Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-87/2024 12.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid2 və Şahid1 iştirakları ilə, xx xxxx 1976-cı ildə Naxçıvan rayonu Xəlilli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2008-ci il təvəllüdlü 1 (bir) azyaşlı uşaq atası Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin 12 sentyabr 2024-cü il tarixli 4/672 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 510-cu maddəsi ilə təqsirləndirilmələrinə dair 12 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 12 sentyabr 2024-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. Onun təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında 12 sentyabr 2024-cü il tarixdə Babək rayonu Şıxmahmud kəndində yaşadığını, evli olmaqla iki övladının olduğunu, oğlunun hazırda hərbi xidmətdə olduğunu, qızının isə 16 yaşında olmaqla 11-ci sinfə gedəcəyini, özünün işi olmadığını, əkinçilik fəaliyyəti ilə məşğul olduğunu, dövlətdən texnika götürüb vergi ödədiyini, atasının dayısı oğlunun qızının toy mərasiminə əmisi oğlu Məmmədov Səxavət ilə birlikdə getdiklərini, onlar gedəndə süfrə yığışılsa da toyun çalındığını, həyət toyu olduğunu, birlikdə oturub 1 saat yarım ərzində yeyib içdikdən sonra oynamaq istədiyini, toya nəzarət edənə yaxınlaşıb növbə istədiyini, lakin 20 dəqiqə gözləsə də ona növbə verilmədiyini, bundan sonra narahat olub toydan çıxdığını, gedə-gedə toy babasına “şərəfsiz, şəxsiyyətsiz oynamağa imkan vermədi kimi” ifadələr işlətdiyini, həmin zaman əmisi oğlunun da yanında olduğunu, piyada evə tərəf getdiklərini, toy yiyəsi atasının dayısı oğlu X1 ona zəng edib geri çağırmasına cavab olaraq ona telefonda “bunlar kimdir gətirib oturtmusuz toyda onları belə-belə olsun” kimi ifadələr işlətdiyini, həmin vaxt post patrul xidmətinin polis əməkdaşlarının ona yaxınlaşıb xəbərdarlıq etdiyini, onların maşına minib bölməyə getmək təklifinə “baş üstə” deyib maşına oturduğunu, əmisi oğlunun isə çıxıb getdiyini, onu sərxoşluq müayinəsi üçün dispanserə apardıqlarını, lakin orada aparat xarab olduğundan müayinənin baş tutmadığını, toyda 3 nəfərə 1 butulka araq içdiklərini, arasıra düşdükcə içən biri olduğunu və həmin vaxt da kefli olduğunu, əməlindən peşman olduğunu, birdə belə bir səhvə yol verməyəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında şahidlərin ifadələri dinlənildikdən sonra isə deyildiyi kimi həmçinin həmin vaxt içkili olduğundan ağır söyüşlər də işlətdiyini, polislərin ilk olaraq “söyüş söymə, camaatı narahat eləmə çıx get evinə” deməsinə baxmayaraq söyüş söyməyə davam etdiyini, bundan sonra onu maşına minməli olduğunu dediklərini, həmin vaxt toy camaatının başının toya qarışdığını, lakin yolda polislərdən və əmisi oğlundan başqa 2-3 tanımadığı şəxslərin də olduğunu, 11dən 12-nə keçən gecəni Cəhri qəsəbə polis bölməsində keçirdiyini, protokolda qeyd olunduğu kimi 12.09 tarixində saat 10-da tutulub 12-də azad olunmadığını, bir maşını saxladıb onu da götürməsini xahiş etdiyini, onun isə maşında ailə-uşaq var, sən isə içkilisən deyib götürmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Xaliq Talıbovla birlikdə Babək rayonu, Şıxmahmud kəndinin mərkəzində xidməti vəzifələrini yerinə yetirdikləri zaman tanımadıqları bir avtomobilin onlara yaxınlaşaraq içkili bir şəxsin Xəlilli kəndinin girəcəyində maşınları saxlayaraq təhqiramiz ifadələr işlətdiyini xəbər verdiyini, “FİAT” markalı xidməti avtomobillə oraya doğru getdiklərini və şəxsin həqiqətən də orada söyüşlər söydüyünü gördüklərini, ona yaxınlaşıb ictimai qaydanı pozduğunu, insanları narahat etdiyini və bunun yolverilməz olduğunu bildirdiklərini, onun da toyda ona söz verilmədiyi üçün onları təhqir etdiyini bildirdiyini, ona xəbərdarlıq edilsə də şəxsin buna məhəl qoymadığını və söyüş söyməyə davam etdiyini, bundan sonra şəxsi polis bölməsinə dəvət etdiklərini, verilən suallara cavabında məlumatı verən şəxsi tanımadıqlarını, hadisə vaxtı Babək rayonu, Şıxmahmud kəndinin mərkəzində olduqlarını, şəxsi isə Xəlilli kəndinin girəcəyində görüb saxladıqlarını, onun həmin vaxt təhqiramiz ifadələr işlətdiyini, ünvansız olaraq toyda olan hadisəyə görə söydüyünü, ona niyə maşınların qarşısını kəsdiyini soruşduqlarını və bu hərəkətlərə son qoymağı tələb etdiklərini, şəxsin isə buna məhəl qoymadığını, bundan sonra onu şöbəyə gətirdiklərini, maşına oturduqdan sonra danışmağa davam etsə də söyüş söyməyi saxladığını, şəxsin həmin vaxt orada tək olduğunu, gecə bölmədə qaldığını, sərxoşluq müayinəsindən alkotester aparatı işləmədiyindən keçmədiyini bildirdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə saat 23-00 radələrində Babək rayonu, Şıxmahmud kənd mərkəzində xidmətdə olduqları zaman tanımadıqları bir avtomobilin onlara yaxınlaşaraq içkili bir şəxsin maşınların qarşısını kəsdiyini və təhqiramiz ifadələr işlətdiyini bildirdiklərini, dərhal həmin yerə getdiklərini və Şəxs söyüş söyə-söyə getdiyini gördüklərini, ona yaxınlaşıb niyə söyüş söydüyünü soruşduqlarını, onun isə toyda ona söz verilmədiyi üçün belə etdiyini bildirdiyini, ona evə getməsini bildirdiklərini, lakin şəxsin söyüş söyməkdə davam etməsinə görə onu şöbəyə dəvət etdiklərini, verilən suallara cavabında hadisə günü xidməti avtomobil ilə xidmətdə olduqlarını, yanında Şahid2 olduğunu, onlara məlumat verən şəxsin kim olduğunu bilmədiklərini, qaranlıq olduğundan avtomobilin nömrəsini də bilmədiklərini, həmin vaxt Şıxmahmud kəndinin mərkəzində olduqlarını, şəxsin yanına getdikdə onun toy yerindən aralıda olduğunu və yolun kənarında olduğunu, təhqiramiz ifadələr işlətdiyini, toy sahibini söydüyünü, söyüş söyməmək barədə xəbərdarlığa məhəl qoymadığını, ətrafda isə 2-3 nəfər tanımadığı başqa adamların olduğunu, onun “şərəfsiz” ifadəsi ilə yanaşı digər ağır nalayiq ifadələr də işlətdiyini, kiminsə ünvanına konkret olaraq söymədiyini, ümumi ifadələr işlətdiyini, kiminsə adını çəkmədiyini, ona yaxınlaşanda özlərinin polis əməkdaşı olduqlarını bildirdiklərini, şəxsin həmin gün polis şöbəsinə gətirildiyini və bir gecə orada qaldığını, şəxsin müayinə üçün xəstəxanaya aparılsa da cihaz işləmədiyindən sərxoşluq müayinəsindən keçə bilmədiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş 12 sentyabr 2024-cü il tarixli protokol onunla əsaslandırılmışdır ki, 11 sentyabr 2024-cü il tarixdə saat 23:00-da Şəxs Babək rayon Xəlilli kəndində ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkəti törətmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yəni Şəxs ictimai qaydanı pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi mötəbər sübutlarla, yəni marağı olmayan, həmin əməlin birbaşa şahidi olmuş şəxsin, cəmiyyət subyektinin izahatı ilə təsdiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi etirafedici izahatla tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33-cü maddəsində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. İşin bu hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 04 (dörd) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, həmin əməlin ictimai təhlükəliliyini və sözügedən yüngülləşdirici halı nəzərə alan məhkəmə hesab edir ki, ona 5 (beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 0751 nömrəli inzibati qaydada tutma haqqında protokolda qeyd olunmuşdur ki, şəxs inzibatı xəta haqqında protokol tərtib edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə saat 10:00-da tutulmuş, həmin tarixdə saat 12:00-da isə azad olunmuşdur. Buna baxmayaraq şahidlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatlarla şəxsin hadisə baş verdiyi xx.xx.2024-cü il tarixdən tutulduğu və məhkəməyə təqdim edilənə qədər saxlanıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Sözügedən halı nəzərə alan məhkəmə belə hesab edir ki, inzibati həbs müddətinin əvvəli şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 5 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-87/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-87/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver