Məhkəmə qərarları › İş №3(079)-85/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-85/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-85/2025 23.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Babək rayonu, Kərimbəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 (iki) uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, fərdi sahibkar VÖEN-**********, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 23 may 2025-ci il tarixli, 209631/4xx-xx/2020 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 may 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Zehirov X7 Şəhər Məhkəməsinin 2(078)-629/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-629/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs 23 iyul 2020-ci il tarixdən hesablanmaqla 12 iyul 2016-cı il təvəllüdlü X9 və 05 iyun 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmiş və icraya yönəldilmişdir. İnzibati xəta haqqında protokol Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-629/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədlərinə əsasən yaranmış borcunu ödəməkdən yayınması ilə əsaslandırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında səhhəti ilə əlaqədar problemlərin olduğunu, aliment borcunun aybaay 400 manat ödəyib bitirdikdən sonra aylıq 240 manatı ödəməyə davam edəcəyini, yeni ailə həyatı qurduğunu, bir sıra çətinliklərinin olduğunu, buna görə borcu ödəyə bilmədiyini, alimentdən sonuncu dəfə təxminən 5-6 ay bundan qabaq 350 manat ödədiyini, sonra xəstələnib müalicə aldığını, əvvəllər restoranda işləsə də, daha sonra işdən çıxdığını, fəhlə işlədiyini, 2 həftə bundan qabaq yenidən restoranda işə düzəldiyini, hazırda 2 həftədir ki, restoranda işlədiyini, aylıq 900 manat maaş aldığını, gündəlik də əlavə qazancının olduğunu, 2-3 ay bundan qabaq rəsmi nikaha daxil olmadan kəbin kəsdirib evləndiyini, əvvəlcədən də aliment borclarının yığıldığını, hazırda 500 manat ödəyə biləcəyini bildirmiş, sonda vaxt verilərək köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında icra sənədinin şöbənin icraatına daxil olduğunu, tərəflərə icraata başlamaq haqqında qərarın göndərildiyini, borclunun yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edildiyini, elektron icra sistemindən şəxsin rəsmi gəlirlərinin olmadığının müəyyən edildiyini, borclunun ölkədən getmək hüququnun 28 yanvar 2021-ci il tarixli məhkəmə qərardadı ilə məhdudlaşdırıldığını, şəxsin barəsində 21 oktyabr 2021-ci il tarixdə inzibati həbs tənbeh tədbirinin tətbiq edildiyini, dəfələrlə xəbərdarlıq edilsə də, öhdəliyini yerinə yetirmədiyini, 2024-cü ilin iyul ayında borclunun izahatında 2024-cü ilin iyun ayının 10-da 400 manat olmaqla qalan ödənişləri aylıq 310 manat olmaqla ödəməyi öhdəsinə götürdüyünü, lakin 2024-cü ilin iyul ayında 400 manat, avqust ayında 310 manat ödəniş etdiyini, 2024-cü ilin oktyabr ayında 1550 manat ödəniş etdiyini, həmin tarixdən etibarən heç bir ödəniş etmədiyini, şifahi müraciətlərə əsasən borclunun 2 övladından balacasının vərəm dispanserində qeydiyyatda durduğunu, bu barədə borcluya məlumat verildiyini, lakin öhdəlikdən boyun qaçırdığını bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildiriş və 7280 manat aliment borcunun olmasına dair xəbərdarlıqların barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsi üçün bütün lazımi tədbirlər icra qurumu tərəfindən görülmüşdür. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı birbaşa xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün və icra məmurunun məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxsin əməlində İXM-in 32.1 və 33.1-ci maddələrində nəzərdə tutulmuş yüngülləşdirici və ağırlaşdırıcı hal mövcud deyil. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs İXM-in 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyildir. İşin bu halını, şəxsin aliment tələbi ilə bağlı icra sənədi üzrə aylardır ödəniş həyata keçirməməklə məhkəmə qərarının icrasına münasibətdə laqeydliyini onun şəxsiyyətini xarakterizə edən həbsin tətbiqi üçün müstəsna hal kimi nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində həbs inzibati tənbeh növü tətbiq edilməlidir. İXM-in 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. İXM-in 31.4-cü maddəsinin tələbinə görə isə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 10 gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. İXM-in 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 23 may 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 23 may 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 10 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 may 2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar