Məhkəmə qərarları › İş №3(079)-67/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-67/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-67/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, fərdi sahibkar (VÖEN-**********0), əvvəllər məhkum olunmayan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-13-43-7/2-4109/2025 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 13 və 14 fevral 2025ci il tarixlərdə Babək rayonu Nehrəm qəsəbəsində dini mərasimlərin keçirilməsi qaydalarını pozmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatına əsasən Babək rayonu, Nehrəm kəndində qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və məmulatları və dini məzmunlu başqa məlumatların yayılması ilə məşğul olan Babək rayonu, Nehrəm kənd sakinləri xx.xx.1996-cı il təvəllüdlü Şəxs, xx.xx.1995-ci il təvəllüdlü Şahid, xx.xx.1990-cı il təvəllüdlü Şəxs barələrində əməliyyat axtarış tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri zamanı onlar Nehrəm qəsəbəsində saxlanılaraq Naxçıvan şəhər Polis İdarəsinə gətirilmişlər. Onların izahatı alınan zaman məlum olmuşdur ki, Şəxs yaşadığı evində 1000-dən çox dini təyinatlı və şiə məshəbini təbliğ edən kitablar mövcuddur. Həmçinin 2025-ci ilin fevral ayının 13 və 14 tarixlərində Hacı Mehdi və Xəndək məscidlərində keçirilən tədbirlərdə Taleh və Abbas adlı şəxslər pul yığaraq İmam Mehdini tanıtdırmaq adı ilə uşaqlara hədiyyələr paylamışlar. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, Şəxs, X4, Şahid, X1, X5, X2, X6 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraatın başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında protokola etiraz etdiyini, dönər satmaqla məşğul olduğunu, gecə saat 12-ə qədər işdə olduğunu, dövlətə xəyanət etmədiyini, hədiyyə paylanması və pul yığılması ilə bağlı məsələlərdən xəbərinin olmadığını, sadəcə bu məsələdə qurban getdiyini, Molla Malikin vatsap sosial şəbəkəsində fevral ayının 13 və 14-ü mövlud olacağı ilə bağlı paylaşım edərək hamını çağırdığını, axund onu çağırdığı üçün mövludlarda iştirak etdiyini, axundun icazəsi ilə mövludlarda həmçinin çıxışlar etdiyini, çıxışlarında imamdan, qurandan, hədislərdən danışdığını, vətənpərvərlik mövzularına toxunduğunu, 4 il Bakıda, 6 il isə İraqda Nəcəf şəhərində yerləşən Hacı Hüseyn mədrəsəsində dini təhsil aldığını, ixtisasının quran və ərəbcə hədis tərcümə etmək, ərəb dilində danışmaq olduğunu, lakin diplomunu ölkədə tanıtmaq üçün müraciət etmədiyini, dini fəaliyyətlə və yaxud təbliğatla məşğul olmağı üçün Azərbaycan Respublikası X14 üzrə Dövlət Komitəsi və Naxçıvan MR X14 üzrə Dövlət Agentliyi tərəfindən hər hansı bir icazə vərəqəsi almalı olduğunu və bunun üçün də imtahan verməli olduğunu, lakin bunları etmədiyini, 2019-2020-ci illərdə pandemiya ilə bağlı Nehrəmə qayıtdığını, ilk vaxtlar quran dərsi verdiyini, sonradan polis və prokurorun xəbərdarlığı ilə fəaliyyətini dayandırdığını, təkcə yaxın qohumların yas mərasimlərində onların xahişi ilə quran oxuduğunu, 3 ildir ki, dönərxana işlətdiyini, evindən polis əməkdaşlarının kitablarını götürdüyünü və geri qaytarmadığını, kitablarının hamısının icazəli olduğunu, lakin hüquqlarının pozulduğunu, Abbasın ona hədiyyə üçün pul yığıldığını dediyi üçün 15 manat pul verdiyini, broşurun üzərində Azərbaycan bayrağının təsviri və valideynlərə hörmət məzmunlu hədis olduğunu, günahının olmadığını və qanunsuz heç nə etmədiyini bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində Qüdrətin həmkəndlisi olduğunu, onu tanıdığını, onun orada iştirak etmədiyini, tədbirlərin heç birində iştirak etmədiyini, Qüdrətin dönərçi olduğunu, hədiyyələrin hazırlanmasında və paylanmasında onun iştirak etmədiyini, onun məscidlərdən kənar dini yığıncaqlar təşkil etmədiyini, dini təbliğat aparmadığını bildirmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X14 üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 3-32-3-xx/xx/2025 nömrəli məktubda Kpi-265/25 nömrəli material üzrə təyin olunmuş dinşünaslıq ekspertizası nəticəsində məktuba siyahısı əlavə edilmiş kitabların adının Azərbaycan Respublikası X14 üzrə Dövlət Komitəsinin qadağan olunan dini ədəbiyyatlar siyahısında olmadığına görə respublika ərazisində satılması və istifadə olunmasının məqsədəuyğun sayıldığı, sorğuda adı qeyd olunmuş Şəxs hər hansısa dini fəaliyyətlə və yaxud təbliğatla məşğul olması üçün Azərbaycan Respublikası X14 üzrə Dövlət Komitəsi və Naxçıvan MR X14 üzrə Dövlət Agentliyi tərəfindən hər hansı bir icazə vərəqəsi ilə təmin olunmadığı, bu səbəbdən adı çəkilən şəxsin dini təbliğat aparmasının qadağan olunduğu qeyd olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin qanunun 4-1.1. maddəsinə əsasən Peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına, dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyətdir. Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. (4-1.2.) Həmin qanunun 1-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən isə vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Tədqiq edilən sübutlar əsasında Şəxs din xadimi olmadan Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən məscidlərdə 13 və 14 fevral tarixlərində keçirilən kütləvi dini mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması ilə məşğul olması müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən dini mərasimlərin keçirilməsi qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9- cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal, məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə sözügedən halları nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədləri baxımından kifayətdir. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar