Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-72/2024 20.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi-məhkəmə iclas katibi Kəngərli Bayram Akif oğlunun katibliyi, Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, 29 avqust 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, (Fin kod–xxxxxxx) Babək rayonu, Babək şəhəri, Qoşadizə kəndində qeydiyyatda olan və yaşayan, deməsinə görə çilingər işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 20 avqust 2024-cü il tarixli, 193392/10xx-xx/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə 20 avqust 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokol tərtib edən orqan Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(078)-448/2022 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq, onun həmin icra sənədi üzrə yaranmış borcunu ödəməkdən yayınması ilə təqsirləndirmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 məhkəmədə verdiyi izahatında icra sənədinin 18 dekabr 2023-cü ildə ərazi aidiyyəti üzrə şöbəyə göndərildiyini, tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edildiyini, icra sənədi şöbəyə daxil olan zaman Şəxs ödənilməmiş 4240 manat məbləğində aliment borcunun olduğunu, onun şöbəyə dəvət edildiyini, borcluya icra sənədi və borc barədə məlumat verildiyini, onun 12 mart 2024-cü ildə 300 manat, 27 aprel 2024-cü ildə 300 manat və inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə verildikdən sonra isə 400 manat ödəniş etdiyini, Şəxs 2024-cü ilin aprel ayından ödənişi dayandırdığını, onun həmin vaxt şöbəyə çağrıldığını, izahatının alındığını və xəbərdarlıq edildiyini, həmçinin 16 avqust 2024-cü ildə də eyni hərəkətlərin edildiyini, onun işlədiyi yerə baxış keçirdiklərini, lakin tələbin yönələ biləcək əmlakın olmadığını qeyd etmişdi. Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla ayrıldıqdan sonra ona hər ay 200 manat pul ödədiyini, həmin pulu əldən uşaqlarına verdiyini, bununla bağlı sübutunun olmadığını, təqribən 7-8 ay bu şəkildə ödəniş etdiyini, lakin bununla bağlı sübutunun olmadığını, 2023-cü ilin mart ayında aliment borcuna görə 15 gün müddətində həbs olunduğunu, bundan sonra 300 manat pul ödədiyini, daha sonra icra məmurunun soyadla bağlı problem yardığını ona bildirərək Naxçıvan şəhər icra şöbəsinə çağırıldığını, bundan sonra da 300 manat da ödəniş etdiyini, tələbkarın hər iki pulu aldığını, daha sonra 500 manat ödəniş etdiyini, həmçinin qardaşı atasına məxsus evdən ona çatan 15000 manat məbləğində pul verdiyini, həmin pulu isə ev almaq üçün tələbkara verdiyini, lakin tələbkarın bu barədə ərizə vermək istəmədiyini, son zamanlar isə başında xərçəng xəstəliyi aşkar edildiyini, buna görə də ödəniş edə bilmədiyini, adına iki maşın qeydiyyatda olsa da, onlardan Chery markalı olan metallom kimi satdığını, digərini isə son zamanlar xəstəliyi ilə bağlı sataraq pulunu dərmanlara verdiyini bildirmişdi. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(078)-448/2022 nömrəli icra sənədindən Şəxs 28 mart 2022ci il tarixdən hesablanmaqla, 14 fevral 2007-ci il təvəllüdlü X5 və 31 may 2009-cu il il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşağa görə cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutularaq X1 ödənilməsinin qət edilməsi müəyyən olunur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Protokoldan, ona əlavə edilmiş işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan, həmçinin icra məmuru tərəfindən borcluya göndərilmiş xəbərdarlıqlardan Şəxs icra sənədində göstərilən aliment məbləğini tam icra etməməsi, onun hazırda icra sənədi üzrə 4720 manat borcunun olması müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan və borclunun məhkəmədə verdiyi izahatından onun əvvəllər Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(078)-448/2022 nömrəli icra sənədi üzrə yaranmış aliment borcuna görə 15 gün müddətində həbs edilməsi aydın olur. Həmçinin icra məmurunun bildirməsinə görə icra sənədi Babək rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olan zaman sözü gedən sənədi üzrə Şəxs 4240 manat məbləğində borcu mövcud idi. Həmin vaxtdan (2023-cü ilin dekabr ayından) borclu müxtəlif vaxtlarda (12 mart, 27 mart və 20 avqust 2024-cü il tarixlərdə) ümumilikdə üç dəfə olmaqla (300+300+400) ümumilikdə 1000 (bir manat məbləğində pul ödəmişdi. Bu məhkəməyə təqdim edilmiş qəbzlərlə öz təsdiqini tapır. Bundan başqa borclunun məhkəməyə təqdim etdiyi qəbzdən (tarixi bilinmir) onun tələbkara 500 (beş yüz) manat, 06 və 21 sentyabr 2023-cü il tarixlərdə 300 (üç yüz) manat ödəməsi müəyyən edilir. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlardan isə onun adına tələbin yönələ biləcək gəlirinin olması, həmçinin aliment borcunu ödəməyə maddi imkanın yetərli olması ilə bağlı hər hansı məlumata rast gəlinmir. Borclunun məhkəməyə təqdim etdiyi 23 dekabr 2023-cü il tarixli resept, 06 fevral 2024-cü il tarixli KT arayışı, 14 fevral 2024-cü il tarixli tövsiyə vərəqəsindən onun səhhətində problem olması müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, Mirzəyev X3 Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(078)-448/2022 nömrəli icra sənədini üzürlü səbəbdən tam şəkildə icra edə bilmir. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 20 avqust 2024-cü il tarixli, ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-72/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-72/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver