Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-88/2023 04.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Şahid iştirakı ilə, xx xxx 1996-cı ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 (iki) azyaşlı uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 04 iyul 2023-cü il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 iyul 2023-cü il tarixli, 003125 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Babək rayon Nehrəm qəsəbəsində X2 məxsus yaşayış olmayan həyətyanı sahədən 1 (bir) ədəd kondisioner oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında evli olmaqla himayəsində biri yenidoğulmuş, digəri isə 1 yaşlı olmaqla iki qız uşağının olduğunu, maddi cəhətdən heç bir köməyinin olmadığını, özünün fəhlə olmaqla kirayədə yaşadığını, pula ehtiyacı olduğundan 16 mart 2023-cü il tarixdə ata evi ilə qonşuluqda olan Fizuli müəllimə məxsus həyətyanı sahədən kondisioner olduğunu görüb onu oğurlamaqa qərarına gəldiyini, kondisioneri götürüb divarın üstünə qoyub atasının həyətindən divara söykənmiş pilləkənlə yenib divarın üzərindəki kondisioneri götürüb öz həyətlərinə qoyduqdan sonra ikinci kondisioneri də götürmək istəyəndə qonşu Samirin oğlunun onu görüb nə etdiyini soruşduğunu, bu zaman həmin uşağın babası Məhərrəmi çağırdığını, onun da yaxınlaşıb Fizuli müəllim Bakıda yaşadığından həmin evə özünün nəzarət etdiyini, bu hərəkətin düzgün olmadığını ona bildirdiyini, ondan sonra götürdüyü kondisioneri qaytarıb götürdüyü yerə qoyduğunu, əməlindən peşman olduğunu, ailə vəziyyəti nəzərə alınmaqla barəsində yüngül cəza seçilməsini xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Nehrəm qəsəbə sakini olduğunu, qonşusu Salmanov Fizulinin Bakı şəhərində yaşaması ilə əlaqədar olaraq onun həyətinə də nəzarət etdiyini, xx.xx.2023-cü il tarixdə nəvəsinin onu çağırdığını, həyətə getdikdə üst-üstə qoyulmuş iki kondisionerdən birinin yerində olmadığını gördüyünü, həmin vaxt qonşu Şəxs əlində köhnə kondisionerlə öz həyətlərinə tərəf getdiyini gördüyünü, onu çağırdıqda Orxanın əlindəki kondisioneri yeri atıb qaçdığını, həmin gün ev sahibi Fizuliyə zəng edib bu barədə məlumat verdiyini, onun da razılığı ilə Babək rayon Polis İdarəsinə gördükləri barədə məlumat verdiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati materiala əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli, 351 nömrəli rəyi ilə tədqiqata təqdim olunmuş SSRİ istehsalı olan 02 ədəd kondisionerlərin orta bazar qiyməti ilə ümumi dəyəri 70 (yetmiş) manat olduğu müəyyən olunmuşdur. İnzibati materiala əlavə olunmuş 22 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması nəzərə alınaraq Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsi nəzərə alınaraq cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. 23 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edilmişdir. 0455 nömrəli, 04 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokolla şəxs protokol tərtib edilməsi məqsədilə həmin tarixdə saat 14:05-də tutulmuş, 15:45-də isə azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün və şahidin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda mülkiyyət əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.1 və 32.1.1ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə həmçinin şəxsin himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, AZEMİS-dən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qohumluq məlumatları üzrə çıxarışdan şəxsin himayəsində xx.xx.2022-ci il təvəllüdlü uşağın olması müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddəsində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını və pozuntu törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 22 (iyirmi iki) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 iyul 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün tutulmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 22 (iyirmi iki) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 04 iyul 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-88/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-88/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver