Məhkəmə qərarları › İş №3(079)-8/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-8/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-8/2024 05.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Kəngərli Rayon Polis X9 X10 Patrul Xidməti inspektoru X3 və barəsində qərar çıxarılmış fiziki şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Kəngərli rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü ildə X1 rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müracət etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayıram. İdarə etdiyim 67BF878 qeydiyyat nişanlı CHANGAN Minik markalı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə gecə saat 00:04 radələrində Kəngərli rayonunda yolda gedərkən Naxçıvan MR Kəngərli rayon Yol Patrul Xidmətinin əməkdaşı arxamdan gələrək polis maşınının işıqverici siqnalını yandıraraq maşını saxlamağımı istədi. Maşını saxladım və polis əməkdaşı sənədlərimi təqdim etməyi tələb etdi. Mən ilk öncə sənədləri təqdim etməkdən imtina etdim, hansı səbəblə saxladıqlarını öyrənmək istədiyimi və daha sonra sənədləri təqdim edəcəyimi bildirdim. Polis əməkdaşı mənə səbəb olaraq maşının ön işıqlarının led olduğunu bildirdi. Halbuki polis maşını mənim arxamdan gəlirdi və mənim maşınımın qabaq işıqlarını görə bilmirdi. Yenidən məndən sənədlərimi tələb edəndə bildirdim ki, bört kompüter vasitəsilə sənədlərimə baxa bilərlər. Bunu etdikdən sonra polis əməkdaşı alkotesteri çıxardıb mənə “al bunu üflə” dedi. Mən əməkdaşdan reyd keçirildiyini soruşdum. O da mənə “bəli reyd keçiririk” dedi. Ona reydin bir nəfər tərəfindən keçirilmədiyini dedim və reyd keçirilməyi ilə bağlı məhkəmə qərarını təqdim etməyini istədim. Əməkdaş məndən maşını şöbəyə sürməyimi tələb etdi, mən də maşını şöbəyə sürdüm. Şöbədə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olundu. Həmin protokola əsasən mən İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişəm. Məni qanunsuz olaraq yolda saxlayan polis əməkdaşı Qibləli olmuşdur. Amma protokolda protokolu tərtib edən şəxs kimi “X3” göstərilib. Halbuki həmin şəxs məni yolda saxlamamışdır. Şöbədə olarkən avtomobilin altı işığından ikisi polis əməkdaşları tərəfindən söküldü. Həmin işıqları polis əməkdaşları şöbədə saxlamaq istəsələr də işıqları özümlə götürdüm. Həmin protokola əsasən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar mənə dünən təqdim edilib. Bu inzibati pozuntunu törətmədiyimi nəzərə alaraq Naxçıvan MR Kəngərli rayon Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edəsiniz. X6 məhkəmə iclasında verdiyi izahatında Babək rayonu Şəkərabad kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Dövlət Sərhəd Xidməti Hərbi şəhərcikdə yaşadığını, özünə məxsus avtomobillə xx.xx.2024-cü il tarixdə Kəngərli rayonunda yolda gedərkən Kəngərli rayon Yol Patrul Xidməti əməkdaşı olan “Qibləli” adlı şəxsin onu saxladığını, protokol tərtib edən Yaqub adlı inspektorun isə həmin ilk öncə sənədlərini tələb etdiyini, sənədlərinin tələb edilməsi səbəbini soruşaraq imtina etdiyindən ona alkoqol testindən keçirməyə cəhd etdiklərini, daha sonra isə əslində saxlanma səbəbinin avtomobildə sonradan quraşdırılmış led işıq lampalarının olması ilə əlaqələndirildiyini, duracağa aparılıb avtomobilə baxış keçirilib həmin işıqların söküldüyünü, lakin həmin işıqların sonradan quraşdırılan istifadəsinin qadağan olunduğu işıqlar olmasına dair hər hansı mütəxəssis və hal şahidinin orada olmadığını, özünün baxış prosesini videoyazıya almaq istəməsinə baxmayaraq icazə verilmədiyini, onların da heç bir foto və ya video çəkmədiyini, daha sonra isə onun barəsində İXM-in 342.2.2-ci maddəsi ilə protokol tərtib olunduğunu, həmin protokolla razılaşmadığı halda elektron qərarla 150 manat miqdarında cərimələndiyini, özünü əməldə təqsirli bilmədiyini, belə ki, maşını aldıqda texniki baxışdan eyni vəziyyətdə keçdiyini, həmin vaxt da, sonuncu dəfə texniki baxışdan keçdiyi xx.xx.2023-cü tarixində maşında qadağan olunmuş avadanlığın quraşdırılması barədə ona məlumat verilmədiyini, ümumiyyətlə maşını aldıqdan sonra onun konstruksiyasında heç bir dəyişiklik edilmədiyini, bu barədə qabaqcadan ona xəbərdarlıq edilməli olduğunu, lakin o işıqların qarşıdan gələn maşınlarda heç bir görmə məhdudiyyəti yaratmayan işıqlar olduğunu, bunun yalnız xüsusi biliyi olan şəxs tərəfindən müəyyən edilməli olduğunu bildirmiş, ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kəngərli Rayon Polis X9 X10 Patrul Xidməti inspektoru X3 məhkəmə iclasında verdiyi izahatında xx.xx.2024-cü il tarixdə Kəngərli rayonunda xidmətdə olarkən digər polis əməkdaşı ilə birlikdə Kərimli Valehi idarə etdiyi avtomobilində istifadəsinə yol verilməyən işıq cihazlarının qurşadırılmasına görə saxladıqlarını, daha sonra həmin avtomobilə polis şöbəsində baxış keçirildiyini və həmin işıq cihazlarının sökülərək barəsində protokol tərtib edilən şəxsə onun istəyilə təhvil verildiyini, barəsində həmin tarixdə İXM-in 342.2.2-ci maddəsi ilə protokol tərtib edildiyini, Valeh razı olduğundan tənbeh vermə haqqında qərarla cərimə olunduğunu, baxış protokolu tərtib olunduğunu, lakin məhkəməyə təqdim etmək üçün gətirmədiyini, işıqların qadağan olunan cihaz olmasının müəyyən edilməsi üçün mütəxəssisin iştirakının təmin edilib rəy alınmdığını, lakin baxdıqda işıqların yol hərəkəti iştirakçılarının görməsinə mane yaratdığının müəyyən edildiyini bildirmişdir. Şikayətə əlavə olunmuş 12 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan xx.xx.2024-cü il tarixdə saat 00:04-də Changan Minik markalı, 67BF878 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1993-cü il təvəllüdlü, Babək rayonu Şəkərabad kəndində doğulmuş X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edildiyi müəyyən olunur. Həmçinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 342.2.2-cü maddəsindən məlum olur ki, 342.2 və 342.2.2-ci maddələrinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. - 70.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur. - 93.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. - 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. - 93.3-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. - 93.4-ci maddəsinə əsasən maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 3-cü bəndində göstərilir ki, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X6 tərəfindən İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, əməlin İXM-in 342.2.2-ci maddəsi ilə tövsif edilməsi, həmin maddənin təsiri altına düşməsi üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələblər pozularaq, avadanlıq quraşdırılmalı və ya dəyişdirilmiş olmalıdır. Avadanlığın quraşdırılmasının və ya dəyişdirilməsinin müəyyən edilməsi isə texniki məsələdir və belə halda texnika sahəsində xüsusi bilik tələb edən məsələnin araşdırılması məqsədi ilə İXM-in 70-ci maddəsinin tələbinə uyğun olaraq mütəxəssisin texniki rəyi alınmalı, İXM-in 76-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri və sair sübutlar götürülməli idi. Bununla yanaşı İXM-nin 93 və 94-cü maddələrinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilməsi, protokol tərtib edilməsi, aşkar edilmiş sübut əhəmiyyətli əşya və ya predmetlərin götürülməsi müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı Valeh Kərimli tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda şəxs tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla hər hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Məhkəmədə şikayətə baxılarkən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etsə də qərarın əsaslılığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə iclasında X4 İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələbləri pozaraq, nəqliyyat vasitəsinə avadanlıq quraşdırması və ya avadanlığı dəyişdirməsi ilə bağlı faktiki hal müəyyən edilməmişdir. İXM-in: - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Kəngərli rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Kəngərli rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar