Məhkəmə qərarları › İş №3(079)-8/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-8/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-8/2025 17.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1992-ci ildə Babək rayonu, Məzrə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, , subay, 2 (iki) uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Məzrə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 yanvar 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-436/2023 nömrəli, xx.xx.2023 tarixli və Babək Rayon Məhkəməsinin 2(079)-200/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokoldan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Şərur Rayon Məhkəməsinin 2(110)-436/2023 nömrəli, xx.xx.2023 tarixli və Babək Rayon Məhkəməsinin 2(079)-200/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra sənədlərinə əsasən yaranmış borcunu ödəməkdən yayındığı müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 10 və 6 yaşında 2 övladının olduğunu, heç bir yerdə işləmədiyini, hazırda çobançılıqla məşğul olduğunu və 350 manat əmək haqqı aldığını, gücü çatan qədər alimenti ödədiyini, Kapital banka olan borcu isə götürüb başqa bir şəxsə verdiyini, həmin şəxsin Türkiyədə olduğunu və borcu ödəyəcəyini bildirdiyini, lakin puldan heç nə ödəmədiyini, aliment borcunun əsas hissəsinin isə 14 aprel 2024-cü il tarixədək yarandığını, ondan sonra da alimenti hər ay ödəsə də bəzən kəsir ödədiyini, aylıq 320 manat ödəməli olsa da 200, 280, 350, 530 manat və s. olmaqla gücü çatan qədər aylıq ödənişlər etdiyini, hər dəfəsində də icra məmuruna bildirdiyini, Kapital banka olan borcunu isə hazırda yüksək gəliri olmadığına görə ödəyə bilmədiyini, yay aylarında heyvanın birini 3 manata otardığını, qışda isə gün qısa olduğundan ayda cəmi 350 manat aldığını, hazırda 250 qoyun otardığını, yayda çobançıllqa məşğul olmadığını, borc yaranan vaxt “İpək yolu” restoranında, daha sonra isə Bakı şəhərində işlədiyini və aliment ödənişlərini etdiyini, qışda heç bir iş olmadığını, kirayədə yaşamadığını, heç bir fiziki məhdudiyyətinin olmadığını, Kapital bankdan kredit götürüb iş yoldaşı Salmanov Xəzərə verdiyini, həmin vaxtlar Kanalizasiya İdarəsində işlədiyini və aylıq əmək haqqı olduğundan öz adına kredit götürüb həmin şəxsə verdiyini, həmin borcun bir qisminin işlədiyi vaxtlar əmək haqqından çıxıldığını onun da Türkiyədə yaşadığını, gəlib borcu ödəyəcəyini bildirdiyini, özünün həmin vaxt su idarəsində işlədiyini, iş yoldaşı olduğuna görə pulu ona verdiyini, başqa birinə də zamin durduğunu, su idarəsində işlədiyi müddətdə kartından hər ay 150 manat tutulduğunu, ümumən 1800 manata yaxın pul tutulduğunu, əməlindən peşman olduğunu, pulu ödəməyə gücünün çatmadığını, qış çıxana qədər 250 manat ödəməyi xahiş etmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl Əsgərli məhkəmə iclasında verdiyi izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-436/2023 nömrəli, 25 may 2023-cü il tarixli icra sənədinin 30 may 2023-cü il tarixdə icraata qəbul edildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə məlumat verildiyini, şəxsin aliment tələbi üzrə müəyyən ödəniş etsə də, tam ödəniş etmədiyindən zərərçəkmiş şəxsin pulun tam ödənilməsini tələb etdiyini, Kapital banka olan borcla bağlı Babək Rayon Məhkəməsinin 2(079)-200/2024 nömrəli, 05 mart 2024-cü il tarixli icra sənədinin isə 08 aprel 2024-cü il tarixdə icraata qəbul edildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə məlumat verildiyini, icraata başlama haqqında qərar qəbul ediliəndə şəxsin artıq işdən çıxdığını, təqsirləndirilən şəxsin izahatında bildirdiyi banka olan borcundan ödəməsinə dair məlumatın məhkəmə qətnaməsinin icrası qaydasında deyil, ondan əvvəl əmək haqqından hər ay çıxıldığını, icra vərəqəsində qeyd edilən 2900 manat puldan isə heç bir ödəniş edilmədiyini, alimentlə bağlı 280 manat yanvarda, 200 dekabrda, 200 noyabrda, 200 oktyabrda, 530 manat isə sentyabr ayında ödənildiyini, həmin pulların tələbkara əldən verdiyini, tələbkarın ödənişin edildiyini təsdiq etdiyini, qalıq borcun həmin ödənişlər hesablandıqdan sonra verildiyini, aliment üzrə 4030 manat, bank üzrə 2977 manat qalıq borcunun olduğunu, şəxsin tələbin yönəldilə biləcəyi əmlakının olmadığını, zərərçəkmiş şəxsin şəxsin barəsində həbs inzibati tənbeh tədbirinin görülməsini xahiş etdiyini bildirdi. Zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İXM-in 62.4-cü maddəsini rəhbər tutan məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə qeyd edir ki, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)- 436/2023 nömrəli, xx.xx.2023 tarixli qətnaməsinə əsasən 12 aprel 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşağa görə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi və Babək Rayon Məhkəməsinin 2(079)-200/2024 nömrəli, xx.xx.2024-cü tarixli qətnaməsinə əsasən isə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2441.10 (iki min dörd yüz qırx bir manat, on qəpik) manat əsas, 241.56 (iki yüz qırx bir manat, əlli altı qəpik) manat faiz, xx.xx.2022-ci il tarixli Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən isə 226.07 (iki yüz iyirmi altı manat, yeddi qəpik) manat əsas, 46.26 (qırx altı manat, iyirmi altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2927.99 (iki min doqquz yüz iyirmi yeddi manat, doxsan doqquz qəpik) manat borcun və 49.28 (qırx doqquz manat, iyirmi səkkiz qəpik) manat miqdarında dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi ödənilməsi qərara alınmışdır. Protokola əlavə olunmuş borcluya təqdim edilmiş xx.xx.2024-cü il tarixli təkrar xəbərdarlıq məktubunda aliment üzrə icra sənədi əsasında yaranmış 4030 manat aliment borcunun, həmçinin həmin tarixli bank borcu üzrə yaranmış 2977.27 manat borcun dərhal tam ödənilməsi tələb olunmuş və icra edilməməsinin nəticələri izah olunnmuşdur. Sonuncu şərtin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnamələriini icra etməməsi borclunun borclunun əmək müqaviləsi əsasında daimi gəlirinin olmaması, mövcud gəlirinin isə şəxsin özünün ehtiyacları həddində olması, mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan onun əmək haqqı, pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin barəsində icraat aparılan şəxsin və icra məmurunun izahatı əsasında şəxsin aliment öhdəliyini icra etməsi, mütəmadi ödənişləri həyata keçirməsi, lakin üzrlü səbəblərdən məhkəmə qətnaməsini tam icra etməməsi müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarların icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun tələblərinin icrası üçün səy göstərərək icra sənədi üzrə qismən icranı həyata keçirmiş, icra olunmayan hissədə isə icranın təmin edilməməsi üzrlü səbəblərdən qaynaqlanmışdır. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018ci il tarixli qərarına əsasən İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İXM-in 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar