Məhkəmə qərarları › İş №3(079)-69/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-69/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-69/2024 13.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs Sadıqx oğlunun iştirakı ilə, xx xxxxxx 1991-cı ildə Babək rayonu Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 azyaşlı uşaq atası, orta təhsilli, səyyari qaydada qarpız satışı ilə məşğul olan, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs İXM-in 333.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 6, 9 və 11 yaşlarında 3 övladının olduğunu, 2 aydır ki, səyyari olaraq qarpız satışı ilə məşğul olduğunu, Nehrəm qəsəbəsində yaşadığını, 29 iyun 2024-cü il tarixdə qonşu Fərhad adlı şəxsin oğlu Həsənin əsgərliyə getməsi səbəbindən yığıncaq olduğunu, ailə üzvləri və qardaşı ilə birlikdə orada olduqlarını, yemək yeyib spirtli içki qəbul etdikdən sonra qardaşı və özünün saat 2300-2330 radələrində məclisdən ayrılıb qardaşı Fikrəti evlərinə yola salmaq üçün 2018-ci ildən idarə etdiyi QAZ-2410 markalı, **-BD-*** qeydiyyat nişanlı markalı avtomobilə əyləşib yola düşdüklərini, bu zaman yolu dönərkən təkərin anidən çıxdığını və idarəetməni itirib maşını divara vurduğunu, həmin avtomobili Culfa sakinindən aldığını və etibarnamə əsasında idarə etdiyini, hadisə günü sürücülük vəsiqəsi və etibarnamənin yanında olmadığını, belə ki, maşın köhnə olduğu üçün oğurlanar deyə həmin sənədləri maşına qoymadıqlarını, hadisədən sonra polis əməkdaşlarının gəldiyini, həmin vaxt içkili olduğunu və polislər tərəfindən müayinə olunduğunu, maşını hər zaman qarpız sezonu açılmazdan əvvəl texniki baxışdan keçirdiyini və sonuncu dəfə də hər hansı problemin olmadığını, lakin köhnə maşın olduğundan getdiyi yerdə maşının təkərinin açılıb partladığını və bundan sonra idarəetməni itirib divara çırpıldığını, yaşayış evinin divarı olduğunu, həmin maşını 60 km/saatdan artıq sürətlə idarə etməyin mümkün olmadığını, qardaşıgil də yaxınlıqda olduğundan çox az məsafə sürdüyünü, hadisənin baş verməsinin sərxoş olması ilə əlaqəsinin olmadığını, belə ki, həmin gün sadəcə pivə içdiyini, köhnə avtomobil olduğu üçün ehtiyat hissələrinin də köhnəldiyini, özü kəmər taxdığı üçün hadisə zamanı xəsarət almadığını, qardaşının isə kəmər taxmadığı üçün üzündən xəsarət aldığını, daha sonra qardaşını qanama olduğu üçün xəstəxanaya apardığını, əməlindən peşman olduğunu bildirmiş, imkanının zəif olması nəzərə alınmaqla barəsində aşağı həddə cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Nehrəm qəsəbəsində yaşadığını, 29 iyul 2024-cü il tarixdə qonşusu oğlunun əsgərliyə getməsi səbəbindən yığıncağa dəvət edildiyini, saat 2300 radələrində qardaşı Kəramətin maşınla onu evə apardığını, yolu dönən zaman təkərin yerindən çıxdığını və maşının divara dəydiyini, bu zaman başının maşının ön hissəsinə dəydiyini və qanadığını, bundan sonra xəstəxanaya aparıldığını və həmin yerə tikiş vurulduğunu, qardaşından heç bir şikayətinin olmadığını, həmin vaxt özünün də içkili olduğunu, təkərin yerindən çıxıb partlaması səbəbindən hadisənin baş verdiyini, maşının divarın önündəki bardur daşına dəydiyini, qardaşının da həmin vaxt içkili olduğunu, maşında qardaşı və özündən başqa heç kimin olmadığını, bir neçə dəfə də qarpız satışına gedərkən maşının təkərinin açıldığını, bunun ən çox sürətli gedərkən və döngələri dönərkən olduğunu bildirmiş, şəxsin barəsində yüngül tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İXM-in 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 333.3-ci maddəsinə görə bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs İXM-in 333.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün və şahidin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli baxış aparılması haqqında protokolla müəyyən edilmişdir ki, hadisə yeri Babak rayon Nehrəm qəsəbəsinde ev muzeyinin yaxınlığında yerleşir. "Qaz-2410" markalı naqliyyat vasitəsinin qabaq sol tərəfindən divara olan məsafə 0.3 m, qabaq sağ tərəfindən divara olan məsafə 0.15 metrdir. Avtomobilin qabaq sağ təkərindən yolun sağ kənarına olan məsafə 8.3 m, arxa sağ təkərindən yolun sağ kənarına olan məsafə 7.6 m, arxa sol təkərdən arxadakı yolun sol kənarına olan məsafə isə 7 metrdir. Avtomobilin qabaq sağ təkərindən irəlidə çarpaz yerləşən işıq dirəyinə olan məsafə isə 13 metrdir. Toqquşma "Gaz-2410" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə baş vermişdir. Hadisə yerində avtomobilə məxsus tormoz və sürüşmə izləri müəyyən edilməmişdir. Hadisə zamanı nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuş və sürücüdən başqa bir nəfər sərnişin olmuşdur. Avtomobilin qabaq sağ tərəfinin qırıqları divarın kənarına tökülmüşdür. Hadisə yeri yaşayış məntəqəsi hesab edilir, tormoz izi aşkar edilməmişdir. Protokola əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən "Gaz- 2410" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Culfa şəhər sakini X1 mülkiyyətində olduğu müəyyən edilir. Protokola əlavə edilmiş ƏN-V № 733793 nömrəli etibarnamədən X1 "Gaz-2410" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2029-cu ilədək idarə etmək hüququnu Şəxs vermişdir. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan “Gaz-2410” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi nəticəsində ümumilikdə işlək vəziyyətdə olmaqla qabaq bufer və qabaq kapotun əzildiyi, qabaq sağ və sol təkərin partladığı, qabaq sağ krlonun əzildiyi, alın şüşəsinin sındığı, sol işıq cihazının sındığı, qabaq kapotun üstündəki boyaların qopub töküldüyü müəyyən olunmuşdur. Protokola əlavə edilmiş 15 iyul 2024-cü il tarixli, 1274 saylı ekspert rəyində vətəndaş Zərərçəkmiş şəxs sol qaşüstü nahiyəsinin və burun kökünün sağ yarısının üzərinde cərrahi tikişləri olan əzilmiş yarası, başın alın nahiyyəsinin və sağ almacıq nahiyəsinin sıyrıqları, sağ gözətrafı və sol göz qapağı nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, əlavə də yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri mümkündür, xəsarətlərin müddətinin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edildiyi göstərilmişdir. Protokola əlavə edilmiş «Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası» üzrə 26 iyul 2024-cü il tarixli, 774 saylı ekspert rəyində “Gaz-2410” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "X4" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanının olduğu göstərilmişdir. Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunun 37-ci maddəsinin 1-ci hissəsinə 8-ci bəndinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Protokola əlavə edilmiş sərxoşluq vəziyyətinin xüsusi texniki vasitələrin köməyi ilə nəticəsini özündə əks etdirən sənəddən xx.xx.2024-cü il tarixdə saat 23:01-də 72BD166 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs 0.637 promil alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. Şəxsin təqsirli bilindiyi maddənin qeyd hissəsinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sözügedən tarixin hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixdən iki gün əvvəli özündə əks etdirməsinə dair mübahisəli vəziyyətə dair məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolun qeyd hissəsində qeyd olunur ki, texniki nasazlıq səbəbindən alkotester müayinənin aparıldığı tarixə deyil, xx.xx.2024-cü il tarixə aid olduğu görünür. Buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixdə 23:00 radələrində müayinə edildiyi müəyyən olunur. Sözügedən saat raportun vaxtı ilə də üst-üstə düşməklə bir-birini tamamlayır. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati materiala əlavə olunmuş 28 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması nəzərə alınaraq Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsi nəzərə alınaraq cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı İXM-in 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə həmçinin şəxsin himayəsində üç azyaşlı uşağının olmasını İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, AZEMİS-dən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qohumluq məlumatları üzrə çıxarışdan şəxsin himayəsində xx.xx.2016, xx.xx.2014 və xx.xx.2019-cu il təvəllüdlü 3 azyaşlı uşağının olması müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-in 33.1ci maddəsində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, İXM-in 33.3-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Həmçinin cərimənin məbləği şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında konkret olaraq göstərilmişdir. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş xüsusi hüququn məhdudlaşdırılması ilə bağlı tənbeh tədbirinə münasibətdə qeyd edir ki, İXM-in 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında əlavə inzibati tənbehin tətbiqi imperativ qaydada nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi üçün həmçinin onun xüsusi hüquqdan istifadə qaydasını kobud surətdə pozması halı müəyyən olunduğundan şəxsin barəsində sanksiyada nəzərdə tutulan həddə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrumetmə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 700 manat (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə inzibati tənbeh növünün icrası Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar