Məhkəmə qərarları › İş №3(079)-68/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-68/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-68/2024 13.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 2001-cı ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Elsevər restoranında barmen işlədiyini, zərərçəkmiş şəxsin isə orada işə düzəlmək üçün həmin gün gəlib restorandakı iş rejimi ilə tanış olduğunu, axşam evə qayıdarkən gec olduğu üçün maşın olmadığından idarə etdiyi və Naxçıvan şəhər sakini X1 məxsus “NAZ-LİFAN” markalı, **-BL-*** nömrəli avtomobillə zərərçəkmişi yaşadığı Babək rayonu, Elsevər Otelinə yola salmaq istəyərkən anidən qəza törətdiyini, həmin otelin restorana yaxın olduğunu, aralarında 2 qapı məsafəsi olduğunu, birinci qapıdan keçib 2-ci qapıya yaxınlaşarkən maşını saxladığını, yenidən işə saldığı zaman maşının divara çırpıldığını, bu zaman özünün xəsarət almadığını, zərərçəkmişin isə başından xəsarət aldığını və qanadığını, onu xəstəxanaya apardığını, ona dəyən zərəri ödədiyini, Ziyavutdinov Olovutdinlə qonşu olduqlarını, onun hazırda Azərbaycan Respublikası vətəndaşı olduğunu, onun avtomobilini idarə etsə də sürücülük hüququnun olmadığını, ilk dəfə avtomobil idarə etdiyini, zərərçəkmişi əvvəlcədən tanımadığını, şəxsin ondan şikayət və tələbinin olmadığını, əməlindən peşman olduğunu, subay olduğunu, anası və 2 bacısı ilə birlikdə yaşadığını, hazırda işsiz olduğunu buna baxmayaraq cərimə tətbiq edilərsə ödəməyə imkanını olduğunu bildirib, barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli baxış aparılması haqqında protokolla müəyyən edilmişdir ki, "Nazlifan 320" markalı, 67BL541 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi divara dəymiş və dəydiyi yerdə dayanmışdır. Avtomobilin qabaq sol təkərindən divara olan məsafə 0.50 m, arxa sol təkərinden divara olan məsafe 2.1 m, qabaq sağ təkərdən divara olan mesafe 2.5 m, arxa sol təkərindən isə 4.50 metrdir. Avtomobilin qabaq sol tərəfindən divara olan məsafə 0.4 m, qabaq sağ tərəfindən divara olan məsafə 1.2 metrdir. Avtomobilin arxa sağ tərəfindən arxadakı divara olan məsafə isə 15.4 metrdir. Toqquşma "Nazlifan-320" markalı avtomobilin qabaq sol tərəfləri arasında baş vermişdir. Hadisə yerində avtomobilə məxsus tormoz ve sürüşmə izləri müəyyən edilməmişdir. "Nazlifan-320” markalı yük avtomobilinin sürücüsü Şəxs hərəkəti üçün təhlükə avtomobilin sürətlər qutusunu neytral vəziyyətə gətirdiyi andan yaranmışdır. Hadisə zamanı nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuş və sürücüdən başqa bir nəfər sərnişin olmuşdur. Otelin divarına pəncərəsinin alt hissəsindən avtomobilin çırpılması nəticəsində zədələr vardır. Avtomobilin göy rəngli boyası divara boyanmışdır. Avtomobildən qırılmış hissələr isə divarın qarşısına düşmüşdür. Divarda dərin cızılmış izlər vardır. Həmçinin hadisə yerində avtomobilin sağ və sol ətraflarında insan qanına bənzər ləkələr vardır. Protokola əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən "Nazlifan 320" markalı, 2019-cu il buraxılışlı, sedan tipli, göy rəngli, 67BL541 dövlət qeydiyyat nişanlı avtomobilin Babək rayonu Nehrəm qəsəbə sakini X3 mülkiyyətində olduğu müəyyən edilir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan "Nazlifan 320" markalı, 67BL541 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi nəticəsində ümumilikdə işlək vəziyyətdə olmaqla qabaq sol faranın şüşəsinin çatladığı, qabaq buferin sol tərəfinin qırılıb əzildiyi, buferdə cızıqların olduğu, qabaq sol krlonun qırılıb əzilmiş vəziyyətdə olduğu müəyyən olunmuşdur. 05 iyul 2024-cü il tarixli, 1303 saylı ekspert rəyində Zərərçəkmiş şəxs bədənində başın sol alın-gicgah nahiyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yarası və sol diz nahiyəsinin ön səthinin qançırının bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də avtonəqliyyat qəzası nəticəsində törənə biləcəyi, xəsarətlərin müddətinin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edildiyi göstərilmişdir. 24 iyul 2024-cü il tarixli, 761 saylı «Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası» üzrə ekspert rəyinde "Nazlifan 320" markalı, 67BL541 dövlət qeydiyyat nişanlı avtomobiiin sürücüsü Şəxs hərəkətlərində "X8" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanının olduğu göstərilmişdir. Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunun 37-ci maddəsinin 1-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati materiala əlavə olunmuş 01 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması nəzərə alınaraq Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsi nəzərə alınaraq cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddəsində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, X5 İXM-in 332.4-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Həmçinin cərimənin məbləği şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında konkret olaraq göstərilmişdir. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 500 manat (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə inzibati tənbeh növünün icrası Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar