Məhkəmə qərarları › İş №3(079)-69/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-69/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-69/2023 30.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakları ilə, xx.xx.1976-cı ildə Naxçıvan rayonu, Kültəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin kod xxxxxxx), evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, 1 (bir) azyaşlı uşaq atası, Babək rayonu Kültəpə kəndinə qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Babək Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 22 may 2023-cü il tarixdə zərərçəkmiş şəxs X1 Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə nəvəsinin toy məclisində qardaşının oğlu Şəxs onu toy palatkasında olan zaman möhkəm itələyib yıxaraq ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 30 may 2023-cü il tarixli, 001911 nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs 20 may 2023-cü il tarixdə Babək rayonu, Kültəpə kəndində öz bibisi Kültəpə kənd sakini Zərərçəkmiş şəxs itələyərək yerə yıxmış və ona fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Babək rayonu Kültəpə kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə qonşu olduğu bibisi Zərərçəkmiş şəxs nəvəsinin kiçik toy mərasimində iştirak etdiklərini, toyda yeyib-içərkən qonşu X2 onun oturduğu stola oturmaq istədiyini, əlini araq butulkasına atanda ona “sən mənim oturduğum masada otura bilməzsən, qalx burdan” dediyini, bunun qarşılığında isə Meydanın ona qarşı söyüş işlətdiyini, qalxıb onunla mübahisə etdikdə bibisi Zümrüdün işə qarışmaq istədiyini, ona yaxınlaşıb “səs-küy salma” dediyini, özünün isə ona “sən qarışma, sənlik deyil” deyib itələdiyini, onu vurmadığını, bundan sonra evə gedibqayıdıb gəlib etdiyi hərəkətə görə bibisindən üzr istədiyini, lakin bibisinin onun üzrünü qəbul etmədiyini, bibisi ilə əvvəlcədən heç bir ədavətinin olmadığını, əksinə onu arayıb-axtaran tək qohumun özü olduğunu, heç bir səhvə yol vermədiyini, buna görə də əməlindən peşman olmadığını, əlilliyini olmadığını, 30 may tarixində şöbəyə dəvət olunduğunu bildirmiş, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X6 izahatında 20 may 2023-cü il tarixdə nəvəsi Şahinin kiçik toy məclisi olduğunu, qardaşının oğlu Arifin orada iştirak etdiyini, cavan oğlan qonşu Meydanın çadırın qurulmasına köməklik edib daha sonra isə ofisiant kimi işlədiyini, onunla Arif arasında birdən mübahisə başladığını, aralarındakı mübahisənin necə çıxdığını bilmədən Arifə yaxınlaşıb sakitləşib səs-küy salmamasını xahiş etdiyini, onun “sən qarışma” deyib çıxıb getdiyini, o getdikdən sonra yaxın qonşunun cavan oğlu rəhmətə getdiyindən toyu yekunlaşdırmaq qərarına gəlib musiqini dayandırdıqlarını, Arifin toya dayandıqdan sonra qayıdıb-gəlib toy yenidən qurulmalıdı deyib mübahisə yaratdığını, bu zaman qızı Nərminin ona yaxınlaşıb toyun yenidən çalınmayacağını deyib getmək istədikdən Arifin onun üstünə yeridiyini, bunu görəndə onun köynəyindən arxadan yapışıb nəyə görə belə etdiyini soruşduğunu, Arifin həmin vaxt onun sinəsindən var gücüylə itələdiyini, özünün gedib musiqiçilərin stolunun altına düşdüyünü, bu zaman başının möhkəm ağrıdığını, yıxılarkən xəsarət almasa da həmçinin bədəni üstünə düşdüyündən hər yerinin ağrıdığını, qızının cavan rəhmətə getməsinə görə belə narahatçılıqlara tab gətirə bilmədiyini, təzyiqinin qalxdığını hiss etdiyini, ona iynə vurulduqdan sonra özünə gəldiyini, bu zaman qohumların xahişi ilə Arifin gəlib ondan üzr istədiyini, onun üzrünü dinlədikdən sonra əsəbi olduğundan çıxıb getməsini xahiş etdikdə Arifin yenə onu söyüb təhqir etməyə başladığını, qohum-qonşunun onu çıxarıb evinə yola saldığını, 22 may tarixində polisə müraciət etdiyini, günlərlə gəlib üzr istəməsini gözləsə də gəlmədiyini, bibisi olaraq onu özünün saxlayıb böyütdüyünü, lakin onları hamının yanında bu vəziyyətə saldığı üçün bağışlamadığını bildirmiş, bütün bunların nəzərə alınmasını və barəsində qanuni tədbir görülməsini xahiş etdiyini bildirmişdir. Şahid ifadəsində Zümrüdün dayısı qızı, Arifin isə dayısı nəvəsi olduğunu, 20 may 2023-cü il tarixdə Zümrüdün nəvəsi Şahinin toy məclisi olduğunu, həmin vaxt Arifin içkili olduğunu və qonşu Meydan adlı cavan oğlanla mübahisə etdiyini, mübahisədən sonra Arifin qolundan tutub evə gedək dediyini, onun gedib qayıtdıqdan sonra bu dəfə də toyu çaldırmaqdan ötrü mübahisə yaratdığını, həmin vaxt Arifin bibisinin sinəsindən itələyib yıxdığını, daha sonra özünün evə getdiyini və davamında nə olduğunu görmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 27 may 2023-cü il tarixli, 526 saylı canlı şəxsin müayinəsi aktında qeyd edilmişdir ki, X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 30 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 30 may 2023-cü il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuş, həmin tarixdə 16:55-də azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi və həmin əməlin Şəxs tərəfindən törədilməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsa inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun himayəsində azyaşlı uşağının olmasını isə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Elektron Məhkəmə İnformasiya sistemindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qohumluq məlumatları üzrə çıxarışdan onun xx.xx.2015-ci il təvəllüdlü azyaşlı uşağının olması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə şəxsə 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın sağlamlıq əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və sözügedən yüngülləşdirici halı nəzərə alan məhkəmə hesab edir ki, ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokol tərtib etmək məqsədilə 30 may 2023-cü il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuş, həmin tarixdə 16:55-də azad edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 30 may 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar