etmədiklərini, ehsanı məscid rəhbərliyindən icazə allıb payladıqlarını, məsciddən kənar heç bir dini tədbir təşkil etmədiyini, nə də iştirak etdiyini, əvvəllər belə bir şeyin olmadığını, dini ədəbiyyat saxlamadığını, dini təhsilinin olmadığını, orta təhsilli olduğunu, dini fəaliyyətinin olmadığını, namaz qıldığını, birinci məclisin Hacı Mehdi, ikinci məclisin isə Xəndək məscidində olduğunu, birinci məclisi Hacı Mehdi məscidinin axundu Hacı Malikin, ikincini isə Xəndək məscidnin axundu Hacı Cəlilin razılığı ilə təşkil edildiyini, maliyyələşməni kimin etdiyindən xəbərinin olmaldığını, ehsan üçün pul verdiyini, pulu əslində özlərinin yığdığını, 10-15 manat pul dayıoğlusu Abbasa verdiyini, nə qədər pul yığıldığını bilmədiyini, hədiyyələri savab niyyəti ilə, ehsan niyyəti ilə payladıqlarını, onların içində həmin gün 12-ci imamın doğum günü olduğunu, braşurların bir tərəfində Azərbaycan bayrağı, digər tərəfində isə hədisin olduğunu, Hacı Malikin həmin günün mahiyyəti haqqında danışdığını, Xəndək məscidində isə Cəlilin bu barədə danışdığını, özünün çıxış etmədiyini, şer demədiyini, hədiyyələri isə Bahar kargoda hazırladıqlarını, Abbas Bahar kargoda işlədiyinə görə orada hazırladıqlarını, dörd nəfər birlikdə oraya getdiklərini, özü, Abbas, Nizami və Orucun orada olduqlarını, hədiyyələri özü, Oruc və Talehin payladıqlarını, Abbasın hədiyyə paylamadığını, Tiktok və İnstagram sosial şəbəkəsindən istifadə etdiyini, orada dini təbliğat aparmadığını, 2017-ci ildə və 2023-2024cü illərdə Məşəd və Kərbəla ziyarətində olduğunu, vermədiyini, inzibati cəriməni günahsız olduğuna görə qəbul etmədiyini bildirmişdir. Şahid məhkəmədə verdiyi ifadəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmyerlisi olduğunu, onun məsciddə sadəcə iştirak etdiyini və pul verdiyini, çıxış etmədiyini, hədiyyələrin paylanmasında iştirak etdiyini, onu namaz qılan şəxs kimi tanıdığını, bir yerdə səfərlərinin olmadığını, dini təbliğat aparması ilə bağlı bir məlumatının olmadığını, Elsevərin sosial şəbəkə hesablarını bildiyini, onları izlədiyini, məscidlərdən kənar yerlərdə məclis təşkil etdiyini görmədiyini, dövlətçilik əleyhinə çıxışlarının olmadığını bildirmişdir. Şəxs barəsində 30 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin qanunun 1-ci maddəsinə görə valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən isə vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. İş materiallarından və izahatlardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən məscidlərdə 2025-ci ilin 13 və 14 fevral tarixlərində dini məzmunlu məmulatların qanunda nəzərdə tutulmuş qaydada icazə alınmadan və nəzarət markası ilə markalanmadan uşaqlar arasında yayıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal, məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halı, yüngülləşdirici halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar