Məhkəmə qərarları › İş №3(079)-9/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-9/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-9/2023 12.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında iş üzrə qərar Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə xx xxxxxx 1980-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, üç uşaq atası Babək rayonu, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan və yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsi Cəhri polis bölməsinin 12 yanvar 2023-cü il tarixli, 4/3 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 12 yanvar 2023-cü il tarixli, 010551 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 12 yanvar 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 11 yanvar 2023-cü il tarixdə təqribən saat 2030 radələrində Babək rayonu, Cəhri qəsəbəsində yerləşən “Fateh” yeməkxanasında ucadan nalayiq ifadələr işlətməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunmuş X4 və X1 izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, 11 yanvar 2023-cü ildə yaşadığı evdə spirtli içki, yəni araq içdikdən sonra çay içmək üçün qəsəbədə yerləşən “Fateh” adlı yeməkxanaya getdiyini, orada çay içə-içə musiqiyə qulaq asdığını, həmin vaxt yeməkxana işçisi qulaq asdığı mahnını dəyişdirdiyindən ona öz istədiyini mahnını yenidən qoymasını istədiyini, həmçinin musiqi aparatının səsini artırmasını tələb etdiyini, onun dediklərinə məhəl qoyulmadığından hirsləndiyini və yeməkxanada işləyən şəxslə mübahisə etdiyini və ucadan söyüş söydüyünü, həmin vaxt yeməkxanada 2-3 nəfər adam olduğunu, ayıldıqdan sonra əməlindən çox peşman olduğunu, gedib yeməkxana işlədən şəxslərdən üzr istədiyini qeyd edərək, evli olmasını, ilk dəfə belə bir hadisə törətməsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, işsizdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs etdiyi əmələ görə səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Bundan başqa məhkəmə onun ailə olmasını, himayəsində uşaq olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Naxçıvan Şəhər Təcili X10 Hüquqi şəxsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 58 nömrəli aktda X2 qanında alkoqolun konsentrasiyasının 1,95 promilli olması qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlini sərxoş halda olan törətməsi isə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 04 (dörd) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, ona 05 (beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli, 0487 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 12 yanvar 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar