Məhkəmə qərarları › İş №3(079)-91/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-91/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-91/2023 07.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, hüquqi şəxsin vəkili Vəkil, protokol tərtib edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X2 Baş İdarəsinin nümayəndəsi Nümayəndə2, tərcüməçi X3, şahidlər əcnəbi Şahid1 Hüseyn və X10 iştirakları ilə, Babək rayonu Qoşadizə kəndində qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X2 Baş İdarəsi tərəfindən tərtib olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər idarənin inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərardadına əsasən Babək Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X2 Baş İdarəsi tərəfindən Babək rayonu Qoşadizə kəndində qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 iyul 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, 1 (bir) nəfər Türkiyə Respublikası vətəndaşı Şahid2 iş icazəsi olmadan "xxxx" MMC-də usta köməkçisi vəzifəsində işlədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X2 Baş İdarəsi tərəfindən müşayiət məktubunda qeyd olunmuşdur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş olduğu yer üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə X2 Baş idarəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasının vətəndaşı X12 (əcnəbinin şəxsiyyət vəsiqəsi № A18P94364) barəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində olduğu yer üzrə qeydiyyata alındığı və “Avtomobillərin Təmiri'’ Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********, hüquqi ünvanı: AZ6700. Babək rayonu, Qoşadizə) mühərrik ustası vəzifəsində işlədiyi məlum olmuşdur. Bununla bağlı qeyd olunan əcnəbinin və sahibkarın izahatı alınan zaman "Avtomobillərin Təmiri” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb olunması qaydasının pozulması halı aşkar olunmuş və bu barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda X11 iş icazəsi alınmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədildiyi qeyd olunmuş və MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir. Qeyd olunanları nəzərə alaraq, “Avtomobillərin Təmiri" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 578.1 -ci maddəsinə uyğun olaraq hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunması məhkəmədən xahiş olunur İnzibati xəta haqqında protokola əlavə olunmuş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Türkiyə Respublikası vətəndaşı Şahid2 iş icazəsi tələb olunduğu halda bu icazə olmadan “Avtomobillərin Təmiri'’ Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. 25 iyun 2023-cü il tarixli qəbzdən həmin tarixdə, saat PM 06:15:49-da Şahid2 tərəfindən iş icazəsi tələb olunduğu halda bu icazə olmadan AZərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğuna görə tətbiq edilmiş 300 manat cəriməni ödədiyi məlum olur. Hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında Avtomobillərin Təmiri Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olduğunu, müəssisənin Babək rayon Qoşadizə məhəlləsində 1992-ci ildən fəaliyyət göstərdiyini, müəssisədə 60-a yaxın işçinin çalışdığını, əcnəbi Türkiyə Respublikası vətəndaşı Şahid1 7-8 ildir ki, MMC-də iş icazəsi alınmaqla mühərrik ustası işlədiyini, 11 oktyabr 2022-ci il tarixdə əmək müqaviləsinin təzələndiyini, onun oğlu Enes Kırıcının isə 17 yaşında olmaqla, orta məktəbi yeni bitirdiyini, onların ailəvi olaraq Naxçıvanda yaşadıqlarını, MMC-də işləmədiyini, həmin şəxs barəsində protokol tərtib edilərkən özünün də müəssisədə olduğunu, MMC-nin təsisçisi olmaqla həm də işəgötürəni olduğunu, Burak Enesi işə götürmədiyini, ona iş tapşırığı vermədiyini, hər hansısa iş qarşılığında ona pul ödəmədiyini, Burak Enesin həftənin 2-3 günü gəlib atasının yanında oturduğunu, atasını maşınla işə aparıb gətirdiyini, atasına çay, yemək gətirdiyini, lakin orada müştərilərə iş görmədiyini, atasının maşınını təmizləyə biləcəyini, bunun müqabilində isə ona müəssisənin adından pul verilmədiyini, ümumiyyətlə işçilərin uşaqlarının sexə gəlib-getməsinə tərəfdar olmasa da onlara gəlməyin deyə bilmədiyini, hüquqi şəxsin müharibə və pandemiya dövründə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu, bütün bunlar nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Hüquqi şəxsin vəkili Vəkil apardığımız araşdırma nəticəsində X7 Baş İdarəsinə verdiyi izahatda heç kimə atasının yanında işlədiyini, orada işəgötürəndən pul aldığını demədiyini, izahatın hədə-qorxu altında imza etdirildiyini, Burak Enesin ümumiyyətlə MMC-də işləmədiyini, ondan heç vaxt tapşırıq və ya pul almadığını bildirdiyini, X7 Xidmətinə atası ilə birlikdə getdiyini, atasının içəri buraxılmadığını, izahatın Miqrasiyanın işçiləri tərəfindən tərtib olunaraq imzalanmasının tələb edildiyini və məcbur qalıb imzaladığını atasına bildirdiyini, X9 Respublikası vətəndaşı olmaqla tərcüməçiyə ehtiyacının olduğunu, buna baxmayaraq ona güya Azərbaycan dilini bilməsi ilə bağlı qrafaya imza etdirdiklərini, protokolda şahidin izahatı özünün yazması barədə qeyd aparıldığını, halbuki protokol tərtib edən orqanın nümayəndəsinin bunun əksini bildirdiyini, protokol tərtib edən orqanın əcnəbi vətəndaşın güya iş başında olarkən şəklini çəkdiyini, əgər elə bir foto olsa belə həmin sübutun qanunsuz olaraq əldə edildiyini, qanunu pozmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsinin olmadığını, Burak Enesin atasının ona 10 manat xərclik verməsinin şəxsin müəssisədə işləməsi mənasına gəlmədiyini bildirmişdir. Protokol tərtib edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X2 Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 NMBİ-nin əməkdaşları tərəfindən 24 iyun 2023-cü il tarixdə əcnəbilərin ölkə ərzasinində olma və yaşama qaydalarına nəzarətin həyata keçirilməsi məqsədilə araşdırma aparıldığını, araşdırma nəticəsində Türkiyə Respublikası vətəndaşı Şahid2 ölkə ərazisinə gəldiyi gündən 15 gün müddətində olduğu yer üzrə qeydiyyata alındığı, lakin iş icazəsi tələb olunduğu halda bu icazə alınmadan Avtomobillərin Təmiri MMC-də əmək fəaliyyəti ilə məşğul olduğunun müəyyən olunduğunu, NMBİ-də müşahidə kameralarının mövcud olduğunu, şəxsə təzyiq göstərməklə onun ifadəsinin alınmasının qeyrimümkün olduğunu, Şahid2 izahatının öz ifadəsi əsasında alındığını və özünün imzaladığını, işçilər tərəfindən yazıldığını, izahatın şəxsin özü tərəfindən yazılmadığını, şəxsin özü tərəfindən deyilmiş sözlərin Naxçıvan Miqrasiya Baş İdarəsinin əməkdaşlarının yazdığını, Azərbaycan dilini başa düşdüyü üçün ona tərcüməçiyə ehtiyac olmadığını bildirdiyindən tərcüməçi çağırılmadığını, idarənin əməkdaşlarının Şahid2 MMc-də işləyən vəziyyətdə, iş paltarında üstü mühərrik yağına bulaşmış vəziyyətdə gördüklərini, orada işçilər üçün geyim forması olmadığını, heç onun atasının da iş geyimində olmadığını, Şahid2 barəsində iş icazəsi olmadan əmək fəaliyyəti ilə məşğul olduğundan 25 iyun 2023-cü il tarixdə İXM-nin 575.1.4-cü maddəsi ilə cərimə tənbeh tədbirinin tətbiq edildiyini, şəxsin törətdiyi əməl üçün qanunda ölkə hüdudlarından kənara çıxarılma və ya çıxarılmamaqla 300-300 manat cərimə tənbehinin tətbiq olunduğunu, onun cərimələndiyi halda hədənməklə izahatının alınmasının absurd olduğunu, inzibati tənbeh vermə haqında qərarın mübahisə olunmadan həmin gün də icra olunduğunu, qərarda şəxsin ölkə hüdudlarından kənara çıxarılmadan 300 manat cərimə olunması və 10 gün müddətində şikayət vermə müddətinin olması barədə yazıldığını və əcnəbi şəxsə təqdim olunduğunu, şəxsə NMBİ-də sual verilərkən ondan işi müqabilində aldığı məbləği soruşduqlarını, onun da 10 manat pul aldığını dediyini, indi isə absurt şəkildə atasının ona verdiyi xərcliyi nəzərdə tutduğunu dediyini, inzibati xəta hadisəsinin 24 iyun 2023-cü il tarixdə həyata aşkar edilməsinə baxmayaraq inzibati araşdırma aparıldığından, şahidlərin ifadələrinin alınması və müvafiq sübutların toplanması ilə əlaqədar olaraq protokolun iyul ayında tərtib edildiyini bildirmiş, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid1 Hüseyn ifadəsində uzun müddətdir ki, Naxçıvanda ailəsi ilə birlikdə müvəqqəti yaşama icazəsi alaraq yaşadığını, Süleyman müəllimin iş yerində motor ustası işlədiyini, oğlu X5 orta məktəbi bitirdiyini, ona öz işini öyrətməsi və işləməsi üçün iş icazəsi almaq məqsədilə Miqrasiya İdarəsinə müraciət etdiyini, lakin ixtisasını təsdiq edən sənəd olmadığından iş icazəsi verilmədiyini, bununla bağlı X4 müraciət etdiklərini orada da qrupda tələbə sayı düzəlmədiyi üçün dərsə gedə bilmədiyini, oğlunun bekar olduğu üçün evdə sıxıldığını və 2-3 gündən bir avtosexə yanına gəldiyini, yanında dayanıb işi öyrənməyə çalışdığını, orada işləmədiyini və əmək haqqı almadığını, ona özünün ata olaraq 10 manat xərclik verdiyini, orada kiməsə maşın təmir edib, iş görmədiyini, 24 iyun 2023-cü il tarixdə də öz maşınlarını təmizlərkən Miqrasiyanın əməkdaşlarının oğlunun icazəsiz şəklini çəkdiklərini, bunu təmiz paltarla edə bilməyəcəyindən ona məxsus köhnə paltar geyindiyini, oğlunun nə usta, nə də usta köməkçisi olmadığını, sadəcə olaraq işə baxıb öyrənməyə çalışdığını, oğlunu Miqrasiya İdarəsində tərcüməçi, müdafiəçi olmadan 3 nəfər əməkdaşın çarpaz sorğuya aldığını, oğlunu Miqrasiyada 4 saat gözlədiyini, çıxanda ona “səni yağlı paltarda və əlləri kirli vəziyyətdə gördük” dediklərini bildirdiyini, oğlunun əlində həmin vaxt maşın təmir etməyə yarayan heç bir alətin olmadığını, öz maşınını təzizlədiyini, oğlunun sorğudan sonra ona yazılan izahatı oxuya bilmədiyi və məzmununun ona aydın olmadığı halda məcbur qol çəkdirdiklərini bildirdiyini, 1 gün sonra yenidən çağırıldıqlarını cərimə edildiklərini, 2 saat vaxt verdiklərini, pulu aparıb ödəmədikləri təqdirdə oğlunu 5 illik deportasiya edəcəklərini bildirdiklərini, bu səbəbdən də həmin gün də də borc alıb cəriməni ödəyib qəbzi onlara verdiklərini, qərarın surətini oğluna versələr də oxuyub anlaya bilmədiklərini, özü və ya oğlunun daimi yaşama icazəsinin olmadığını bildirmişdir. Şahid Kırıcı Enes Ali ifadəsində Naxçıvanda orta məktəb təhsilini tamamladığını, buna baxmayaraq Azərbaycan dilində yaza bilmədiyini, həmçinin oxusa da anlaya bilmədiyini, Nümayəndə1 atasının müdiri olduğunu, onun və ya başqasının "xxxx" MMC-də ona iş vermədiyini, əmək müqaviləsi bağlamadığını, orada ona heç bir iş tapşırılmadığını və ya işi qarşılığında pul verilmədiyini, atasının orada mühərrik ustası işlədiyini, arabir həftədə bir dəfə işi atasından öyrənmək üçün onun yanına getdiyini, 24 iyunda saat 11-də sexə gəldiyini, Chevrolet markalı, **-BB-*** nömrəli atasının maşınını yuyarkən əməkdaşların gəlib onun şəklini çəkib məsuliyyətə cəlb etdiklərini, həmin vaxt maşın palçıq olduğundan atasının kirli paltarını geyindiyini, Miqrasiya xidmətində yazılan izahatı özünün yazmadığını, onların yazıb imza etdirdiklərini, həmin izahatı qəbul etmədiyini, orada ona oxunan ifadənin məhkəmə iclasında elan olunan ifadədən fərqləndiyini, Azərbaycan dilində yaza bilmədiyini, oxuduqlarını isə anlaya bilmədiyini, ona görə də ifadəni oxumadan elan olunan ifadəyə əsaslanaraq imzaladığını, ondan işləyib-işləmədiyini, neçə müddətdir işlədiyini, nə qədər əmək haqqı aldığını soruşduqlarını, onun da orada işləmədiyini, sadəcə atasından işi öyrənməyə çalışdığını dediyini, tərcüməçi və ya müdafiəçinin təqdim olunmadığını, hüquq və vəzifələrlə bağlı heç nə soruşulub elan olunmadığını, cərimə olunduqdan sonra qərarın surətinin ona verildiyini, lakin şikayət vermə qaydasının ona izah olunmadığını, 1 saat ərzində cəriməni ödəməlisən dediklərini, pulu birtəhər tapıb həmin gün ödəyib qəbzi verdiyini, ondan kimdənsə işinə görə pul alıb-almadığını soruşduqlarını, onlara onsuz da atasının ona xərclik verdiyini dediyini, 2 gün 4 nəfər əməkdaşın onu sorğu-suala çəkib ifadəni imzalamayacağı halda deportasiya edəcəklərini bildirdiklərini, qorxduğu üçün ifadəni mübahisə etmədən imzaladığını, əvvəllər müvəqqəti yaşamaq üçün Miqrasiyaya müraciət etdiyini, iş üçün oraya müraciət etmədiyini, avtomobil təmiri üzrə peşə ixtisasına yiyələnmək üçün texniki məktəbə müraciət etsə də şagird yığılmadığından alınmadığını bildirmişdir. Məhkəmə hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olubolmamasının yoxlanılması ilə əlaqədar aşağıdakı normaların qeyd edilməsini vacib hesab edir: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: - 3.0.13-cü maddəsinə görə iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. - 5.0 və 5.0.4-cü maddəsinə görə Azərbaycan Respublikasına viza əsasında və ya viza tələb olunmayan qaydada gələn, burada müvəqqəti olan, müvəqqəti olma müddəti uzadılan, müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya proseslərinin iştirakçılarındandır. - 45.1 və 45.1.8-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır). - 51.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. - 51.2-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. - 51.3-ci maddəsinə görə iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. - 51.4-ci maddəsinə görə iş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. - 51.5-ci maddəsinə görə iş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla) həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Naxçıvan Miqrasiya Baş İdarəsi tərəfindən məhkəməyə yeganə sübut kimi Şahid2 adlı Türkiyə Respublikasının vətəndaşının ilkin izahatı təqdim olunmuşdur. Həmin izahatda Şahid2 verilmiş suallara cavabında 3-4 aydır ki, atasının yanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində atasının iş icazəsi olduğundan köməkçi kimi işləyib gündəlik əldə olunan qazancdan atasının ona 10 manat pul verdiyini, gördüyü işi yerinə yetirmək üçün lazımi sənədlərə malik olmadığından iş icazəsi üçün müraciət etmədiyini, bunun qanunsuz olduğunu bilmədiyini bildirmişdir. İzahatın alındığı protokolda “Azərbaycan dilini bilirəm, tərcüməçinin xidmətinə ehtiyacım yoxdur, Azərbaycan dilində izahat vermək istəyirəm” qeydi yazılmış və Şahid2 tərəfindən imzalanmış, həmçinin izahatın altında “izahatı özüm yazdım, əlavə və düzəlişim yoxdur, doğru olmasını imzamla təsdiq edirəm” qeydi Şahid2 tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması zamanı Şahid2 və protokol tərtib edən orqanın nümayəndəsi izahatın şəxsin özü tərəfindən yazılmadığını, həmin izahatı Naxçıvan Miqrasiya Baş İdarəsinin əməkdaşlarının yazdığını bildirmişlər. Eyni zamanda protokol tərtib edən orqanın nümayəndəsi şəxsin Azərbaycan dilində yaza bilmədiyini nəzərə alaraq onun sözləri ilə ifadəni yazdıqlarını, buna baxmayaraq izahatın altında şablon olaraq izahatı özüm yazdım qeydinin qaldığını və şəxsin onu imzaladığını bildirmişdir. Bundan əlavə Şahid2 Azərbaycan dilində yazıb-oxuya bildiyini dediyindən tərcüməçi dəvət etmədiklərini bildirmişdir. Şahid2 isə Azərbaycan dilində yaza bilmədiyini, oxuduqlarını isə anlaya bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Türkiyə Respublikası vətəndaşı olan şəxsin Azərbaycan dilini bilməsi ilə bağlı qeydə imza etdirməklə tərcüməçinin iştirakı olmadan dinlənilməsi nəticəsində əldə edilmiş izahat qanunla nəzərdə tutulmuş qaydada əldə edilmiş sübut sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şahid2 məhkəmə iclasında dinlənilməsi zamanı sözügedən ifadəni təkzib etməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyib əmək haqqı almadığını bildirmişdir. Beləliklə inzibati xəta haqqında protokol Şahid2 izahatı əsasında tərtib edilmiş, lakin məhkəmə baxışı zamanı qeyd olunan izahat digər sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-ci maddəsinə görə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Protokolun tərtib edildiyi İnzibati Xətalar Məcəlləsinin 578-ci maddəsi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta olmaqla inzibati araşdırma aparılması Məcəllənin 102.5-ci maddəsində nəzərdə tutulmadığından orada göstərilən müddətdə tərtib edilə bilməz. İnzibati xətanın törədilməsi faktı 24 iyun 2023-cü il tarixdə aşkar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 10 iyul 2023-cü il tarixdə tərtib edilmişdir. Qeyd edilən qanun pozuntuları ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X2 Baş İdarəsinin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməsinə nəzarət artırılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar