Məhkəmə qərarları › İş №3(079)-78/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-78/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-78/2024 05.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Babək rayonu, Araz kəndində yerləşən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə “21” avqust 2024-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının “13” avqust 2024-cü il tarixli, 6-1-16/2-6302/2024 nömrəli məktubu ilə həmin orqanın Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 13 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdi ki, Şəxs 41255.90 ABŞ dolları məbləğində vəsaiti 08 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18231 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdı. Xəta 09 iyul 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 məhkəmədə verdiyi izahatında 2022-ci ildə özünün həmin müəssisədə direktor işləmədiyini, bu səbəbdən də göndərilən pullardan tam da məlumatlı olmadığını, müəssisəsinin aidiyyəti əməkdaşlarının bununla bağlı sorğular göndərdiyini, lakin onlara hələ cavab vermədiyini bildirmişdi. Məhkəmə hüquqi şəxsə qarşı törədilməsi istinad olunan inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli, həmin normanın tələbləri daxilində, həmçinin məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilir ki, həmin normaya əsasən onun vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin-inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməlin dispozitiv şərtlərinin mövcudluğunu məhkəmədə tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş; - 10 və 11 nömrəli, 19 may və 05 iyul 2022-ci il tarixli müqavilələrin surətindən "xxxx" X4 X1 Cəmiyyəti ilə "xxxx" İnşaat Dış Ticarət Anonim Şirkəti arasında daş avadanlığının hissələri və digər malların alınması haqqında müqavilə bağlanması, həmin müqavilənin şərtlərindən müqavilənin daş avadanlığı hissələrinin satışına aid olması (maddə 1), "xxxx" X4 X1 Cəmiyyətinin alıcı, "xxxx" İnşaat Dış Ticarət Anonim Şirkətinin satıcı olması (maddə 3), malların dəyərinin onların təslimindən qabaq ödənilməsi (maddə 4), satının malları müvafiq şirkətlə təhvil verməsi (maddə 6), müqavilənin imzalandığı andan qüvvəyə minməsi və öhdəliklərin yerinə yetirilməsinədək qüvvədə olması (maddə 10); - 08 iyul 2022-ci il tarixli ərizənin surətindən "xxxx" X4 X1 Cəmiyyətinin "xxxx" İnşaat Dış Ticarət Anonim Şirkətinin hesabına 41255.90 (qırx bir min iki yüz əlli beş ABŞ dolları, doxsan sent) ABŞ dolları məbləğində pulun köçürülməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməsi; - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 24 iyul 2024-cü il tarixli, KB-252/2-58/2024 nömrəli məktubundan "xxxx" X4 X1 Cəmiyyəti tərəfindən 08 iyul 2022-ci ildə malların alınması məqsədi ilə 41255.90 (qırx bir min iki yüz əlli beş ABŞ dolları, doxsan sent) ABŞ dolları məbləğində avans ödənişinin köçürülməsi aydın olur. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Şəxs əvvəlki adının "xxxx" X4 X1 Cəmiyyəti olması müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən Şəxs avans yolu ilə "xxxx" İnşaat Dış Ticarət Anonim Şirkətinə valyuta vəsaiti ödəməsi – köçürməsi öz təsdiqini tapır. Ölkə xaricinə ödənilmiş məbləğin qarşılığında malların Azərbaycan Respublikası idxal edilməməsinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, Mərkəzi Bank Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan olaraq Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsinin və qaydasının müəyyən edilməsi, valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktların qəbul edilməsi və s. kimi mühüm funksiyaları həyata keçirir. Həmin Qanunun 14-cü maddəsinə görə valyuta nəzarətinin məqsədi isə valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir. Sözü gedən Qanunun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Azərbaycan Respublikası Mərkəzi Bankının “28” noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinə görə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlandığı 24 iyul 2024-cü il tarixli, KB-252/2-58/2024 nömrəli məktubda qeyd edilir ki, bankın müştərisi olan "xxxx" X4 X1 Cəmiyyəti yeni adı Şəxs tərəfindən 08 iyul 2022ci ildə malların alınması məqsədi ilə 41255.90 (qırx bir min iki yüz əlli beş ABŞ dolları, doxsan sent) ABŞ dolları məbləğində avans ödənişi köçürülmüş, 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənəd banka təqdim edilməmiş və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs sözü gedən xarici valyutada olan pul vəsaitinin geri qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də o həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxsnə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl təqsirli olaraq törədilmiş və eyni zamanda iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində ilə müəyyən edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar aşkar olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hüquqi şəxs barəsində yalnız bir tənbeh növü, yəni inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə tənbeh növü müəyyən edilir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 24 iyul 2024-cü il tarixli, KB-252/2-58/2024 nömrəli məktubuna əlavə edilmiş sənəddən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs xaricə köçürdüyü 41256 (qırx bir min iki yüz əlli altı) ABŞ dolları məbləğində vəsaitin 23025 (iyirmi üç min iyirmi beş) ABŞ dolları məbləğinə dair hissəsini ölkəyə geri qaytarmışdı. Bu isə o deməkdir ki, inzibati xətanın obyektini xaricə köçürülmüş 41256 (qırx bir min iki yüz əlli altı) ABŞ dolları məbləğində vəsaitin 18231 (on səkkiz min iki yüz otuz bir) ABŞ dolları məbləği təşkil edir. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını, xaricə köçürdüyü xarici valyuta vəsaitinin yarısından çoxunu ölkəyə qaytarmasını nəzərə alan belə hesab edir ki, onun barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 18231 (on səkkiz min iki yüz otuz bir) ABŞ dolları məbləğinin iyirmi faizi - 3646.2 (üç min altı yüz qırx altı ABŞ dolları, iyirmi sent) ABŞ dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə cərimənin ödənilməsinin üsulu ilə bağlı qeyd edir ki, ödəmə ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan Şəxs tərəfindən ödənilməli cərimə məbləği manatla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, onun barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi, yəni 3646.2 (üç min altı yüz qırx altı ABŞ dolları, iyirmi sent) ABŞ dolları miqdarında cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə məbləği icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə Şəxsndən tutularaq dövlətin xeyrinə ödənilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar