Məhkəmə qərarları › İş №3(079)-88/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-88/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-88/2024 17.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakları ilə, xx.xx.1987-ci ildə Babək rayonu, Qahab kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin kod xxxxxxx), evli, 3 azyaşlı uşaq atası, orta təhsilli, vergi ödəyicisi, VÖEN – **********, Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 9, mənzil 15 qeydiyyatda olmaqla Babək rayonu Qahab kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 12 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə Babək şəhərində yerləşən kirayə yaşadığı evdə Babək rayon Qahab kənd sakini, sevgilisi Şəxs mübahisə zəminində onu döydüyünü, o zamandan bəri onu ölümlə hədələdiyini bildirmiş, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə 17 sentyabr 2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək rayonu, Babək şəhərində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs əvvəllər Cahan Ticarət Mərkəzində işlədiyini, 2023-cü ilin aprel ayında Zeynəbin ondan gəlib 3 cüt ayaqqabı aldığını, sonradan öyrəndiyinə görə həmin vaxt artıq onun işdən çıxarıldığını, sabahı gün Zeynəbin ona zəng edərək harada olduğunu soruşduğunu, ona ayaqqabıların pulunu vermək üçün evinə dəvət etdiyini, ilk öncə bunu qəbul etməsə də daha sonra Zeynəbin evdə uşağın xəstə olmasını və bu səbəbdən gələ bilməməsini deməsinə görə onların evinə getdiyini, öz maşını ilə Zeynəbin kirayə yaşadığı evə getdiyini, orada evin çöl tərəfində qoyulan stulda əyləşdiyini, Zeynəbin ona havaların isti olduğunu bildirib əlində gətirdiyi kompotu içməyi təklif etdiyini, ona qardaş deyə müraciət etdiyini, özünün kompotu içdikdən sonra özündən getdiyini, lakin epilepsiya xəstəsi olması, yaxud kompotun içinə nəyinsə qarışdırıldığına görəmi özündən getməsinin səbəbini dəqiq bilmədiyini, ayıldıqda isə özünün yatağın üstündə uzanmış vəziyyətdə olduğunu, Zeynəbin onun şəkillərini çəkdiyini, ona nə olmasını soruşduqda Zeynəbin heç nə bilmədiyini və yıxıldığı üçün onu yatağa uzatdığını bildirdiyini, üstündən 1-2 gün keçdikdən sonra Zeynəbin ona həmin şəkilləri ataraq “ya mənim olmalısan ya da ailən dağılmalıdır” dediyini, daha sonra “mənim sevdiyim insan sənə oxşayırdı, buna görə də mənimlə sevgili olmalısan, yoxsa bunları ailənə göndərəcəyəm” dediyini, bir neçə gün bu vəziyyətin davam etdiyini, Zeynəbin ona “hara gedirsənsə mənə deməlisən, atdığın hər addımı mənə bildirməlisən, çağıranda bizə gəlməlisən” dediyini, bir gün isə Zeynəbin ona zəng edərək ad günü olduğunu və onu onlara dəvət etdiyini, yoxsa şəkilləri ailəsinə göndərməklə hədələdiyini, atasının ürək xəstəsi olduğunu, Zeynəbin isə yaşadıqları binanın qarşısına gələrək orada ona baxıb evlərinə girməklə hədələdiyini, 3 ay onunla küsülü olduğunu, 2024-cü ilin avqust ayının 31-i ona zəng edərək hamamda yıxıldığını və gedib onu xəstəxanaya aparmasını bildirdiyini, lakin qorxduğu üçün oraya getmədiyini, həmin gün bazara getdiyini, bu vaxt Zeynəbin ona zəng edərək Babək xəstəxanasının onu qəbul etmədiyini və qardaşının gəlib özünü xəstəxanaya aparacağını bildirdiyini, həmin gün Zeynəbin ərinin və anasının gəlib 8 gün onlarda qaldığını, bundan sonra Zeynəbin ona “sənin başına oyun açacağam” dediyini, avqust ayının 8-i Zeynəbin bazara gedərək niyə onun yanına getmədiyini soruşduğunu, onun isə Zeynəbə şər atacağından qorxduğu üçün oraya getmədiyini bildirdiyini, Zeynəbin də “sənin başına oyun açacağam” deyib getdiyini və bundan sonra onun anasına zəng edib “oğlun mənimlə yaşayır, əlimdə materiallar var” dediyini, sonra anasının ona zəng edib tez evə getməsini bildirdiyini, evə getdikdə evdə səs-küy olduğunu gördüyünü, yoldaşının Zeynəbə zəng edib özünü onun bacısı kimi qələmə verib bu məsələ barədə soruşduğunu, Zeynəbin isə ona “Rafiq məni saxlayır, istəsəniz şəkil də göndərərəm” dediyini, axşam isə əvvəllər əlini onun qoynuna salıb çəkdirdiyi şəkli onlara atdığını, ondan 2 gün sonra Zeynəbə zəng edib “mənim ailəmi niyə dağıtdın” deyə bildirdiyini, sonra Zeynəbin əmisinin yanına getdiyini, ona olanları bildirəndə əmisinin də başını aşağı salıb “bu nə bəladır” dediyini, 2 gün sonra isə onu polis şöbəsinə dəvət etdiklərini, orada Zeynəbin guya onun 2000 manatını aldığını və telefonunu qırdığını, qısqanclıq zəminində onu “katanka” simi ilə döydüyünü bildirdiyini, halbuki heç onun kiməsə xəsarət yetirəcək xarakterdə bir insan olmadığını, polis şöbəsində məsələnin aydınlaşdırılmasını xahiş etdiyini, onlara hansısa bir xanımı döyəcək xarakterdə bir insan olmadığını bildirdiyini, hətta Zeynəbin ona gecə saat 12-ə qədər yatmamasını, yoxsa hər an zəng edib ailəsini dağıtmaqla hədələdiyini, onun ərinin Bakıda işlədiyini, hətta əri bura gələndə ona dərman verib yatırdıqdan sonra ona görüntülü zənglər etdiyini, özü Bakıya gedən zaman yenə Zeynəbin ona görüntülü zəng edərək yanında başqa bir qadının olmasından şübhələndiyini bildirdiyini, özünün isə ailəsini itirməməkdən ötrü məcbur onunla danışdığını, ondan heç vaxt pul almadığını, Bakıdan maşın alarkən 2500 manatının çatmadığını, bu səbəbdən dostuna zəng edib həmin pulu ondan istədiyini, Zeynəbin ona təhqiredici sözlər atdığını, hətta polisin Zeynəbin qızına onun döyülməsi ilə bağlı sual verdiyini, qızının isə anasının yıxıldığını bildirdiyini, Zeynəbin dediklərinin yalan olduğunu, səhər-səhər onlara getmədiyini, Qahab kəndində baba evinin olduğunu, 2020-ci ildə atasının xəstəliyi ilə əlaqədar Naxçıvan şəhərində də ev aldıqlarını və orada qeydiyyatda olduqlarını, Zeynəbin oranı tanımadığını, sadəcə binanın qarşısında gəlib dayandığını, Zeynəbin o evə heç vaxt getmədiyini, hər gün saat 8-də öz qızını hazırlığa apardığını, kursun hər gün səhər 8-də başlandığını, həmin gün də saat 8-də onu hazırlığa apardığını və daha sonra bazara getdiyini və daha sonra qayıdıb yenə uşağı hazırlıqdan götürüb Qahab kəndinə evə apardığını, Babək şəhəri ərazisində olan təhlükəsizlik kameralarından onun avtomobiinin həmin gün Babək şəhəri ərazisində olmadığının müəyyən edilə biləcəyini, heç vaxt şəxsi döymədiyini, bütün bunların yalan olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında Rafiqin dediklərinin yalan olduğunu, onu evə çağırıb yuxuya vermədiyini, onda olan 2000 manatını tələb etdiyini, telefonunda xəsarətlə bağlı şəkillərin olduğunu, 5 yaşında bir övladının olduğunu, 2 il öncə Cahan Ticarət Mərkəzində çalışdığını, Rafiqin ondan əl çəkmədiyini, hər dəfə onun yanına gedib-gəlib onu axırda işdən çıxartdırdığını, işləməyə icazə vermədiyini, yemək, paltar və s. bütün maddi ehtiyaclarını Rafiqin qarşıladığını, Rafiqin onun evinə gedib-gəldiyini, onlara hər şey aldığını, həftələrlə onu şəhərdə yerləşən evlərində saxladığını, şəkillər çəkdirdiklərini, il dönümü qeyd etdiklərini, bir-birlərinə üzüklər aldıqlarını, özünün anası, bacısı, qardaşı ilə birlikdə yemək yediklərini, onu kəndə aparıb gətirdiyini, daha sonra Rafiqin özünə maşın aldığını, əgər Rafiqin heç bir günahı yoxdursa ona yoldaşına deyiləcək nəyinsə olmadığını da bildirməli olduğunu, amma bunu deyə bilmədiyini, çünki Rafiqin onun sevgi münasibətlərində olduğunu, əgər içkiyə dərman qatıbsa bunu da polisə vaxtında deməli olduğunu, Rafiqin ailə üzvlərinə hədiyyələr göndərdiyini, amma son vaxtlar Rafiqin onu çölə çıxmağa icazə vermədiyini, onun pulunu aldığını və pulunu geri istədiyi üçün Rafiqin onu döydüyünü, heç kimə zəng etməməsi üçün telefonu da qırdığını, münasibətlərinin son dövrlərədək çox yaxşı olduğunu, bu barədə hətta onun ailəsinin də məlumatı olduğunu, lakin sonra Rafiqin yoldaşına və anasına zəng edərək Rafiqin onu döyməsini və ondan uzaq durmasını istədiyini, daha sonra bazara gedib ondan onu döyməsinin səbəbini soruşduğunu, sonra Rafiqin ailəsini itirməmək üçün ona “sən mənə səs at ki, yoldaşım qayıtsın” dediyini, halbuki həmin vaxt ailəsinin onun yanında olduğunu, telefonunda olan bütün zənglərin yoxlanılmasını, şəxsin onun namusunə göz tikdiyini, şəxsdən 2000 manat pulunu istədiyini, verilən şəkillərin xəsarəti sübuta yetirdiyini, Babək rayon Mərkəzi xəstəxanasından Naxçıvan şəhər Mərkəzi xəstəxanasına getdiyini, suallara cavabında evli olsa da faktiki olaraq yoldaşından ayrı yaşadığını, onun xərçəng xəstəsi olduğunu, aliment ödəməmək üçün boşanmaq istmədəyindən hələ də evli qaldıqlarını, onun Naxçıvana uşağı görmək üçün gəlibgetdiyini, adının X1 olduğunu, onunla 2009-cu ildə evləndiklərini, bunun ikinci evliliyi olduğunu, onunla birgə nikahdan 1 övladının olduğunu, Naxçıvana 2 il olar ki, gəldiyini, gəldikdən sonra 2 il Samir adlı şəxsin yanında geyim mağazasında işlədiyini, həmin müddətdə Rafiqlə tanış olduqlarını, 1 il 5 ay onunla birlikdə yaşadıqlarını, onu çox istədiyini, onun ailəsini ailə bildiyini, şəxsin ailəli olduğunu bildiyini, bu müddət ərzində ailəsinə 1 dəfə belə olsun zəng etmədiyini, ailəsinin isə bu münasibətdən xəbərinin olmadığını, Rafiqin şəhərdə yerləşən bina evində qaldıqlarını, Rafiqin də onun evində gəlib yaşadığını, 2 ay öncə Rafiqin onların evinə gələrək ondan maşın almaq üçün pul istədiyini, lakin ona güvəndiyi üçün pulun verilməsi ilə bağlı sübutunun olmadığını, özünün toyuq-cücə alqı-satqısı ilə məğul olduğunu, qızının da onlarla birlikdə qaldığını və Rafiqi çox istədiyini, hətta “dayıma de ki, səninlə barışsın” dediyini, ona pulu geri qaytar dediyini, lakin Rafiqin pulu gətirmədiyini, iyul ayının 31-i həyətdə yun çırpdığını, bu vaxt Rafiqin içəri girərək onu katanka simlə vurduğunu, ara-sıra Rafiqin onlara gəldiyini, bu səbəbdən sırf döymək üçün gəldiyini düşünmədiyini, ayağında və boynunda hələ də xəsarətlər olduğunu, 5 avqust tarixində hadisədən 5 gün sonra ayağının göylərinin şəklini çəkdiyini, həmin şəkilləri də məhkəməyə təqdim etdiyini, hər halda özünün özünə xəsarət yetirmədiyini, həmin gün Rafiqin onlara taksi ilə gəldiyini, Polisə hadisədən 10 gün sonra şikayət elədiyini və həmin gün ekspertizaya göndərildiyini, hələ həmin vaxt ayağının göylərinin biraz çəkildiyini, həmin vaxt qızının yatdığını, səhər saat 8 radələri olduğunu, həmin saatlarda ətrafda heç kim olmadığından onları görən də olmadığını, 3 ildən çoxdur ki, həmin həyət evində kirayədə qaldığını, pulunun ödənilməsini və şəxsin cəzalandırılmasını istədiyini, şəxsin barəsində həbs inzibati tənbeh tədbirinin görülməsini xahiş etdiyini bildirmişdir. Şahid ifadəsində Rafiqin onun həyat yoldaşı olduğunu, Zeynəbi isə ilk dəfə məhkəmə iclasında gördüyünü, Rafiqin indiyə qədər ona əl qaldırmadığını, onun kimisə döyə biləcək xarakterdə bir insan olmadığını, əsəbiləşəndə belə hirsi tez soyuyan insan olduğunu, onların arasındakı münasibətlərdən xəbərinin olmadığını, 1 ay öncə günorta yemək yedikləri vaxt Zeynəbin onlara zəng etdiyini və qayınanasına “oğlunuzu yığışdırın” dediyini, Rafiqin ona qarşı heç vaxt soyuq olmadığını, onu incitmədiyini, hər zaman onun yanında olduğunu, buna görə bu sözlərə inana bilmədiyini, sonra özünün Rafiqin bacısı adıyla Zeynəbə zəng etdiyini, o evdə özünə qarşı çox mehriban davranıldığını, orada gəlin yox, qız kimi sevildiyini, Zeynəbin dediklərinin yalan olduğunu, onun həftələrlə Naxçıvan şəhərində evlərində qalmasının absurd olduğunu, Rafiqin onu heç vaxt döymədiyini, onun zəng etməkdə məqsədinin məsələnin üstü açılmaqla Rafiqin onun olması olduğunu, Rafiqi əvvəllər sevdiyi insana oxşatdığını bildirdiyini, uşaqlarına nalayiq ifadələr işlətdiyinə görə onun da Zeynəbə qarşı telefonda nalayiq ifadələr işlətdiyini, 31 iyul 2024-cü il tarixdə Rafiqin qızını səhər saat 8-də hazırlığa qoyub 1 saat sonra saat 9-da evə gətirdiyini, sonra işə gedib evə qayıtdığını, həmin vaxt Qahab kəndində olduqlarını, həmin tarixdə Rafiqdə qeyri-adi nəsə hiss etmədiyini, əsəbi və ya üst başında kimisə döyməsinə işarə edən nəsə olmadığını, Zeynəbin zəng edib döyülməsiylə bağlı onlara heç nə demədiyini, halbuki həmin vaxt məsələnin polis şöbəsində olduğunu, Zeynəbin ona “sadəcə olaraq sizin ailənizi dağıdacağam” dediyini, həmin söhbət olan gecəni axşam Ordubada gəzməyə getdiklərini, evə gəldikdən sonra yoldaşıyla olan şəkilləri ona atdığını, həmin şəkillərdə isə öz üzünün qaraldılmış olduğunu, yoldaşına inandığını, onun kimisə döymədiyini bildirmişdir. Protokola əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 82 saylı canlı şəxsin ekspertizası rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bud nahiyəsinin qançırı, sol baldır nahiyəsinin qançırı və sıyrığı bərk küt əşyanın təsirindən törənmişlər, müddəti məhkəmə-tibbi müayinəsindən 14-16 gün əvvələ, eləcə də qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə əmələ gəlmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi qeyd edilmişdir. Protokola əlavə edilmiş 03.9.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-nə göndərildiyi müəyyən olunur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə olunmuş 17 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 17 sentyabr 2024-cü il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuş, həmin tarixdə 10:30-da azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İXM-in 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əməlin İXM-in 157-ci maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi və həmin əməlin Şəxs tərəfindən törədilməsi isə inzibati xəta haqqında protokol, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyə təqdim edilmiş fotoşəkillər və ekspert rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmələ aidiyyətinin olmaması ilə bağlı izahatını iş üzrə müəyyən olunmuş digər sübutlarla birlikdə tədqiq edərək həqiqətə uyğun olmayan hesab edir. Belə ki, şəxsin məhkəməyə təqdim etdiyi fotoşəkillərin çəkilmə tarixinə dair məlumatlardan xx.xx.2024cü il tarixdə çəkildiyi müəyyən olunur. Eyni zamanda barəsində icraat aparılan şəxs şəxs zərərçəkənin yıxılması nəticəsində həmin xəsarətləri aldığını qeyd etsə də yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli ekspert rəyində şəxsin bədəni üzərində aşkar edilmiş sol bud və baldır nahiyəsinin qançırı və sıyrığının bərk küt əşyanın təsirindən törənməklə müddətinin tibbi müayinədən 14-16 gün əvvələ, eləcə də qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə əmələ gəlməyə xarakterik olduğu qeyd olunmuşdur. İşin aradırılması zamanı şahid ifadəsi əsasında Şəxs həqiqətən də xx.xx.2024-cü il tarixdə səhər saat 08-00-dan əvvəl qızını hazırlığa qoymaq məqsədilə evdən çıxdığı müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə iclası gedişində zərərçəkmiş şəxsin mobil telefonuna baxış keçirilməsi nəticəsində onunla Şəxs arasında müəyyən müddətdir yaxın şəxsi münasibətlərin olduğu müəyyən olunmuşdur. Sözügedən sübutların əlaqəli təhlili Şəxs həmin əməli törətməyə aidiyyətinin olduğunu və həmin əməli törətməkdə təqsirli olduğunu deməyə əsas verir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə İXM-in 32.2-ci maddəsinə əsasən şəxsin himayəsində azyaşlı uşaqların olmasını və şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Belə ki, şəxsin barəsində AZEMİS-dən qohumluq məlumatları üzrə çıxarışdan onun himayəsində xx.xx.2009, xx.xx.2007 və xx.xx.2018-ci il təvəllüdlü azyaşlı uşaqların olması, həmçinin digər məhkəmə və icra işləri üzrə məlumatlardan əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmadığı müəyyən edilir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını, İXM-in 32.2ci maddəsi nəzərə alınmaqla şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamasını və himayəsində azyaşlı uşaqların olmasını yaşını və xətanın törədilməsinin xarakterini nəzərə alır və belə nəticəyə gəlir ki, o, İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 350 (üç yüz əlli) manat cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Həmçinin cərimənin məbləği şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında konkret olaraq göstərilmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə inzibati tənbeh növünün icrası Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar