Məhkəmə qərarları › İş №3(079)-70/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-70/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-70/2024 13.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Əsgərli və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Babək rayonu, Şıxmahmud kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 5 (beş) azyaşlı uşaq atası, orta təhsilli, tikinti sahəsində usta işləyən, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 13 avqust 2024-cü il tarixli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 13 avqust 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8274 nömrəli, 12 oktyabr 2016-cı il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl Əsgərli məhkəmə iclasında verdiyi izahatında Nərimanov Rayon Məhkəməsinin 2(089)005-8274 nömrəli, 12 oktyabr 2016-cı il tarixli icra vərəqəsinin 06 fevral 2017-ci il tarixdə icraata qəbul edilib, tərəflərə məlumat göndərildiyini, iş materiallarından şəxsin əvvəllər də ödəmələrdə gecikməsi olduğundan xəbərdarlıq edildiyinin müəyyən olunduğunu, son 5 ay ərzində ödəniş etmədiyini, axırıncı ay 250 manat ödənişlə bağlı məlumat verilsə də, bununla bağlı qəbz təqdim edilmədiyini, lakin zərərçəkmişin telefonda bunu təsdiq etdiyini, bu gün isə 180 manat ödəyib qəbzini şöbəyə verdiyini, bu barədə tələbkara məlumat verilən zaman borc tam ödənimədiyindən müvafiq tədbirin görülməsini xahiş etdiyini bildirib, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında hazırda işləmədiyini, iş olarkən səyyari olaraq tikinti sahəsində usta olaraq işlədiyini, ailəli və orta təhsilli olduğunu, Kərimin Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi birlikdə yaşadıqları vaxt dünyaya gəldiyini və atalığının müəyyən olunduğunu, 5 azyaşlı uşağının olduğunu, əkiz uşaqlarından Rəhimin beynində olan problemlə əlaqədar 4 dəfə ağır əməliyyat keçirdiyini, beyninə aparat yerləşdirildiyini və həmin aparatın qiymətinin 40000 manat olduğunu, hazırda həmin aparatın nasaz olduğunu və düzəldilməsi üçün 6000 manat pul lazım olduğunu, bu səbəbdən yardım üçün bir çox yerə müraciət etdiyini, bu vəziyyətlə əlaqədar borcu da ödəy bilmədiyini, bu gün aliment borcundan 180 manat pul ödədiyini, hazırda 505 manat borcunun qaldığını, hazırda Rəhimin cihazla yaşadığını, maddi sıxıntıda olduğunu, böyük qızı Rahimənin pullu olaraq kollecə daxil olduğunu, digər ekiz övladının da gözünün zəif olduğunu, 1-ci sinifdə oxuyan qızının ayağında problem olduğunu və sağ tərəfinin əməliyyat olunmalı olduğunu, hazırda işləmədiyini, iş tapmaqda çətinlik çəkdiyini, yığılan borcun son 5 ayın borcu olduğunu, bir ay öncə 250 manat ödədiyini, bugün isə 180 manat ödədiyini və bununla bağlı qəbzi icra şöbəsinə verdiyini, evlərdə usta kimi işlədiyini, amma hazırda iş olmadığını, yaşadığı evin atasına məxsus olduğunu, valideynləri ilə birlikdə ailədə 8 nəfər olduqlarını, Rəhimin sağlamlıq imkanları məhdud uşaq olmaqla buna görə 150 manat, ona baxıma görə isə özünə 100 manat müavinət verildiyini, yoldaşının işləmədiyini, heç bir təsərrüfatının olmadığını, yaşadıqları evi belə uşağın müalicəsi üçün satışa qoyduqlarını, 27800 manat banklara borcu olduğunu, Naxçıvan Bankdan kredit götürmək üçün VÖEN açdırdığını, lakin fəaliyyət göstərmədən dayandırdığını, adında heç bir nəqliyyat vasitəsinin və ya əmlakın olmadığını, əməlindən peşman olduğunu bildirmiş, ona möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8274 nömrəli, 12 oktyabr 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 10 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Protokola əlavə olunmuş borcluya təqdim edilmiş xx.xx.2024-cü il tarixli təkrar xəbərdarlıq məktubunda icra sənədi üzrə yaranmış 449 manat aliment borcunun dərhal tam ödənilməsi tələb olunmuş və icra edilməməsinin nəticələri izah olunnmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixdə yenidən borcluya xəbərdarlıq edilərək icra sənədi üzrə 685 manat borcunun tam ödənilməsi tələb olunmuş və icra edilməməsinin nəticələri izah olunnmuşdur. Sonuncu şərtin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini icra etməməsi borclunun evli olmaqla himayəsində aliment ödənilən uşaqdan başqa 4 (dörd) azyaşlı uşağının olması, həmin uşaqlardan Rəhim Xudaverdiyevin sağlamlıq imkanları məhdud olmaqla daimi müalicəyə ehtiyacının olması, borclunun əmək müqaviləsi əsasında daimi gəlirinin olmaması, mövcud gəlirinin isə şəxsin özü və ailəsinin ehtiyacları həddində olması, mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan onun əmək haqqı, pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yol-nəqliyyat vasitəsinin olmadığı, həmçinin AZEMİS-dən çıxarışdan himayəsində xx.xx.2009, xx.xx.2021, xx.xx.2021, xx.xx.2017-cü il təvəllüdlü azyaşlı uşağının olması, şəxsin gəlir məlumatları üzrə çıxarış və borclunun izahatı əsasında isə sağlamlıq imkanları məhdud uşağın baxımı ilə əlaqədar 100 manat müavinət alması ilə müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Həmçinin borclu və icra məmurunun izahatı əsasında şəxsin mövcud borcdan 2024cü ilin iyun ayında 250 manat, protokolun tərtib olunduğu gün isə 180 manat ödəniş etdiyi müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun tələblərinin icrası üçün səy göstərərək icra sənədi üzrə tam icranı həyata keçirmiş, icra olunmayan hissədə isə icranın təmin edilməməsi üzrlü səbəblərdən qaynaqlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Həmin qərarda qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar