Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-73/2024 16.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakları ilə, xx.xx.2003-cü ildə Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin kod xxxxxxx), subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış agenti işləyən, əvvəllər məhkum olunmayan, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 15 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinə müraciət edərək həmin tarixdə saat 1900 radələrində Nehrəm qəsəbəsində yaşadığı evin sol tərəfində küçədə ot qırıntıları yandırdığı üçün qonşusu Məhəmməd adlı şəxsin oğlanları Əhməd və Telman, həyat yoldaşı Lalənin onu və anasını döyərək xəsarət yetirdiyini bildirmiş, şəxslərin barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə 16 avqust 2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında hadisə günü xx.xx.2024-cü il tarixdə evdə atası Məhəmmədlə özünün Nehrəm qəsəbəsindəki evində olduğunu, atasının Nehrəm qəsəbəsində ərazinin təmizliyinə nəzarət etdiyini, eşitdiyinə görə atasının çölə zibil atmamaq barədə Rəşada məlumat verdiyini, bu zaman orada mübahisə yarandığını, daha sonra atasının ona zəng edərək anasını işlədiyi salondan götürüb evə gətirməsini xahiş etdiyini, özünün anası Lalə ilə birlikdə hadisə yerinə gedəndə Rəşadın anası Zeynəbin atasına qarşı nalayiq ifadələr işlətdiyini, özlərinin ona bu barədə irad bildirəndə Rəşadın anası Zeynəbin Lalənin saçından yapışdığını, ona xəsarət yetirdiyini, valideynlərinə qarşı edilən hörmətsizliyi qəbul edə bilmədiyini, atasının da dodağının partladığını, orada Rəşadı döydüyünü, bu zaman Rəşadın da onu vurduğunu, bundan sonra Zeynəbgilin onların qapısına gələrək anasının üzərinə hücum etdiklərini, qarşı tərəfin polisə müraciət etdiyini, suallara cavabında atasının dodağının partlamasını, anasının saçının yolunmasını qəbul edə bilməyib Rəşada xəsarət yetirdiyini, bunu həmçinin özünü müdafiə üçün etdiyini, Rəşadın onun üzərinə gəldiyini, məcbur qalıb onu yumruqla üzündən vurduğunu, sonra anası Zeynəbin əlində bel ilə onu arxadan vurmaq istədiyini, bu zaman beli onun əlindən almağa çalışarkən əlinin yaralandığını, atasının da orada ona şillə vuraraq hirsləndiyini, Rəşadın onu üzündən yumruqla vurduğunu, məsələnin böyüməsinə səbəb Zeynəbin və Rəşadın əmisioğlunun onların qapısına gəlib nalayiq ifadələr işlətmələri olduğunu, qardaşı Telmanın şəxsi döymədiyini, çünkü onun hərbi xidmətə gedəcəyini və bunun ona problem yaradacağını bildiyini, şahid Etibarın də ifadəsindən onun ən sonda gəldiyinin və həmin vaxt aranın sakitləşdiyinin məlum olduğunu, əməlinə görə Rəşaddan üzr istədiyini, həmçinin anasından da üzr istəməyə hazır olduğunu, özü və anasından məhkəmədən əvvəl də üzrxahlıq etdiyini, özünün əvvəllər heç bir məsuliyyətə cəlb olunmadığını, əməlinə görə peşman olduğunu bildirmiş, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında şəxslərlə qonşu olduqlarını, atasının Bakıya getdiyini, özünün Nehrəmdə anası ilə birlikdə yaşadığını, həyətlərində çıxan alaq otlarını yığıb küçədə Məhəmmədgillə öz evlərinin arasındakı yola qaladığını, bu zaman Məhəmmədin ondan otları niyə oraya tökdüyünü soruşduğunu, otu kənarda aparıb yandırmağı bildirdiyini, özünün Nehrəmdə təmizliyə baxdığını və öz küçələrinin ortasına ot tayasının yığılmasının düzgün qarşılanmayağını bildirdiyini, bundan sonra özünün otları telefon dirəyinin yanından götürüb kənara aparıb orada yandırdığını, axşam saat 6-da Məhəmmədin söyüşlə onu çağıraraq “bunları sənə kim deyib burada yandır” dediyini, özünün də həmin söyüş qarşılığında Məhəmmədi söydüyünü, sonra anası Zeynəbin çölə çıxıb oğlunu niyə söydüyünü soruşduğunu, bundan sonra Məhəmmədin anası Zeynəbi təhqir etdiyini, Məhəmmədi heç vaxt vurmadığını, əksinə onun anasını və özünü təhqir edib itələdiyini, onları sinəsindən itələyib çıxıb gedin dediyini, daha sonra Məhəmmədin “gözləyin oğlanlarımı və yoldaşımı çağırım sizin dərsinizi versinlər” dediyini, yarım saat sonra onun yoldaşı Lalənin gəlib anasına “niyə orada ot yandırmısınız” dediyini, Lalənin Zeynəblə deyişməyə başladığını, daha sonra Əhmədlə Telmanın onu çağırdıqlarını, qapının ağzına çıxanda onların hər ikisinin həyətlərinə girərək onu yerə yıxıb döyməyə başladıqlarını, bu zaman özünü müdafiə etmək üçün ayağa qalxmaq istəyəndə əlinin üzünə dəydiyini, çünki Məhəmmədin özünü qabağa verdiyini, bəlkə də buna görə Məhəmmədin dişinin qanadığını, özünün Əhmədə heç bir xəsarət yetirmədiyini, Lalənin də anası Zeynəbi döydüyünü, bununla bağlı daha sonra polisə müraciət etdiklərini, şəxsdən şikayət ərizəsi yazdığını, həkimlərdən müayinədən keçdiklərini, psixoloji cəhətdən olmasa da bədən xəsarətlərini sağaldığını, döyüldüyü üçün Etibarın orada olub-olmamasını bilmədiyini, özündə olmadığından buna diqqət etmədiyini, anasının Laləni vurmadığını, Lalənin anası Zeynəbin saçından tutduğunu, bundan sonra onun da Lalənin əlindən çıxmağa çalışdığını, qarşı tərəflə barışmaq niyyətlərinin olmadığını, çünkü bu vaxta qədər qarşı tərəfin barışıq üçün cəhd etmədiyini, daha sonra isə Əhmədin üzrünü qəbul edə biləcəyini, lakin ilk öncə anasının buna razılıq verməli olduğunu, anasının rizası olmadan onunla barışa bilməyəcəyini, yoxsa özünün də qonşu kimi bu söz-söhbətə burada son qoyulmasını istədiyini bildirmiş, sonda şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Şahid ifadəsində həmin vaxt yoldan keçdiyini, səsə həyətə girdiyini, tərəflərin birbirləri ilə sözlü mübahisə etdiklərini gördüyünü, həyətə girən zaman artıq ortalığın sakitləşdiyini, orada araçılıq etmədiyini, ara məsafəsi isə çox olduğundan məsələnin nə olduğunu bilmədiyini, yaxınlaşdıqda isə artıq mübahisənin olmadığını gördüyünü, suallara cavabında hər iki tərəflə qonşu olduğunu, onlarla qohumluğunun ə ya ədavətinin olmadığını, heç kimi ayırmadığını, çünki həyətə girəndə artıq mübahisənin sakitləşdiyini, özünün hadisə yerində çox qısa müddətdə olduğunu, əlbəyaxa heç kimi görmədiyini, lakin Məhəmmədin dodağının qanadığını gördüyünü, artıq həmin vaxt Məhəmmədin aranı sakitləşdiriyini və Telmanın qolundan tutub çölə ötürdüyünü və oğlanlarına “girin həyətimizə” dediyini bildirmişdir. Protokola əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1139 saylı canlı şəxsin ekspertiza rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxsnın məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində sol almacıq, başın sağ gicgah, sağ bazu, sol diz oynağı nahiyyələrinin qançırları, döş qəfəsinin arxa səthinin və sağ diz oynağı nahiyələtinin sıyrıqlarının bərk küt əşyanın təsirindən törəndiyi, müddətin məhkəm tibbi-müayinəsindən bir gün əvvələ, eləcə də qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsinin mümkün olduğu, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi qeyd edilmişdir. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-nə göndərildiyi müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə olunmuş 16 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 16 avqust 2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuş, həmin tarixdə 15:45-də azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İXM-in 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əməlin İXM-in 157-ci maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi və həmin əməlin Şəxs tərəfindən törədilməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə İXM-in 32.1 və 32.1.1-ci maddələrinə görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını, İXM-in 32.2-ci maddəsi nəzərə alınmaqla şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamasını, yaşını və xətanın törədilməsinin xarakterini nəzərə alır və belə nəticəyə gəlir ki, o, İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 300 (üç yüz) manat cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Həmçinin cərimənin məbləği şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında konkret olaraq göstərilmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə inzibati tənbeh növünün icrası Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-73/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-73/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver