Məhkəmə qərarları › İş №3(079)-7/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-7/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-7/2024 05.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi ilə, Babək rayonu, Sirab kəndində yerləşən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 23 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının “11” yanvar 2024-cü il tarixli, 6-1-16/2-78/2024 nömrəli məktubu ilə həmin orqanın "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 10 yanvar 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1702272.00 Rusiya rublu məbləğində vəsaiti 08 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1581465.40 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdı. Xəta 09 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri N.Novruzov 01 fevral 2024-cü il tarixdə, eyni tarixli, 08 nömrəli məktubla məhkəməyə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdi. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdı. Məhkəmə hüquqi şəxsə qarşı törədilməsi istinad olunan inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli, həmin normanın tələbləri daxilində, həmçinin məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilmişdi ki, həmin normaya əsasən onun vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin-inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməlin dispozitiv şərtlərinin mövcudluğunu məhkəmədə tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş; - 044 nömrəli, 25 mart 2019-cu il tarixli müqavilənin surətindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Kavminsteklo SC arasında müqavilə bağlanması; - həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində alıcı məhsulu (şüşə qabları) müqaviləyə əlavə edilən spesifikasiyalara uyğun olan çeşiddə, miqdarda (həcmdə) və müddətdə sifariş verməsi, ödəməsi və qəbul etməsi, təchizatçı isə göndərməyi öhdəsinə götürməsi; - 31 dekabr 2020-ci il tarixli əlavə razılaşmanın surətindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Kavminsteklo SC arasında bağlanmış 044 nömrəli, 25 mart 2019-cu il tarixli müqavilənin müddətinin 31 dekabr 2021-ci ilədək müəyyən edilməsi; - 08 dekabr 2021-ci il tarixli ərizənin surətindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 044 nömrəli, 25 mart 2019-cu il tarixli müqavilə üzrə Kavminsteklo SC-nin hesabına 1.702272 (bir milyon yeddi yüz iki min iki yüz yetmiş iki) rubl məbləğində pulun köçürülməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməsi; - 1596 nömrəli ödəniş qaiməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1.702272 (bir milyon yeddi yüz iki min iki yüz yetmiş iki) rubl məbləğində pulun Kavminsteklo SC-nin, yəni Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici cəmiyyətin hesabına köçürülməsi aydın olur. Yuxarıda qeyd edilənlərdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin avans yolu ilə Kavminsteklo SC-yə valyuta vəsaiti ödəməsi – köçürməsi öz təsdiqini tapır. Ölkə xaricinə ödənilmiş məbləğin qarşılığında malların Azərbaycan Respublikası idxal edilməməsinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, Mərkəzi Bank Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan olaraq Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsinin və qaydasının müəyyən edilməsi, valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktların qəbul edilməsi və s. kimi mühüm funksiyaları həyata keçirir. Həmin Qanunun 14-cü maddəsinə görə valyuta nəzarətinin məqsədi isə valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir. Sözü gedən Qanunun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Azərbaycan Respublikası Mərkəzi Bankının “28” noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinə görə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlandığı 25 dekabr 2023-cü il tarixli, KB-83/2-281/2023 nömrəli məktubunun mahiyyətindən 06 dekabr-10 dekabr 2021-ci il tarixlərində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tam olaraq təqdim etməyən müştərilər sırasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin də olması, onun 044 nömrəli, 25 mart 2019-cu il tarixli müqavilə üzrə Kavminsteklo SC-nin hesabına köçürdüyü 1.702272 (bir milyon yeddi yüz iki min iki yüz yetmiş iki) rubl məbləğində pulun ********.40 rubl məbləğinin bəyan edilməməsinin qeyd edilməsi müəyyən edilir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “01” fevral 2024-cü il tarixli, 08 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azneft filialı tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli, 1086 nömrəli məktubda göstərilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə AO Kavminsteklo arasında bağlanmış 044 nömrəli, 25 mart 2019-cu il tarixli müqavilə əsasında köçürülən avans ödənişlərdən 2020-ci ildə banka təqdim olunmayan Yük gömrük bəyannamələrindən açıq qalanlar müəyyən olunmuşdur (**********4046, **********9299, **********1214, **********1139, **********9795 və **********7979). Üzləşmə aktına və araşdırmalara əsasən 044 nömrəli, 25 mart 2019-cu il tarixli müqavilə əsasında köçürülən avans ödənişlərə görə 15 yanvar 2024-cü il tarixdə Yük gömrük bəyannamələri banka təqdim edilmiş və tam bağlanıldığı müəyyən edilmişdir. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi 23 dekabr 2021-ci il və 27 dekabr 2021-ci il tarixli gömrük bəyannamələrindən, 14 və 21 dekabr 2021-ci il tarixli fakturalardan 044 nömrəli, 25 mart 2019-cu il tarixli müqavilə üzrə razılaşdırılmış malların Azərbaycan Respublikası ərazisinə idxal olunmasını da müəyyən etmək olur. Bu isə onu deməyə əsas verir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Kavminsteklo SC arasında bağlanmış 044 nömrəli, 25 mart 2019-cu il tarixli müqavilə üzrə barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs sonuncunun hesabına köçürdüyü ******* (bir milyon yeddi yüz iki min iki yüz yetmiş iki) rubl məbləğində pulun dəyərində malı Azərbaycan Respublikası ərazinə iki il müddətində idxal etmişdi. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən əməl üzrə inzibati xəta tərkibi mövcud deyiı. Buna görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankının 10 yanvar 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqımda iş üzrə icraata xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin sözü gedən Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Mərkəzi Bankının 10 yanvar 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar