Məhkəmə qərarları › İş №3(079)-66/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-66/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-66/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, şahidlər Şahid2 və Şahid1 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 (üç) uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-13-43-7/2-4101/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 13 və 14 fevral 2025ci il tarixlərdə Babək rayonu Nehrəm qəsəbəsində dini mərasimlərin keçirilməsi qaydalarını pozmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatına əsasən Babək rayonu, Nehrəm kəndində qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və məmulatları və dini məzmunlu başqa məlumatların yayılması ilə məşğul olan Babək rayonu, Nehrəm kənd sakinləri xx.xx.1996-cı il təvəllüdlü Şəxs, xx.xx.1995-ci il təvəllüdlü Şahid1, xx.xx.1990-cı il təvəllüdlü X3 barələrində əməliyyat axtarış tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri zamanı onlar Nehrəm qəsəbəsində saxlanılaraq Naxçıvan şəhər Polis İdarəsinə gətirilmişlər. Onların izahatı alınan zaman məlum olmuşdur ki, X3 yaşadığı evində 1000-dən çox dini təyinatlı və şiə məshəbini təbliğ edən kitablar mövcuddur. Həmçinin 2025-ci ilin fevral ayının 13 və 14 tarixlərində Hacı Mehdi və Xəndək məscidlərində keçirilən tədbirlərdə Taleh və Abbas adlı şəxslər pul yığaraq İmam Mehdini tanıtdırmaq adı ilə uşaqlara hədiyyələr paylamışlar. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, X3, Şahid2, Şahid1, X1, X5, X2, X6 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraatın başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Şəxs evlərdə usta işlədiyini, həmkəndli olduqlarını, məscidin axundu dəvət edərsə, dini tədbirlərdə, soyqırım, şəhidlərin anım günü, islamın xüsusi günlərində, mövludlarda, şəhadətlərdə Mürtəzanın sinəzən oxuyub dini söhbətlər etdiyini, özünün də sinəzən oxuduğunu, Hacı Mehdi və Xəndək məscidlərində quran oxuyanların və çıxış edənlərin hamısının axunddan icazə alaraq bunları etdiyini, Şəxs da 13 fevral tarixində keçirilən mövludda iştirak etdiyini, həmin gün orada sinəzən oxuduğunu və dini söhbətlər etdiyini, lakin Xəndək məscidindəki mövluda gəlib-gəlmədiyini bilmədiyini, uşaqlara paylanan broşurun dizaynının kimin fikri olduğunu bilmədiyini, hədiyyələrin paylanmasında özünün iştirak etdiyini, Mürtəzanın pul hədiyyələrin alınması üçün pul yığılanda pul qoymadığını, Mürtəzanın namaz qılan kimi tanındığını hazırda isə Mürtəzanın Türkiyədə olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Şəxs həmkəndlisi olduğunu, hər iki məsciddə mövlud günündə ehsan paylananda onun da orada iştirak etdiyini, Mürtəzanın sinəzən oxuyan kimi tanındığını və həmin mərasimlərdə də sinəzən oxuyub dini söhbətlər etdiyini, hədiyyələrin hazırlanmasında və paylanmasında isə onun iştirak etmədiyini və ehsanın verilməsi üçün pul vermədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Bununla belə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Şahidlərin ifadələri əsasında Şəxs din xadimi olmadan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən məscidlərdə 13 və 14 fevral tarixlərində keçirilən kütləvi dini mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması ilə məşğul olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9- cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal, məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə sözügedən halları nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədləri baxımından kifayətdir. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar